Qurbanlara polis necə yardım edir?
Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri növbəti görüşünü iyunun 27-də Mingəçevir Polis şöbəsində keçirib. MVA-nın prezidenti Fərman Nəbiyev təmsil etdiyi təşkilatın Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə barədə məlumat verib, sosial-mənəvi qəza qurbanlarının rastlaşdıqları çətinliklər və cəmiyyətdə onlara fərqli münasibətdən söz açıb. F.Nəbiyevin “Ailə münaqişəsi zamanı polis əməkdaşı necə hərəkət edir?” sualına polis kapitanı Məftun Əhmədovun münasibəti maraqlı olub: “Bizə müraciətdən sonra həmin ünvana gedirik. Hər iki tərəfi dinləyirik, məsələni yerində araşdırır və profilaktik söhbət aparırıq. Təbii ki, hər ailədə müəyyən mənada söz-söhbət ola bilər. Biz ailənin qorunması üçün addım atırıq. Çalışırıq ki, ailə dağılmasın, uşaqlar valideynsiz qalmasın. Lakin məsələ məcrasından çıxanda həmin vətəndaş barədə qanuni tədbir görür və onu şöbəyə gətiririk”.
Polis baş serjantı Rovşən Məmmədov və polis kapitanı Rövşən Babayev fərqli düşüncəyə malik olan insanların birgə həyat sürmələrində problem yaşandığını deyiblər: “Tərəflər bir-birini başa düşməyəndə ailədə münasibətlər tez-tez münaqişəyə çevrilir”. Polis baş leytenantı Elton Kərimovun fikrincə, Avropada insan hüquqları, azadlıq ifrat dərəcədədir və onların özləri bundan yorulub: “Almaniyada uşaq gecə saat 12-də restorandan evə gələndə valideyn ona bir söz deyə bilmir. Amma çox təəssüf ki, biz də dəyərlərimizi itiririk”.
E.Kərimov onu da deyib ki, cəzaçəkmə müəssisəsindən çıxan şəxslə bağlı qanun olmadığından onun cəmiyyətə inteqrasiyasında çətinliklər var. Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnamədə polis şöbəsində xüsusi psixoloq və psixiatrın olması göstərilir: “Bizdə isə nəinki psixoloq, hətta küçədən tapılan uşağın valideyni gələnədək polis şöbəsində saxlanması üçün kiçik bir otaq da yoxdur”.
Hüquqşünas İnqilab Həsənov hüququnu bilməyən insanların daha çox problemlərlə üzləşdiyini deyib, insan alverçilərinin təqibində, qurbanlara dəymiş mənəvi və maddi ziyanın ödənilməsində çətinliklərdən danışıb.
MVA-nın icraçı direktoru və layihənin psixoloqu Yeganə Nəbiyeva sosial-mənəvi qəza qurbanlarının polisə və digər hüquq-mühafizə orqanlarına getməkdən çəkindiklərinin səbəblərini açıqlayıb: “İnsan alverçiləri qurbanları polislə hədələyir, qanunsuz və sənədsiz yaşadıqları üçün onların məsuliyyətə cəlb olunacaqlarını deyirlər. Təbii ki, psixoloji durumu pozulan, şəxsiyyətini təsdiq edən sənədə əli çatmayan insanların polisdən gizlənməsini başa düşmək olar”.
Polislərin köməyilə ailə problemləri həll olunur
İyunun 28-də “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri Ağdaş şəhr Polis şöbəsinin şəxsi heyəti ilə görüşüb. Görüş Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində gerçəkləşib. Sosial- mənəvi qəza qurbanlarının rastlaşdıqları çətinliklər və cəmiyyətdə onlara fərqli münasibətlə bağlı söhbət aparılıb, insan alveri qurbanlarının cəmiyyətə inteqrasiyasının mexanizmi və təşkilatın ailədaxili münaqişələr zamanı həyata keçirdiyi tədbirlər və bu sahədə qazandığı təcrübə ilə bağlı məlumat verilib.
MVA prezidenti Fərman Nəbiyev problemin həllində polisin aparıcı rolunun danılmaz olduğunu vurğulayıb: “Əksər halda insanlar ətrafında baş verən hadisələrə laqeyd münasibət bəsləyir, hətta hadisə zamanı görüb-eşitdiklərinə şahidlik etməkdən çəkinirlər. Əslində hər bir vətəndaş özü-özlüyündə bir polis olmalı və cinayətin qarşısının alınmasında hüquq-mühafizə orqanlarına yardım etməlidir”.
F.Nəbiyevin “Axırıncı dəfə hansınız insan alveri qurbanıyla üzləşmisiniz” sualı polis əməkdaşlarının müzakirəyə qoşulmasına şərait yaratdı. Polis mayoru, ictimai təhlükəsizlik bölməsinin rəisi Azər Hüseynli ailədaxili münaqişələrdən nümunələr çəkib. O, hər gün 10-a yaxın belə vəziyyətlə üzləşdiyini deyib: “Torpaq üstündə, ərlə arvadın mal-mülklərini bölə bilməmələri, ayrılmış valideynlərin uşaqlarının digərinə göstərilməməsi, ata ilə oğulun ev davası ilə əlaqədar münaqişələrlə tez-tez üzləşirik”.
Natiq boşanmaların səbəbini isə belə izah edib ki, bir çox hallarda valideyn övladının yerinə hər şeyi həll edir: “Başqa dövlətlərdə gənclər ən azından bir-iki il bir-birinin xasiyyətini öyrənir, münasib bildikləri zaman evlənməyə qərar verir. Bizdə isə elçi gələn kimi analar qızlarının ər getməsinə məmnuniyyətlə razılaşır. Bu da nəticədə boşanmaların sayının artmasına gətirir”.
Azər müəllim Vaqif Məmmədovun ailəsində baş vermiş çətin vəziyyətlə bağlı polisin atdığı addımlardan danışdı. Onun sözlərinə görə, sərxoşluqdan başı açılmayan 65 yaşlı ata dörd qızının taleyinə biganə yanaşırmış və polisin müdaxiləsindən sonra ailədə sülh və əminamanlıq bərqərar olub: “İndi həmin şəxs uşaqları ilə birgə çox xoşbəxtdir. O, təzə ev tikib, maşın alıb və əsası odur ki, sərxoşluğu atıb”.
F.Nəbiyev problemli ailələrdə yaşayan uşaqların çox asanlıqla insan alverçilərinin əlinə düşməsini söyləyib: “Sizin rayonda mənəvi qəza qurbanlarına çoxmu rast gəlinir?” sualına cavablar da müxtəlif olub. Kadr qrupunun baş inspektoru Oruc Əzizov Mingəçevirlə müqayisədə Ağdaş rayonunda belə insanların azlıq təşkil etdiyini vurğulayıb. MVA-nın icraçı direktoru Yeganə Nəbiyeva kənd yerlərində yaşayan savadsız və təhsilsiz qızların qurbana çevrilmə riskinin böyük olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, alverçilər müxtəlif vasitələrdən istifadə edərək, həmin qızları aldatmağa çalışırlar: “Bəzən vasitəçi rolunu oynayan insan öz yaxın adamının hansı bəlalara düçar olacağından xəbərsiz olur. Polis əməkdaşları daha məlumatlı olsalar, xaricdə iş axtaran insanları maarifləndirməkdə çətinlik çəkməzlər”.
Şərhlər bağlıdır.