Regional İnsan Hüquqları və Media Mərkəzi “Açıq hökumət”in təşviqi ilə bağlı yeni layihəsinə başlayır
Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi üç ay müddətində icra ediləcək.
Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə ölkəmiz üçün önəmli bir məsələ ilə bağlıdır: “Layihənin məqsədi respublikamızda məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün tətbiqinə dəstək verilməsi, elektron xidmətlərdən istifadə etməkdə çətinliklə üzləşən region sakinlərinə xidmətdən yararlanmaq imkanlarının yaradılmasıdır. Azərbaycan da təşəbbüsə qoşulan ilk ölkələrdən biridir. Hazırda 75-dən artıq ölkə təşəbbüsü dəstəkləyir. Azərbaycan 2011-ci ildən Açıq Hökumət Təşəbbüsünün dəstəklədiyini bəyan edib. 2016-cı ilin mayın 4-də Azərbycanın statusu müvəqqəti dondurulsa da, ölkəmiz prosesi davam etdirəcəyini bəyan edib. Azərbaycanla bağlı məsələ bu il iyunun 28-də Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün Rəhbər Komitəsi tərəfindən müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın son 1 il ərzində öhdəliklərə necə əməl etməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda müsbət dəyişikliklər istiqamətində atılmış addımlar alqışlanıb. Bununla belə problemlər tam həll edilmədiyindən Azərbaycanın statusunun “qeyri-aktiv” elan edilməsi ilə bağlı qərarın müddəti daha 1 il müddətinə artırılıb”.
X.Kazımov deyir ki, ötən müddətdə Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün tətbiqi istiqamətində ciddi addımlar atılıb: “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib. Şəffaflığın təmin olunması, məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına yardım edən elektron xidmətlərin sayı artırılıb. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 59 tədbiri əhatə edir. Artıq fəaliyyət planında nəzərdə tutulan tədbirlərin xeyli hissəsi icra edilib. Eyni zamanda yaxın zamanlarda fəaliyyət planının monitorinqi həyata keçiriləcək”.
X.Kazımovun sözlərinə görə, Regional İnsan Hüquqları və Media Mərkəzi də “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin genişləndirilməsi istiqamətdə aparılan işlərə ictimai dəstək verəcək: “İcra edəcəyimiz layihə çərçivəsində “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin genişləndirilməsi üçün region sakinlərinin bu sahədə məlumatlandırılması, xidmətlərə çıxış imkanı olmayanlara texniki dəstək göstərilməsini nəzərdə tutur. Eyni zamanda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünü dəstəkləyən ölkələr üçün önəmli olan meyarların müzakirə olunduğu hər biri 30 dəqiqəlik 4 televiziya verilişi hazırlanaraq yayımlanacaq. Həmçinin, Tərtər və Ağcabədi rayonlarının hər birində 25 nəfərin iştirakı ilə məlumatlandırma sessiyası keçiriləcək. İştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, Təşəbbüsün Azərbaycanda tətbiqinin cəmiyyət üçün əhəmiyyəti, AHT təşəbbüsünün alətlərindən olan elektron xidmətlərlə bağlı məlumat veriləcək. Tədbir iştirakçılarına dövlət və ictimai xidmət göstərən qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı həm də təcrübi bilgi veriləcək”.
Şərhlər bağlıdır.