Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rafael Hüseynov: İkinci nəfəsi Azərbaycana İlham Əliyev gətirir – MÜSAHİBƏ

Oxu.Az-ın müxbirinin suallarını akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov cavablandırır:

– 2018-ci ilin 11 aprel prezident seçkilərindən, dövlət başçısı İlham Əliyevin növbəti prezidentlik dövründən təxminən bir il ötür. Ötən bir ili, xüsusilə ölkə prezidentinin mədəniyyət siyasətini necə dəyərləndirərdiniz?

– Əvvəla, qeyd edim ki, Azərbaycan son dərəcə əlamətdar bir tarixi dövr içərisində yaşayır. Yəni Azərbaycanın prezident İlham Əliyevlə bağlı olan inkişaf dövrünün 15 illik ilk mərhələsi başa çatıb, artıq 2018-ci ildən, xüsusilə 11 aprel seçkilərindən və 2019-cu ilin ilk günlərindən ölkəmiz inkişafın növbəti mərhələsini yaşayır.

Mən 15 illik bu dövrə ilk mərhələ adını da təsadüfən vermirəm. Əslində, bu ifadəni işlətməyimin ideyası bizim cənab prezidentin özündən gəlir. Çünki o bəyan edib ki, Azərbaycan inkişafın tam yeni bir mərhələsinə qədəm qoyub, islahatların büsbütün yeni və daha yüksək bir səviyyəsində irəliləməyə başlayırıq.

Ona görə keçdiyimiz yol haqqında danışarkən həm o 15 ilə qiymət verməliyik, həm də başlanan bu yolun ilk günlərindən bu günəcən nə uğurlar əldə etmişik, onlar haqqında danışmalıyıq.

Çünki bu müqayisədə artıq Azərbaycanın nələrə nail və nələri əldə etmək əzmində olduğu görünəcək. Cənab prezidentin 2018-ci ildə, “Cümhuriyyət İli”mizdə – Azərbaycan istiqlalının 100 yaşının tamam olduğu ildə yenidən dövlətimizin başçısı seçilməsi, yenidən xalqımızın etimadını qazanması çox rəmzidir.

Həm də ona görə rəmzidir ki, biz Cümhuriyyət, bir müstəqil dövlət olaraq öz inkişafımızın ikinci əsrinə başlayırıq. Yenə İlham Əliyevlə başlayırıq və onun içərisinin yeni arzularla, yeni ideallarla və yeni yüksəliş nailiyyətləri ilə dolu olduğu bir səviyyəsində başlayırıq.

Mən, sadəcə, mədəniyyətlə bağlı cənab prezidentin heç seçildiyi gündən üzü bəri müddətdə yox, yalnız elə bu Novruz ərəfəsində, martın ilk günlərində gördüyü işləri sadalasam və bu həcmə, bu miqyasa biz nəzər salsam, çox şey görünəcək.

Həm o görünəcək ki, cənab prezidentin “inkişafın yeni mərhələsinə qədəm qoymuşuq” ideyası nə deməkdir. Həm o görünəcək ki, cənab prezidentin “biz islahatların büsbütün ayrı bir səviyyəsini başlayırıq” ideyası nə deməkdir. Həm də o aydın görünəcək ki, Azərbaycanın sabahı və konkret olaraq mədəniyyətimizin gələcəyi hansı uğurları, hansı zirvələri fəth edə bilər. 

Ötən ilin büdcə müzakirələrində mən dəfələrlə söyləyirdim ki, Azərbaycanın dövlət büdcəsində mədəniyyətə ayrılan vəsait 0,8 faiz təşkil edir və bu, əlbəttə ki, azdır. Çünki  yalnız Azərbaycan neft ölkəsi, inkişaf edən, iqtisadi cəhətdən güclü, kənd təsərrüfatı günü-gündən irəliləyən və haçansa inkişaf eləmiş, amma inkişafdan dayanmış sahələrini indi dirçəldən və irəli aparan bir ölkə deyil.

