Qazilər müharibənin acı günlərini təkrar yaşadılar
“Əsgər şəhidlik zirvəsinə ucalır. Qazi isə müharibənin travmasını, mərmidən aldığı yarasını, ağrı-acıları ömür boyu canında və yaddaşında daşıyır. “Bu elə bir hisdir ki, ondan xilas olmaq çətindir”-deyir qazilər.
“Əsgər şəhidlik zirvəsinə ucalır. Qazi isə müharibənin travmasını, mərmidən aldığı yarasını, ağrı-acıları ömür boyu canında və yaddaşında daşıyır. “Bu elə bir hisdir ki, ondan xilas olmaq çətindir”-deyir qazilər.
Mingəçevir şəhərindən İkinci Vətən müharibəsində 1030 nəfər iştirak edib. Onlardan 51-i şəhid olub, 120 nəfər yüngül yaralanıb, 35 nəfər isə müxtəlif dərəcəli əlillik statusu alıb.
Odun-alovun içindən keçən və düşmən qəlpəsini canında gəzdirən qazilərin bir qismini Mingəçevir Media Mərkəzinə dəvət edib, həyat hekayələrini danışmağı xahiş etdik. Dəyirmi masa ətrafında düşüncələrini paylaşan bu igidlər müharibənin acı günlərini təkrar yaşadılar. Onlar şəhidlik zirvəsinə ucalan yoldaşlarını anaraq, qələbə sevinci yaşamamalarına təəssüflənib, üzücü xatirələrini dilə gətirdilər.
Yaşamaq üçün döyüşmək lazımdır
Haşımov Nicat Mahir oğlu Mingəçevirdə doğulub, 29 yaşı var. Turizm Kollecini bitirib. Avarçəkmə üzrə milli yığma komandasının üzvü olub. İncəsənətlə məşğuldur-musiqiçidir. Bəstəkar, şair və aranjimançıdır. Hərbi xidmət zamanı Nicat artileriyada həm tuşlayıcı, həm piyadaatıcı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Tovuz döyüşləri (12 iyul, 2020-red.) baş verən ərəfələrdə könüllü yazılan qruplardaydıq. Məqam çatdı, 2020-ci ildə səfərbərlik başladı, sentyabrın 21-də Vətənin müdafiəsinə yollandıq. Teymur Əhmədovun rəhbərlik etdiyi tağım həmin vaxt Talışkənd-Suqovuşan istiqamətində artıq cəbhə xəttini yarmışdı. Biz dəstək kimi onlardan sonrakı qrupa qoşulduq və sentyabrın 27-də döyüşlərdə iştirak etdik. İtki də verdik, Allah şəhidlərimizə rəhmət eləsin. Amma şükür ki, məqsədimizə nail olduq.
Ən çətin döyüşümüz sentyabrın 27-28-də cəbhə xəttinin yarılması zamanı oldu. İlk günlər daha çətin idi. Təcrübəsiz idik, döyüşlərə tam adaptasiya olmamışdıq. İçimizdə qorxu, həyəcan vardı. Ancaq bir müddət sonra ölüm də, mərmi səsləri də adiləşir. İlk üç-dörd gün yata da bilmirsən. Sonra imkan düşəndə adam elə rahat yatır. Müharibənin ilk günlərində daha çox itki verdik. Çünki ərazini tanımırdıq. Düşmən isə 30 il idi ki, həmin ərazini əlinin içi kimi tanıyır və orda möhkəm müdafiə sistemi qurmuşdu. Onlar o yerləri işğal edəndə heç mən doğulmamışdım. Biz o yerlərə necə hakim ola bilərdik, necə hücum etməliydik, necə müdafiə oluna bilərdik? Bunlar çox sual doğururdu. Üstəlik artileriya atışı o qədər çox olurdu ki, canımızı salamat saxlamaq üçün nəyin arxasında gizlənə və zərbədən qoruna biləcəyimizi bilmirdik. Gözləyirdik və məqam düşən kimi hücuma keçirdik.
Əvvəldən tanıdığımız və döyüş zamanı tanış olduğumuz dostlarımız vardı. Onlardan bəziləri şəhid oldu, amma bizim onların ailələri ilə əlaqələrimiz var. Doğum, anım günlərində, ailə məclislərində iştirak edirik.
Döyüşdə hər qrupun funksiyası fərqli olur. Hücumda, müdafiədə olan, təminat- təchizat qrupları var. Gərgin döyüşlər zamanı bir müddət kəsinti baş verir. Düşmən hücum edir, yolları vurur, texnika işləyə bilmir və təminat-təchizat ləngiyir. Bir yerdən sonra ixtisas o qədər də fərq etmir. Ola bilər ki, rabitəçidi, amma döyüşdə rabitə əlaqəsi yoxdursa, sağ qalmaq və hücum etmək lazımdır. Yaşamaq üçün döyüşmək lazımdır.
