“Riyaziyyat—elə bir dildir ki, bu dildə təkcə elm və texnologiya danışmır, riyaziyyat insanın sivilizasiya dilidir” adlı forum keçirilib
Riyaziyyatın sivilizasiyaya açılan pəncərəsi
Azərbaycanın ümumi təhsil sahəsində aparıcı istiqamətlərdən olan riyaziyyat fənninin əhəmiyyətini vurğulamaq üçün Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə “Riyaziyyat—elə bir dildir ki, bu dildə təkcə elm və texnologiya danışmır, riyaziyyat insanın sivilizasiya dilidir” adlı forum keçirilib.
29 dekabr 2024-cü il tarixində baş tutan tədbir, əvvəlcədən elan olunmuş proqram əsasında yüksək iştirak və maraqlı müzakirələrlə yadda qaldı.
Forumda təyyarə qəzasında həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı forumun məqsədi və əsas vəzifələri barədə məlumat verərək, iştirakçıları aktiv fikir mübadiləsinə dəvət etdi.
Açılış nitqində Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün riyaziyyatın tədrisində innovativ yanaşmaların vacibliyindən söz açdı. Eyni zamanda, fənn aylığı çərçivəsində görülən işlər və qarşıda duran hədəflər diqqətə çatdırıldı.
Məruzələrdə müxtəlif məktəblərin riyaziyyat müəllimləri çıxış edərək riyaziyyatın tarixi, praktiki və tətbiqi aspektlərini xüsusi vurğu ilə təqdim etdilər. “Ədədlərin yaranma tarixi” mövzusu ilə çıxış edən Mustafayeva Səbinə (Nərimanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi) rəqəmlərin keçdiyi mərhələlərdən danışdı. Məhərrəmova Xanım (M.Hüseynzada adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi) “Zəncirvari kəsrlər və təqvim” məruzəsində qədim dövrlərdən bəri istifadə olunan hesablamaların gündəlik həyatla əlaqəsindən nümunələr göstərdi. 19 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Əmrahova Fatimə “Sadə, lakin təsirli: göyərçin yuvası prinsipi” başlıqlı çıxışı isə bu prinsipin elmi və gündəlik məsələlərin həllində necə böyük əhəmiyyət kəsb etməsini vurğuladı.
Forumun ən fəal hissəsi olan panel müzakirələrdə IV, V, VI siniflər üzrə riyaziyyat fənnindən keçirilmiş monitorinqlər, IX sinif buraxılış imtahanlarının nəticələri və ümumi inkişaf meyilləri geniş təhlil olundu. Müəllimlər, təhsil mütəxəssisləri və metodistlər ölkə üzrə riyaziyyatın tədrisində rast gəlinən problemləri, yenilikçi metodikaların tətbiqini və müəllimlərin peşəkar hazırlığını müzakirə etdilər. Eyni zamanda innovativ resurslardan istifadə, rəqəmsal təhsil mühitinin formalaşdırılması və praktiki təcrübə mübadiləsi ilə bağlı təşəbbüslər diqqət mərkəzinə çəkildi.
Tədbirin sonunda iştirakçılar riyaziyyatın təkcə elmi deyil, həm də mədəni, texnoloji və ictimai sferalarda həlledici rola malik olduğunu bir daha vurğuladılar. Forumda səslənən təkliflərin həyata keçirilməsi, riyaziyyat fənninin daha dərindən mənimsənilməsi və məktəblərdə keyfiyyətli təhsilin təmin edilməsi istiqamətində mühüm addımların atılacağı gözlənilir. Bu uğurlu görüş, fənn aylığı çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə reallaşdırılan uğurlu layihələrin davamı olaraq, gələcəkdə daha geniş miqyaslı əməkdaşlıq və yeniliklərin işıq üzü görməsinə zəmin yaradacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.