“Region Gəncləri Ekoturizmin İnkişafı Ugrunda”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region Gəncləri Ekoturizmin İnkişafı Ugrunda” adlı layihəyə start verilib. Mingəçevir şəhərində fəaliyyət göstərən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihə Mingəçevir və ona yaxın əraziləri əhatə edir. Əsasən Mingəçevir Turizm Kollecinin turizm ixtisasında təhsil alan tələbələrini və bu sahəyə maraqlı olan gəncləri əhatə edən təlimlərin əsas məqsədi regionun ekoturizm imkanlarını araşdırmaq, öyrənmək və təbliğ etməklə yanaşı, bu sahədə kadrların da yetişdirilməsinə dəstək olmaqdır. 2001-ci ildən Dünya Turizm Təşkilatının üzvü olan Azərbaycanın bu təşkilat qarşısında götürdüyü öhdəliklərdən biri də ekoturizmin inkişafı və təbiətin qorunmasıdır. Layihə də bunu hədəf seçərək region gənclərinin turizmin bu növünün inkişafına töhvə vermələri üçün imkanlar yaradır.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin açılış günü Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi K. Nəcəfli və Fondun nümayəndəsi O. Sədizadə bu tip layihələrin əhəmiyyətindən və gənclərə yaradılan imkanlardan bəhs edib və gənclərə uğurlar arzulayıblar. Mingəçevir Turizm İnformasiya Mərkəzinin və şəhər Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində eyni zamanda Mingəçevir su anbarına, Bozdağ və Kür çayı sahilinə eko və infoturlar təşkil olunacaq. Burada gənclərin ekoturizm sahəsində maarifləndirilməsi üçün praktiki təlimlər keçiriləcək.
Üç ay davam edəcək layihənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq.
Şərhlər bağlıdır.