Ehtiyac olanda hücuma və ya müdafiəyə keçirdik. İmkan düşən kimi şəhid olanların və yaralıların daşınmasına köməklik göstərirdik. Goranboy rayonunun Baxçakürd kənd sakini Quliyev Aqşin Mehdi oğlu bizimlə eyni döyüşdə şəhid oldu.
Talışkəndin yaxınlığında düşmənin komanda müşahidə məntəqəsi yüksəklikdə yerləşirdi. Ordan Mingəçevirdəki İstilik və Su Elektrik Stansiyalarının boruları aydın görünürdü.
Talışkəndə çatmamış, Təkərpostu ilə komanda müşahidə məntəqəsinin arasındaki ərazidə üç günə yaxın mühasirədə qaldıq. Bizim qrupda 17-18 nəfər vardı. Digər qrupdakı uşaqlarla cəmi 40-50 nəfərə yaxın idik. Mühasirəni yarıb, hücuma davam etdik. Təminatımız gec gəldi. Amma başqa çarəmiz də yox idi. Məqsədə çatmaq üçün sağ qalmaq lazım idi. Talışkəndi və Suqovuşanı azad etdik və dekabrın 31-də evə buraxıldım.
Ailəmizin, nəslimizin, xalqımızın qeyrətini qorumağa gedirdik
Mingəçevirli İbrahimli Namiq Elşən oğlunun 37 yaşı var. Azərbaycan Pedaqoji Universitetinin fikizi tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fakültəsi bitirib. Turizm Kollecində fiziki tərbiyə müəllimi işləyir. 12 saylı orta məktəbin çağırışaqədər hərbi hazırlıq rəhbəri və fiziki tərbiyə müəllimidir. Əvvəllər güləşlə məşğul olub. Sonrakı 15 ilini futbola həsr edib. Hər yerdə Mingəçeviri layiqli təmsil etməklə yanaşı, idman sahəsində də uğur qazanmağa çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” (3-cü dərəcəli), “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Atam Elşən İbrahimli I qrup Əfqanıstan veteranıdır və Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şəhər təşkilatının sədridir. Bilirsiz ki, onlar iki döyüş yolu keçiblər. Birinci Qarabağ müharibəsi zamanı şəhidlərin dəfn mərasimlərində mən də valideynimlə birlikdə iştirak edirdim. Məndə vətənə olan sevgi, vətənpərvərlik o vaxtlardan yaranıb. Nə qədər hərbidən uzaqlaşdırsalar da yenə də bir tərəfim hərbiyə bağlı olub.
Tovuz hadisələrindən sonra biz Tovuzda kənd camaatı ilə birlikdə səngər qazırdıq. Hiss edirdik ki, müharibə ab-havası var. İkinci Vətən müharibəsi başlanan kimi sentyabrın 28-də səhər Hərbi Komissarlığa gedib, müharibəyə getmək istədiyimi bildirdim. İmtina etdilər. Mən qardaş dediyim dostum Babayev Allahverdi Ələt oğlunu öz əlimlə torpağa qoymuşam, onun qisasını almaq üçün mütləq müharibəyə getməliydim. Allahverdinin şəhid olması mənə çox pis təsir etmişdi.
Sentyabrın 28-də Müdafiə Nazirliyinin səhifəsinə müraciət etdim. Dərhal müsbət cavab aldım. Ayın 29-da cəbhəyə yollananda Hərbi Komissarlığın qarşısında şagirdlərimi görəndə fəxr etdim ki, 14 ildə çəkdiyim əziyyət hədər getməyib. Onlardan ikisi-Emin və Əli şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qazilərdən Mehralı Məcidli kəşfiyyat, Sahib Şəmiyev ikinci taborda, Tahir Abışovla mən bir taborda döyüşdük. Hamımız eyni hərbi hissədə idik. Biz bilirdik ki, ora ya şəhid, ya da qazi olmağa gedirdik. İki yoldan birini seçməliydik. Düşünürdük ki, 30 il erməni tapdağında olan torpaqlarımızı biz azad etməsək, bu problem bizdən sonrakı nəslə qalacaq. Ailəmizin, nəslimizin, xalqımızın qeyrətini qorumağa gedirdik.
Digər gənclərin çoxu ilə Laçın obalarında tanış olduq. Burda bir gecənin içində bölgələrindən beş minə yaxın çağırışçı gəlmişdi.
