Sloveniyalı alimlər Mingəçevir Dövlət Universitetində
Erasmus+ proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi xəttilə Sloveniyanın Nova Gorica Universitetinin elmi işlər üzrə prorektoru, professor Mladen Franko və Humanitar sahə üzrə professor Katya Mihurko Poniz Mingəçevir Dövlət Universitetinin rəsmi qonağı olublar. İlk olaraq qonaqlar universitetin rektoru Akif Hacıyevlə görüşüblər. Qonaqları rəhbərlik etdiyi MDU-da görməkdən məmnunluq duyduğunu bildirən rektor Akif Hacıyev onlara universitetin tarixi, müasir vəziyyəti, tədris prosesi, həyata keçirdiyi islahatlar və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar haqqında məlumat verib. Rektor layihənin həm Avropa, həm də Azərbaycan ali məktəblər üçün nə qədər önəmli oduğunu vurğulayıb.
Görüş zamanı Mingəçevir Dövlət Universiteti və Sloveniyanın Nova Gorica Universiteti arasındakı əlaqələrdən və gələcək əməkdaşlıqdan söhbət açılıb.
Tədbirdə MDU ilə Nova Gorica Universiteti arasında müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi, müştərək beynəlxalq elmi konfransların, simpozium, sərgi və seminarların keçirilməsi və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Nova Gorica Universitetinin elmi işlər üzrə prorektoru, professor Mladen Franko səmimi və qonaqpərvər münasibətə görə MDU-nun rəhbərliyinə təşəkkür edib.
Sonra professor Katya Mihurko Poniz Mingəçevir Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı və Xarici dil ixtisasları üzrə professor-müəllim və tələbə heyətinə “Orta əsr Avropa qadın yazıçıları” mövzusunda mühazırəsini təqdim edib. Maraqla dinlənilən mühazirə sonradan müzakirə obyektinə çevrilib və Katya Mihurko Poniz müəllim və tələbələrin suallarına ətraflı cavablandırıb.
Nova Gorica Universitetinin elmi işlər üzrə prorektoru, professor Mladen Franko isə Mingəçevir Dövlət Universitetinin ekologiya mühəndisliyi, elektroenergetika mühəndisliyi və istilik energetikası mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr və təhsil verən müəllimlər qarşısında yüngül sənaye sahəsində “Tekstil boyalarının fotokatalitik deqredasiyası mexanizmləri” mövzusunda məruzə edib. Bu sahədə həyata keçirilən emal prosesi və sonradan onun ekoloji fəsadları barədə ətraflı məlumat verib, dinləyiciləri maraqlandıran məsələlərə aydınlıq gətirib.
Qonaqlar layihənin universitet üzrə koordinatoru, beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədovanın müşaiyəti ilə müxtəlif qruplarda tədris prosesini izləyiblər.
MDU-nun Mətbuat xidmətinin rəhbəri
Şərhlər bağlıdır.