30 yanvar, 2019-cu ildə ölkəmizdə akkreditə olunmuş 50-dən çox səfirlik və beynəlxalq təşkilatların nümayəndələri Sumqayıt Texnologiyalar Parkı ilə tanış olublar. Ziyarət Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyasının, səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinin 70 illiyi çərçivəsində görülən işlərlə tanışlıq çərçivəsində baş tutub.
Qonaqlar öncə STP-nin ən iri zavodlarından biri olan Kabel Zavodunda gedib. Sonra yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş Dəqiq Mexaniki Emal Zavodu ilə tanış olublar. Onlar zavodun şəraiti, müasir avadanlıqları, istehsal etdiyi məhsulları və istehsal prosesini yaxından izləyiblər.
Məlumat üçün bildirək ki, Dəqiq Mexaniki Emal zavodu 2012-ci ildən Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən, bütünlüklə CNC texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizm elementlərinin hazırlanmasını təmin edən istehsalat sahəsidir. Müəssisə “Mazak”, “Gleason”, “Mitsubishi” kimi dünya nəhənglərinin ən son texnologiyalarına sahibdir.
Həmçinin STP-nin Kabel zavodu dünyanın ən böyük kabel məhsulları istehsal edən müəssisələrindən biridir. Bu zavodda regionda yeganə 500 kV-a qədər gərginliyə sahib Yüksək gərginlikli kabel məhsulları istehsal edilir və Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinə ixrac prosesi həyata keçirilir. Müəssisədə həmçinin alçaq və orta gərginlikli, fiberoptik, lan və kuaksial kabelləri də istehsal olunur.
Müəssisə ilə tanış olduqdan sonra konfrans zalında gələn qonaqlarla STP-nin rəhbərliyi ilə görüşüblər. Texnoparkın Baş direktoru Emin Məmmədov diplomatları salamlayaraq zavodlar kompleksi, STP-də görülmüş işlər, gələcək planlarımız, eləcə də əldə olunan nailiyyətlər haqda ətraflı məlumat verib. Həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan STP-nin regionda ən çox çeşid, ən böyük istehsal həcmi və ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəz olduğu faktını qonaqların diqqətinə çatdırıb. E. Məmmədov həmçinin Texnoparkın Sumqayıt şəhəri və Azərbaycan üçün önəmini vurğulayıb.
Daha sonra STP-nin Satış departamentinin direktoru Çinarə Əliyeva müəssisənin sahib olduğu 11 zavod, 30-dan çox istehsal sahəsi haqda daha geniş təqdimatla çıxış edib. Ç. Əliyeva çıxışında ixrac layihələrini xüsusi ilə vurğulayıb. STP-də istehsal olunan məhsulların Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə, Danimarka, Almaniya, İngiltərə bazarlarında yüksək keyfiyyəti ilə seçilməsi və böyük uğurla “Made in Azerbaijan” brendi altında təşviq edilməsindən danışıb.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Bu sahələr neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün geniş çeşiddə məhsullarla təmin edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.
Şərhlər bağlıdır.