Bunların hamısından daha əvvəl Azərbaycan mədəniyyət ölkəsidir. Çünki Azərbaycan dünyaya mədəniyyəti ilə tanınan, tanıdan və öz uca boyunu hər yerdə göstərə bilir. Ona görə də biz mədəniyyətə vəsaiti büdcə içərisində 0,8 faiz deyil, bundan 2-3 dəfə artıq eləməliyik. Ötən ilin büdcəsində ənənəvi olaraq Azərbaycan kinosuna yalnız bir milyon yarım vəsait ayrılmışdı.

Cənab prezidentin bu ilin mart günlərində imzaladığı sərəncamla, milyon yarım qalıb yerində, Azərbaycan kinosunun inkişafı üçün altı milyon əlavə vəsait ayrıldı. Bir milyon yox, milyon yarım yox, yəni yüz faiz, 150 faiz, 200 faiz artırılmadı, birdən-birə 400 faiz artırıldı kinoya ayrılan vəsait. Yaxud iki milyon manat teatr sənətimizin inkişafına, Azərbayca teatrının inkişafına ayrıldı.

Həmçinin, ayrı-ayrı yaradıcı təşkilatların hamısının inkişafı, ayaq üstə daha möhkəm durması, daha böyük zirvələr əldə etməsi üçün imkan yaradacaq vəsaitlər ayrıldı. İndi bunların hamısını üst-üstə götürəndə görərsiniz ki, o ideyaları ki biz qaldırırdıq, o fikirləri ki biz söyləyirdik, bunlar bizdən daha əvvəl cənab prezidentin içərisində imiş.

Birdən-birə belə artımlar, belə yanaşmalar, bu miqyaslar, bu həcmlər “mədəniyyətdə və digər sahələrdə Azərbaycan inkişafın tamam yeni bir mərhələsinə qədəm qoyur” məsələsini dərk  etmək üçün artıq çox şey deyir. Yeni inkişaf mərhələsi, islahatların təzə yüksəlişləri o deməkdir ki, əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək.

Sadəcə, inkişaf 10 faiz, 20 faiz, 50 faiz bir dəfə, iki dəfə yox, qat-qat dəfələrlə yüksək olacaq. Nəzərdə tutulan ideyaların gerçəkləşdirilməsi üçün bu cür qətiyyətli addımlar atılacaq.

Ona görə də inanıram ki, Azərbaycan mədəniyyəti qarşıdakı illər içərisində çox böyük uğurlara çatacaq. Mən, sadəcə, balaca bir sahənin içərisində bir neçə gün ərzində cənab prezidentin imzaladığı sərəncamlarla nə qədər ciddi dəyişikliklərin yaşanmasından danışıram.

Mətbuat səhifələrində oxudum, az öncə kinoya ayrılan vəsaitdən şikayətlənən, gileylənən, bununla kinonu inkişaf etdirmək çətin olar söyləyən ən müxtəlif düşüncə və mövqe sahibi olan  kino xadimlərinin əksəriyyəti yenidən müsahibələr verirlər və bəyan edirlər ki, cənab prezidentin kino ilə bağlı atdığı addımlar Azərbaycan kinosuna yeni bir nəfəs verməkdir.

Bu, o, deməkdir ki, əslində, bir az böyük ölçüdə götürsək, Azərbaycan teatrına da, Azərbaycan mədəniyyətinin digər sahələrinə də yeni nəfəs verilir.

İkinci nəfəs gəlir Azərbaycanın inkişafı üçün. Bu ikinci nəfəsi Azərbaycana prezident İlham Əliyev gətirir və inanıram ki, bu ikinci nəfəs bütün digər sahələrdə də böyük yüksəlişlər üçün təkan olacaq.

– Vəsait ayrıldı, bu, çox müsbət və təqdirəlayiq addımdır. Bəs bu vəsaitlər Azərbaycan kinosunun əvvəlki şöhrətini qaytaracaqmı, ötən əsrin 50, 60 və 70-ci illərindəki uğurlarının davamını gətirəcəkmi?

