Şəkillərdə yaşayan “Mingəçevirin vətəndaşları”
Rəssam-heykəltaraş Böyükkişi Adilbəylinin dediyinə görə, Mingəçevir Şəkil Qalareyasında təmir işləri görülməli, müasir havalandırma və işıqlandırma sistemi qurulmalıdır
Mingəçevir Şəkil Qalereyasında rəssam Abdulla Məmmədovun “Mingəçevirin vətəndaşları” adlı yaradıcılıq sərgisində 30-dək portret nümayiş olunub. Aprelin 19-da baş tutan tədbirdə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri rəssamın əl işlərindən ürəkdolusu danışıblar.
Qrafik portret janrında işlənən əsərlərdən boylanan bu insanlar Mingəçevirin salnaməsini yaradanlardır. Şəhərin inkişafında imzası olan İslam İslamzadə, Züleyxa Həsənova, Qəşəm İsmayılov və Hədis Məmmədov, uzun illər elm və təhsil ocağının başında duranlar – Akif Hacıyev və Məhbubə Bağırova, Mingəçevir gənclərinin sağlam böyüməsində əvəzsiz xidməti olan Baba Mustafayev, şəhərə rəhbərlik etmiş Məhəbbət Qarabağlı, sakinlərin təhlükəsizliyinin keşiyində dayanan Mais Hacıyev, ictimai-iaşə sektorunda fəaliyyəti olan Müseyib Kərimov və digər ictimaiyyət və incəsənət nümayəndələri bu sərgidə “görüşüblər”.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov rəssamın əməyini yüksək dəyərləndirib. O, Mingəçevirin sənaye və turizm sektoru ilə yanaşı mədəni mühitinin də inkişaf etməsi üçün müəyyən addımlar atıldığını deyib: “Şəhərimizdə Mədəniyyət Mərkəzinin tikilməsi ideyası çoxdan var idi. Bunun üçün ərazi də müəyyənləşdirmişik. Hətta layihəsi hazırdır. Möhtəşəm konsert zalı, standartlara cavab verən sərgi salonu və inzibati otaqları olacaq. Mədəniyyət Naziriliyinə müraciət etdim, cənab nazir Anar Kərimov ideyamızı dəstəklədi. O, həmçinin Şəkil Qalereyasının əsaslı təmirə ethiyac olduğunu və onu müasir sərgi avadanlıqları ilə təchiz etməklə bağlı təkliflərimizi qəbul etdi”.
Qalereyanın direktoru, rəssam-heykəltaraş Böyükkişi Adilbəyli deyib ki, qalereyanın fondunda Azərbaycan rəssamlarının 231 eksponatı toplanıb: “Şəhərimizə gələn qonaqlar üçün Şəkil Qalereyası maraqlıdır. Onlar burda müasir rəssamlığın düşüncələrini öyrənmək və yerli rəssamların işləri ilə tanış olmaq istəyirlər. Xoşagəlməz şəraitə görə isə təəssüf ki, onları bura gətirmək olmur. Qalereyamızda təmir işləri görülməli, ən azından müasir havalandırma və işıqlandırma sistemi qurulmalıdır”.
Şərhlər bağlıdır.