Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Səyyari görüşdə hansı problemlər qabardıldı?

Mingəçevir şəhər İcra Hakimiyyətinin başcısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verdi

Sentyabrın 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mikayıl Müşfiq küçəsinin sakinləri ilə görüşüb. Görüşdə İH aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlham İsmayılov deyib ki, ölkə Prezidentinin tapşırığı ilə keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənməklə, onların həllinə çalışmaqdır. Başçı Qarabağda və Azərbaycanın hər regionunda aparılan abadlıq işləri, Mingəçevirdə reallaşan infrastruktur layihələri, su-kanalizasiya xətlərinin yenilənməsi haqda danışıb: “Şəhərimizdə elektrik enerjisi və qazı verilişində heç bir problem yoxdur. Pis vəziyyətə düşən ərazilərdə, eləcə də Günəşli massivində yollar asfaltlanır. Məhəllələr abadlaşdırılır, işıqlandırma sistemləri qurulur  və binalarda təmir işləri aparılır. Olan problemlər də mərhələlərlə aradan qaldırılacaq. Mingəçevir bizimdir və bu şəhəri səliqəli saxlamalıyıq”.

Koroğlu, M.Müşfiq, Təbriz küçələrinin sakinləri Göyçək Bayramova, Ballı Məmmədova, Durna Rüstəmova, Dürdanə Əliyeva, Aslan Əliyev, Natiq Məmmədov binaların hava təmizləyici borularının uzun müddət baxımsız qalması, şəhid bulağının təmiri, giriş dəhlizlərinin şüşələnməsi və təmir olunması, xeyir-şər mağarlarının dam örtüyünün dəyişdirilməsi, qazanxananın qurulması, sahibsiz itlərin çoxluğu, tullantılar üçün qutuların azlığı kimi problemləri qabardıblar. İH-nın başcısı İ.İsmayılov  məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verib.

Şərhlər bağlıdır.