Eləcə də, böyükdən kiçiyə hər kəsin böyük zövq və maraqla izlədiyi “O olmasın, bu olsun”, “Axırıncı aşırım”, “Bir cənub şəhərində”, “Uşaqlığın son gecəsi”, İstintaq, Arxadan vurulan zərbə, “Gün keçdi”, “Nəsimi”, “Uzaq sahillərdə” kimi möhtəşəm filmləri yenidən görə biləcəyikmi? 

– Azərbaycan kinosunda çox istedadlı gənclər yetişib. Çox maraqlı rejissor şəbəkəsi yaranıb ki, onlar dünya kinosuna və dünya kino arenasına çıxıb sözlərini deyə bilərlər.

Arxada qalan bir neçə ildə bütün məhdudiyyətlərə, imkansızlıqlara baxmayaraq, qısametrajlı, həcmi çox da böyük olmayan filmlər çəkiblər və dünyanın müxtəlif kino müsabiqələrində iştirak edərək yer tutublar, uğurlar qazanıblar, laureat adlarını əldə ediblər.

Yəni istedadlı kino xadimlərimiz çoxdur, özü də əksəriyyəti cavan insanlardır. Mənə elə gəlir ki, bu baş verən hadisələr Azərbaycan kinosundakı yeni bir intibah üçün təkan verəcək. Çünki çatmayan maddi vəsait idi, maddi vəsaiti, qayğını da artıq dövlət göstərir. 

Həmçinin, istedadlı gənclik var. O gəncliyə, sadəcə, özlərini inkişaf etdirmək üçün əlavə bir kömək, dəstək lazım idi. 

Yalnız bir məsələ qalır ki, onun  da həll olunması ilə  artıq Azərbaycan kinosunun sizin söylədiyiniz və hamımızın arzuladığımız 50-ci, 60-cı illərin yalnız Azərbaycan insanı üçün deyil, Azərbaycan ekranından kənara çıxaraq dünya insanları üçün də maraqlı olan əsərlər yaratmasına gətirib çıxaracaq…

– Söhbət hansı məsələdən gedir?

– Bildiyiniz kimi, biz “Kinematoqrafiya haqqında” mükəmməl bir qanun hazırlamışıq və orada kino sənətinin inkişafını təmin edə biləcək imtiyazlar nəzərdə tutmuşuq.

Bu, vergilərlə, gömrük rüsumları ilə, digər belə müəyyən güzəştlər və imtiyazları nəzərdə tutan məqamlarla bağlı olan məsələdir. Bu güzəştlər və imtiyazları da əlahiddə şəkildə götürməmişik.

Belə güzəştlər və imtiyazlar digər ölkələrdə də var, onları da qoyuram qırağa. Bizim özümüzün  qanunvericiliyimizdə, təbabət sahəsində, idman sahəsində, digər sahələrdə müvafiq qanunlarda bu cür imtiyazlar, bu cür güzəştlər nəzərdə tutulub.

Yəni səhiyyənin, idmanın inkişafını təmin etmək üçün belə güzəştlər nəzərdə tutulub. Güman edirəm ki, əgər müvafiq, artıq nümunəsi olan o güzəştlər, o imtiyazlar kinematoqrafiya haqqında qanunda da nəzərə alınsa, bu, Azərbaycan kinosunun inkişafına güclü bir təkan olacaq. Bu da hər zaman, gündə baş verən hadisə deyil ki?

Avadanlığı bir dəfə gətirdin, onu illərlə, aylarla işlədirlər.

Ona görə düşünürəm ki, bu köməyin də kinoya göstərilməsi sadaladığım digər amillərlə bir yerdə Azərabaycan kinosunun arzuladığımız və umduğumuz səviyyəyə çatmasına imkan verəcək. 

Kamil HƏMZƏOĞLU

Источник: oxu.az

Şərhlər bağlıdır.