Əgər bir insan dünyaya qız olaraq gəlibsə, o artıq xəyalpərəstdir və bu belədir. Bəxti gətirib onu çox sevən, qoruyan, qayğısına qalan bir atası varsa xəyalları həmişə pərvaz edəcəkdir. Dünyada hər şey onun gözündə gözəlliyə dönəcək, mahnı qoşacaq, şeir yazacaq, şən və mehriban qız olacaqdır. Yaxşı atası olduğu üçün həmişə qürurlanacaq, fərəhlənəcəkdir. Həyətdə oynadığı, ya bağça tay-tuşlarının içində, sonra da məktəb yoldaşlarının arasında həmişə yaxşı oğlanların olmağına diqqət edəcəkdir. Ona mehriban baxan, kömək edən, dalaşqan, söyüşcül oğlanlardan qoruyan güclü, ağıllı oğlanların olmağına sevinəcəkdir. Qızlar xəyalpərəst olurlar, amma yaxşı oğlanların hamısına vurulmurlar, bu yaxşı oğlanlar, sadəcə, ona xəyallarındakı xəyal qəhrəmanın yaranmasına kömək edirlər. Qızlar bütün yaxşı oğlanları atası ilə müqayisə edərlər, onun kimi ağıllı, güclü, xeyirxah, mədəni, mehriban olmağına inanarlar.
Qızlar illərlə xəyallarında həmin ağıllı, mehriban, güclü oğlanı yaşadarlar, o da səninlə birgə çəmənlərdən çiçək yığar, sənə bu çiçəklərdən çələng hörər, kəpənəklərin ardınca qaçıb onları qovar, sənin qəhqəhə ilə gülüşlərinə qoşular, qəfil yağışa yaxalananda isə əlindən möhkəm yapışıb yaxınlıqdakı ağacın altına qədər qaçarki islanmayasan.
Qızlar böyüyər, xəyal qəhrəmanı da böyüyər, ətrafındakı yaxşı oğlanlar da böyüyər. Adətən tələbəlik illərində gənclər arasında qız-oğlan münasibətlərindən söhbətlər düşər, mübahisələr yaranar. Oğlanların oğrun baxışlarla ətrafı süzüb:-filankəs qəşəng qızdır,-deməsi ilə, qızların isə belə seçimlərə etiraz etməsi söhbətləri mübahisəyə çevirər. Məgər qəşənglik yeganə meyardırmı? Xəyalpərəst qızlar isə yaxşı oğlanlardan, bir az gerçək, bir az xəyal obrazlardan danışarlar. Belə söhbətlərin birində həmin o yaxşı oğlanlardan biri, sənin başqa bir yaxşı oğlandan danışmağına, onu tərifləməyinə bir cümləlik replika isə son qoyar:- Oğlanlar heç vaxt yaxşı olmur!
Sən isə bu qəfil həmlədən susarsan. Onun hələ də qəribə bir məna və çoxbilmişliklə sənə baxdığını və bu baxışlarda sanki, dediyi sözlərin səndə necə təsir yaratdığını izləyən bir amansızlıq hiss edərsən. Səni qəribə bir məyusluq bürüyər, beynində suallar bir-birini qovar:-Bu nə demək idi, qısqanclıqmı? Bəlkə bu qədər xəyalpərəstliyin onu yordu, bir az reallığı anla, xəyallardan en demək istədi? Bütün hallarda, demək ki, oğlanlar heç də bizim onlar haqqında düşündüyümüz kimi baxmırlar qızlara və səni məyus edən də elə budur, yaxşı bildiyin oğlanların heç də “yaxşı olmaması”. Bir neçə dəqiqənin içində xəyal qəhrəmanın xəyallarını tərk edər, sən isə çəmənlikdə çiçəklər və kəpənəklər arasında tək-tənha qalarsan və qəfil yağış da iliklərinə qədər səni isladıb üşüdər…
Şərhlər bağlıdır.