Təbiətin qış çağıdır, günlər istər günəşli olsun, istər buludlu, ya da ki, yağışlı, ümid edirsən və sevinirsən ki, qar yağacaq, çünki qar qışın vazkeçilməzi, əvəzolunmazıdır, sənin yaşadığın kəndə və ya şəhərə yağsa da, yağmasa da. Məgər siz qışın gəlişinə sevinmirsiniz, ya da qarın yağacağına ümid etmirsiniz? Məncə buna sevinməyən insan yoxdur. Qışın gəlişinə ən çox uşaqlar sevinir, qartopu oynamağa, qardan şaxta baba düzəltməyə, həm də təpələrdən sürüşməyə həsrətdirlər. Hətta səngərdə duran əsgərlər belə qışın gəlişinə, qarın yağacağına sevinirlər, çünki qarda hər yer daha aydın görünür.
Qışın gəlişinə olan sevincini hərə bir cür göstərməyə, ifadə etməyə və ya yaşamağa çalışır. Evdə bayram əhvalı ilə bazarlıq edilir, xanımların biş-düşü, süfrə hazırlamaq, “Paytaxt salatı” qayğıları başlayır. Evdə uşaqları olanlar yolka bəzəyir, yolka bəzəməyin özü də bir ümid, gözəllikdir, çünki ağacların, heyvanların, həşəratların çoxu qış yuxusuna gedir, quşların da əksəriyyəti isti ölkələrə uçub gedirlər. Həmişəyaşıl ağaclardan isə şam ağacları, sanki, -məni bəzəyin, evlərinizə sevinc, yenidən canlanmaya ümid bəxş edərəm,-deyir.
Təbiətin sakit dövrü başlayır, sanki, evdəkilər harasa qonaq gedib, sən də tək qalmısan və bu təklikdən zövq almağa çalışırsan.
Ağaclar yarpaqsız, kol-kos qupquru, çöllər kimsəsiz, elə bil təbiətin məzuniyyət dövrü başlayıb. Qar yağacağına da ümid edək, çünki qar xeyir-bərəkətdir, bol ruzidir, tarlaların, bağların, torpağın yorğanıdır. Ən azından yuxuya gedən təbiətə,-yuxun şirin olsun, -deyək!
Son söz əvəzi:
Düzü, Şaxta babanın varlığına mən də inanıram və ondan bir xahişim var:-Şaxta baba, səndən çox xahiş edirəm, torbandakı hədiyyələri uşaqlara paylayandan sonra, müharibə törədən yaramazları yığ torbana apar tök hara dərindir, hara daha soyuqdur ora, bir daha bu tərəflərdə görünməsinlər və uşaqların sevincinə mane olmasınlar.
Mingəçevir şəhəri 30.12.2023
Mehparə Rəhimqızı
Şərhlər bağlıdır.