Sentyabrın 29-da Laçın obalarına getdik. İstiqamətimiz Füzuli, Horadis, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşaya idi. Dekabrın 3-də ilk döyüşə Füzulidə başladıq. Cəbrayılda üç eşelon (Cəbhədə girintili-çıxıntılı vəziyyətdə mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsi-red.) vardı və onlar çətinliklə alınan eşelonlar idi. Onları keçdik. Hadruta giriş müxtəlif istiqamətlərdən oldu və döyüşlər ağır keçdi. Orda düşmənin böyük sığınacaqları – tunelləri vardı. Döyüşdən sonra da erməni silahlıları tək-tək sığınacaqlardan çıxırdılar. Biz Hadruta girəndə sakinlər qapılarını bağlayıb çıxmışdılar. Bizim hərbi hissə bu döyüşlərdə ən çox itki verdiyi üçün onda dörd dəfə cəmləşmə oldu. Yaralılara dəstək üçün bir təxliyə manqası yaradıldı. Yaşıma görə məni o manqaya komandir qoydular. Bizim 11 şəhidimiz Hadrutda yüksəklikdə qalmışdı, biz onları təxliyə etdik.
Sonra istiqamətimiz Topxana və Şuşa tərəfə oldu. Hərbi hissəmizin öhdəsinə düşən tapşırıq Şuşakəndi azad etmək idi. Şuşakəndin iki dənə kamera postu var idi. Onlar yuxarıdan Şuşaya nəzarət edirdilər. O postlar alınandan sonra dekabrın 6-da Şuşaya hücum başladı.
Müharibəylə bağlı ən ağrılı hadisələri unutmağa çalışıram. Hər birimizdə döyüş travması qalıb. Göz önündən getməyəcək çox epizodlar var.
Noyabrın 1-də Beyləqandakı hərbi hissənin yeməkxanasında idik. Düşmən hərbi hissəni vurmaq istəyib. Amma koordinatları düz olmadığından mərmi yandakı evə düşdü və evdə olan iki bacı şəhid oldu.
Şuşakəndə döyüş qurtarmışdı. Noyabrın 11-də bütün taborlar ferma deyilən bir yerə gəldilər. Hərbi hissəmiz orda yerləşirdi. Hamı öz silahlarını təmizləyirdi. Orda fiziki cəhətdən zəif olan bir əsgər nəzərimi çəkdi. O, Füzulidən Şuşaya qədər yol keçmişdi. Tanrının onu qorumasına sevinmişdim.
Noyabrın 8-i günü Şuşanın azad olunması elan olundu. Səhərisi gün ermənilər demək olar ki, bütün mərmilərini dayanmadan istifadə etdilər.
Gecə saat 2-də bizə üç komanda gəldi. Birinci o oldu ki, erməni diversiya qrupu biz tərəfə keçib. Tam hazırlıqlı olun. İkinci komanda o idi ki, səhər saat 5-də cəbhənin bütün istiqamətlərindən Xankəndi və Xocalı istiqamətinə hücuma keçiləcək.
Səhər saat 4-də kimi qaravulda durdum. Sonra yoldaşlardan birinə dedim ki, məni əvəz elə, bir saat da mən yatım. Yuxuda gördüm ki, cənab prezidentimiz İlham Əliyev çıxış edir. Sən demə, bu yuxu deyilmiş. Uşaqlardan biri telefonuna gələn zəngi mikrofona qoyub, hamı prezidentimizin çıxışına qulaq asır. Qələbə elan olunan gün elə bil biz hamımız yenidən anadan olmuşduq. O an sevincimizin həddi-hüdudu yox idi. Biz hələ inanmırdıq. Hərbi hissə komandirindən rabitə ilə təbrik mesajını alandan sonra tam əmin olduq. Gecə saat 12-də atəşkəc elan olundu, amma yenə atəş səsləri eşidilirdi. Bəzi yerdə tək-tək güllə səsləri eşidilirdi. Müharibə bitən gün 20 min erməni ordusu geri çəkilərək, Xankəndinə yerləşmişdi.
Noyabrın 10-a qədər Allah bizə çox gözəl hava bəxş etmişdi. Elə bil o da haqqı dəstəkləyirdi. Son iki-üç gün bir az havalar soyudu.
Təsəvvür edin, müharibə davam edir, itki verilir, arxadan başqaları gəlirdi. Ali baş Komandanın elə ağıllı bir siyasəti vardı ki, məqamında müharibəni saxladılar. Erməni tərəfi də çox qorxurdu. Ondan sonra daha ağır döyüşlər Laçında, Kəlbəcərdə, Xocavənd, Xocalı, Ağdərədə davam edəcəkdi.
