Region gəncləri Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər
Tarixçilərin və faciə şahidlərinin iştirak etdiyi görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb
Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 32-ci ildönümündə yad etmək məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi müxtəlif mövzulu anım tədbirləri həyata keçiriblər. Tədbirlər region gənclərinin Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq, onların əziz xatirəsini yad ediblər.
Daha sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilərin və faciə şahidlərinin iştirak etdiyi görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb, ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verilib, Xocalı soyqırımının miqyasına və amansızlığına görə müasir tarixin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib. Eyni zamanda Xocalı soyqırımına həsr edilmiş “Fəryad”, “Ümid işığı”, “Bir millətin kədəri”, “Dolu”, “Xoca”, “Zamanın faciəsi”, “Qırmızı qar”, “Danışan fotolar”, “Böyüməyən uşaqlar” filmləri də nümayiş olunub.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınır və faciəyə beynəlxalq siyasi qiymət verilir.
Şərhlər bağlıdır.