Qarabağ

Qubadlı sakini: “Bir günün sevinci ilə yaşamaq 27 ili ört-basdır elədi”

Torpaqları işğaldan azad olunmuş kənd sakinləri danışırlar

Bu günlərdə Azərbaycan xalqı, eləcə də bütün Türk dünyasının dilində bir mövzu var: Qarabağın erməni işğalından azad edilməsi uğrunda müzəffər ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatı! Hər gün cəbhədən yeni-yeni xoş xəbərlər alındıqca harada yaşamağından asılı olmayaraq, bütün azərbaycanlıların sevinci aşıb-daşır, sanki hər bir insan üçün həyat yenidən başlayır.

Hazırda Qubadlı rayonundan Mingəçevir  şəhərində 58 ailə məskunlaşıb. Onlardan birinin – Sarıyataq kənd sakinləri Məmmədovlar ailəsinin sevincinə biz də  şərik olduq. Ailə başçısı Abbas Məmmədov yaşadığı hissləri dilə gətirdiməyin çətin olduğunu dedi: “Qubadlının işğal olunduğu 1993-cü ilin avqustunu heç zaman unuda bilmirəm. Qaçqınlıq həyatında gənc ailə idik. Mingəçevirə pənah gətirdik. Kəndimizin sakinləri  bir pambıqdan başqa bütün  kənd təşərrüfatı ilə məşğul olurdu. Mən müəllim işləmişəm. Amma buna baxmayaraq, yenə təsərrüfatçılıqla məşğul olmuşam. Yəni hər sahədə birlik var idi bizdə”.

Abbas müəllim bizə kəndlərinin ən yadda qalan bir “Ələm” ağacı deyilən ziyarətgahından da bəhs etdi. Bildirdi ki, kənddə hansı bir yaşlı adam vardısa, o danışanda deyərdi ki, mənim babam bu ağacı belə görüb: “Mən də kəndə ilk ağayımı basanda həmin ağacı ziyarət edəcəm. Kəndimizi tez-tez xatırlayıram. Bu günkü kimi yadımdadır. Kəndimizin məşhur yerləri var. Kəndimizdə olan körpü dağlmış olsa da amma yerində idi. Televiziya vasitəsi ilə gördüm. Həmin körpü Ermənistanla Azərbaycanı birləşdirir. Görusdan, Sisyandan gələn yol həmin körpüdən adlayıb, Azərbaycanın istənilən yerinə keçmək olurdu”.

“Qubadlının alınmasını eşidəndə çox sevindim. Bu bir günlük sevinc 27 illi ört-basdır elədi. Heç övladım olanda belə sevinməmişdim”- dedi həmsöhbətimiz. Sonra əlavə etdi: “Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların səbəbinə torpaqlarımız işğaldan azad olur. Bizim güclü ordumuz var, güclü Ali Baş Komandanımız var. Prezidentin  televiziya vasitəsi ilə çıxışını çox diqqətlə izləyirik. Onun o yumuruğuna mən  rəmzi məna verirəm. O, göstərir ki, biz bütövük, biz güclüyük. Ona görə də biz qalib gəlirik və gələcəyik də”.

Ailənin xanımı Zeynəb Məmmədova söhbətimizə qoşularaq öz cevincini gizlətmədi: “Kim harda doğulubsa, vətəni oradır. İnanırsız, həmin günü səhərə qədər dost–tanış bizi təbrik etdi. Qubadlı həsrətini çox gözlədik. Bu qədər keçəndən sonra atasız ata yurduna qayıdacağam. Bir niyyətim var. Qubadlıya qayıdanda Sarıyataq kəndindən ata yurdum Qarazallı kəndinə (5 km) piyada gedəcəm. Allah nəsib etsin. Bu arzu ilə 27 il yaşamışam. Artıq nəvələrimiz var. Onlar da bizim elləri görmək üçün çox tələsirlər”.

Qeyd edək ki, bütün o acılı-ağrılı dövrü yaşamış insanların heç zaman unuda bilməyəcəyi bir qaçqınlıq hekayəsi var. Və bütün bunlara Prezidentimizin, Ali Baş Komandanın qətiyyətli mövqeyi, müzəffər ordumuzun gücü son qoydu! Bu gün hər bir Qubadlı sakini dövlətimizin başçısı ilə, ordumuzla qürur duyur.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close