“Şəhərdən kəndlərə uzanan əllər”
Təşkilatın rəhbəri Fərman Nəbiyevdən aldığımız məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşən layihə rayon və kəndlərdə yaşayan gənclərə, aztəminatlı insanlara ünvanlanıb: “Biz 2 rayonda insan alverinə qarşı mübarizə mövzusunda təlim təşkil edəcək, hər qrupdan 2 nəfəri Təlimçilər üçün Təlim (TOT) kursuna seçəcəyik. Bu şəxslər 3 günlük təlimlərdən sonra öz rayonlrında təlimçi kimi çalışacaqlar. Məqsəd təlimçilər üçün təlim vasitəsilə insan alverinə qarşı mübarizəni genişləndirməkdir”.
Yeri gəlmişkən, son illər təhlükəsizlik tədbirlərinin artırılmasına baxmayaraq, insan alveri ilə məşğul olanların və qurbanların sayı artmaqdadır. Korrupsiya, sosial-iqtisadi vəziyyətin aşağı olması, yoxsulluqdan törənən ailə münaqişələri, iş yerlərinin kasadlığı və rəsmi adamların bacarıqsızlığından istifadə edən cinayətkar qruplar daha müasir taktikalara əl atmaqla, dünyanın insan satışı şəbəkələrini genişləndirirlər. BMT-nin məlumatına görə, indi dünyada təxminən 21 milyon insan kölə vəziyyətindədir. Onların yarıdan çoxu qadınlar və uşaqlardır. Xüsusən gənclər və tələbələr xaricdə təhsil almaq, yaxşı iş tapmaq, əcnəbi vətəndaşla ailə qurmaq istəyərkən xoşbəxt həyata vəsiqə qazanacaqlarını düşünürlər, amma bir çox hallarda insan alverçilərinin toruna düşürlər. Bu mənada KİV-də, xüsusən internetdə, sosial şəbəkələrdə yayılan elanların təsiri ciddidir. Təsadüfi tanışlıqlar, saxta profillərlə dəvətlər çoxalmaqdadır və bunların əksəriyyətinin arxasında insan alverçiləri və onların iyrənc əməlləri durur
F.Nəbiyevin sözlərinə görə, Azərbaycanın regionlarında ictimiyyətin insan alveri, insan alverçiləri barədə məlumatları bəsitdir: “Ötən ilin aprel-iyul aylarında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Mingəçevir, Ağdaş və Yevlaxda, sentyabr-oktyabr aylarında Amerika Hüquqşünaslar Assosiasiyasınin (ABACEELİ) layihəsi çərçivəsində Mingəçevir və Şəkidə, noyabr-dekabr aylarında isə İREX-Azərbaycan təşkilatının maliyyəsi ilə Şəmkir, Ucar, Bərdə və Zaqatalada təlimlərimiz və müxtəlif təbəqələrdən olan insanlarla görüşlərimiz zamanı bunun şahidi olduq.”.
Layihə dövründə MVA tərəfindən 2 rayonda, 6 kənddə 200 nəfərə yaxın insana təlim keçilməsi planlaşdırılır. Nəzərə alsaq ki, bölgələrdə kiçik bir tədbirlə bağlı informasiya çox sürətlə yayılır, bu o deməkdir ki, həmin rayon və kəndlərin əksər sakinləri insan alverinin fəsadlarından xəbər tutacaqlar.
Şərhlər bağlıdır.