Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rövşən Rzayev: “Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzil məhkəmə yolu ilə boşaldılacaq”

Mingəçevirdə mənzil şəraitini yaxşılaşdırmaq istəyən məcburi köçkünllərə  komitə sədri Kürdəmir, Füzuli və digər yerlərdə boş olan mənzil və evləri təklif edib

Mayın 19-da Mingəçevirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib. Onların  əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış məsələləri üstünlük təşkil edib.
R.Rzayev bildirib ki, Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzilin  hazırda məhkəmə yolu ilə boşaldılmasına qərar verilib: “Həmin mənzillər qazi və şəhid ailələrinə veriləcək”.
Mingəçevirdə mənzil şəraitini yaxşılaşdırmaq istəyən məcburi köçkünllərə  komitə sədri Kürdəmir, Füzuli və digər yerlərdə boş olan mənzil və evləri təklif edib, yerli qaz istismarı idarəsində çalışan şəxsə həmin rayona köçəcəyi təqdirdə rayondakı qaz idarəsində uyğun işin veriləcəyinə kömək göstərəcəyini deyib.
Qıbulda iştirak edən Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev QHT-nin köçkünlərin qayıdışı ilə bağlı layihə həyata keçirdiyini, sorğu və görüşlər zamanı ciddi narahatlıq doğuran problemləri üzə çıxardığını diqqətə çatdırıb. O, eyni zamanda qeyd edib ki, köçkün əhali qayıdışa qədərki dövrdə   istək və ehtiyaclarına uyğun peşələri öyrənmək,  işğaldan azad olunmuş rayonlarda işlərə cəlb olunmaq, hazırda dünyasını dəyişən əzizlərini Qarabağda dəfn etmək niyyətindədir.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şərhlər bağlıdır.