Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Şəhərsalma və Tikinti Məcəlləsi”nin izahına dair növbəti seminarını Mingəçevirdə və Yevlaxda dövlət qulluqçuları üçün təşkil edib. Azərbaycan Respublikası Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, şəhərsalma sahəsində nizam-intizam yaratmaq, nəyin harda tikilə biləcəyinə və digər məsələlərə aydınlıq gətirmək məqsədilə 6 il əvvəl qəbul olunan məcəllə hələ ki, kağız üzərindədir, işlək qanuna çevrilməyib: “Təəssüf ki, ölkəmizdə əksər şəhərlərin baş planı yoxdur. Bununla bağlı Arxitektura və Şəhərsalma Komitəsi tenderlər keçirir. Baş plan 15 ilə hesablanır. Planlaşdırma isə çox bahalıdır. Planlaşma sənədinin hazırlanması üçün pulu sifarişçi ödəyir. Bu dövlətin vəzifəsidir. Lakin əksər rayonlar plansız böyüyür, çünki nə baş planı, nə də onun əsasında hazırlanmalı olan digər planları yoxdur. Plan isə istinad nöqtəsidir”.
S.Kərimovun sözlərinə görə, səhərsalma planı bir nəfərin istəyinə uyğun həyata keçirilə bilməz: “Planın əhatə müddətində yeni ərazilərdə tikinti aparılacaqsa, bu artıq müfəssəl plana uyğun olaraq həyata keçirilir. Müfəssəl planlar da baş plana uyğun olaraq hazırlanmalıdır. Bu planda isə tikinti məqsədləri üçün ərazidən istifadə növü və miqyası, torpağın eni-uzunu, torpaq sahələrindən istifadə ilə bağlı zəruri digər obyektlər üçün ərazilər, eləcə də dayanacaq və qaraj yerləri nəzərdə tutula bilər. Ümumi planda məskunlaşma, regional və ərazi vahidləri, şəhərlər, nəqliyyat yolları, infrastruktur, mühəndis-kommunikasiya və s. məsələlər nəzərə alınır. Həmçinin tikintinin icazə verildiyi və qadağan olunduğu ərazilər göstərilir. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda başqa məqsədlə tikinti aparmaq olmaz. Çünki meşə fondumuz məhduddur. İctimai ehtiyac varsa, təyinat dəyişdirilə bilər. Bu da Nazirlər Kabinetinin qərariyla olmalıdır. Bəzən vətəndaş torpağı alıbsa, düşünür ki, orada istədiyi şeyi tikə bilər. Ona təyinat izah olunmalıdır. Eyni zamanda vətəndaşın planlaşdırmaya əlçatanlılığı asanlaşdırılmalıdır”.
Almaniyanın səhərsalma təçrübəsindən danışan ekspert orda tikintiyə icazəni və nəzarəti kiçik bir qrupun həyata keçirdiyini diqqətə çatdırıb: “Onlar təqdim olunan layihələri dəyərləndirirlər. Layihəçi yanlış layihə təqdim edəndə, onun lisenziyası alınır. Bütün layihələr planlaşdırmadan keçməli və əsaslandırılmalıdır. Almaniyada vətəndaş öz mülkiyyətində tikinti aparanda heç kimdən izacə almır. Orada dövlət yalnız tikintinin normalara uyğunluğunu yoxlamaq üçün nəzarət edir”.
Sayyad Kərimov deyib ki, şəhərsalma planı bir nəfərin istəyinə uyğun həyata keçirilə bilməz: “Məmur vətəndaşa münasibətlə dövləti təmsil edir. Əgər bir ərazi təyinatını dəyişərsə, o ərazidə olan tikililər dəyərləndirilir, kompensasiya ödənir və dəyişmə həyata keçirilir. Məsələn, yol tikintisinin genişləndirilməsi zamanı qanuni və qanunsuz inşa edilən obyektlər sökülür. Bu da insanların narazılığına səbəb olur. Yaxşı idarəçilik olsaydı, bu baş verməzdi”.
Ekspert Səhərsalma və Tikinti fəaliyyətinin əsas prinsipləri, normativ sənədlər sistemi, bu sahədə dövlətin səlahiyyətləri, tikintiyə dair ümumi tələblər, tikinti obyektləri arasında məsafələr, qonşuluq hüququ və digər məsələlərlə bağlı ətraflı məlumat verib.
Mingəçevirdə 417 ha ərazinin müfəssəl planının hazırlanmasından danışan baş memar Etibar Abdullayev memarlıq şöbələrinin Arxitektura Komitəsinin tabeliyinə veriməsini məqsədəuyğun sayıb: “Belə olsa, İcra Hakimiyyəti bizim fəaliyyətimizə müdaxilə edə bilməz”.
Tədbir iştirakçıları Sahil parkında Kür çayının içi boyunca böyük ərazinin sahibkarlar tərəfindən obyekt adıyla “özəlləşdirilməsinə” və nəticədə şəhər əhalisinin istirahət yerinin məhdudlaşdırılmasına da narazılıqlarını ifadə ediblər. Onlara izah olunub ki, əgər hər hansı bir obyekt dövlət əhəmiyyətli deyilsə və şəhərsalma qaydalarına zidd inşa olunursa, tikintisi qanunsuz hesab olunmalı və dayandırılmalıdır.
Şərhlər bağlıdır.