Müharibəni yaşamayan adam müharibə haqqında danışa bilməz. Onun içində olmayan, düşmənlə üz-üzə gəlib, o qorxu hissini yaşamayan, mühasirəyə düşməyən, qucağında şəhid ölməyən, yaralının qolunu, ayağını-başını əlində aparmayan adam müharibə nədi bilməz və o anıları yaşamamısansa müharibə haqqında danışmağa haqqın yoxdur. Çox adam o döyüşlərə getməyə qorxurdu. Çünki o qorxu düşündüyümüz qorxu hissindən çox fərqlənir.
30 il əvvəl Qarabağ savaşında məğlub olmuşduq. İndi ən hündür yüksəklik olan Şuşa bizdədir. Bu, ən böyük zəfərdir. Inşallah, digər ərazilərimiz də siyasi yolla hissə-hissə qaytarılacaq.
Qələbə sevincini yaşamaq gözəl hisdir
Niftəliyev Əyyub Habil oğlu Mingəçevirdə doğulub, orta təhsillidi. Üçüncü qrup müharibə əlilidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Tovuz döyüşləri gedən zaman Mingəçevir şəhər Hərbi Komissarlığına yaxınlaşdım. Hələ ehtiyac olmadığını və lazım olarsa məni də aparacaqlarını dedilər. Səfərbərlik elan olunanda, sentyabrın 21-də “N” saylı hərbi hissəyə göndərildim. Ayın 27-də Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etdim. Oktyabrın 1-də Təkəri postunu keçəndə mühasirəyə düşdük. Üç tərəfimiz düşmən idi. Dəstək gələ bilmirdi. Özümüz tez çıxdıq mühasirədən. Mühasirədən çıxan zaman 13 nəfərin yanına 82 mm-lik minaatanın mərmisi düşdü, orda yaralandım. Şəhidimiz çox oldu. Mingəçevir şəhərindən şəhid olanların bir qismi mənimlə eyni döyüşdə olanlar idi.
Qabırğalarım qırılmışdı, ağ ciyərimdə hələ də qəlpə var. Naftalan şəhərində ilk tibbi yardım aldım. Sonra Yevlax xəstəxanasına göndərildim. 15 gündən sonra isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gətirildim. Mən xəstəxanadan çıxanda cənab prezidentimiz sərəncam verdi ki, ağır yaralılar tərxis olunsun. Artıq döyüş dayandırılmışdı. Müharibə haqqında çox danışa bilmirəm. Psixoloji təsir edir mənə. Amma qələbə sevincini yaşamaq gözəl hisdir.
“… O hərbi hissəni alanların heç biri hərbiçi deyildi”
Həsənov Ceyhun Damət oğlu mingəçevirlidir. Gürcüstanın Rustavi şəhərində ali təhsil alıb, hüquq fakültəsini bitirib. Ağdaş qaz təchizat idarəsində işləyir. Ailəlidir, iki övladı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
2020-ci ilin oktyabrında könüllü olaraq müharibəyə getdim. Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Oktyabrın 8-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində ağır döyüşlərimiz oldu. Orda yeraltı keçidlər vardı. Biz postları ala-ala gedirdik. Düşmən bir hiylə işlətdi və bizi mühasirəyə saldı. Düşmən aldığımız postları ağır çaplı silahlarla atəşə tuturdu. Biz isə postları ala-ala gedirdik. Orda 28 şəhid verdik. İmkan vermədilər ki, şəhidlərimizi götürək. Biz 19 gündən sonra şəhidlərimizi neytral zonadan çıxartdıq. Üstlərindəki silahları ermənilər götürmüşdülər. Həsənov Əzim Fikrət oğlu, Elyasov Cəfər Yavər oğlu şəhid oldu. Onlar xidməti əsgər idilər. Əzimi özüm təxliyə etdim. Mənimçün ən ağır gün o idi. Çiyin-çiyinə döyüşdüyün, bir şəhərdə böyüdüyün və yaxından tanıdığın dostunu itirəndə adam həqiqətən də pis olur. O anda hər şey ağlından keçir.
Xocavənddə ermənilərin bir hərbi hissəsi vardı. Orda yol boyu öz qəhrəmanlarının şəkillərini vurmuşdular. Heç bir kömək gəlmədən həmin hərbi hissəni aldıq. O zaman bu çox qürurverici idi. Polkovnik Tehran Mənsimov öz çıxışlarının birində qeyd etmişdi ki, o hərbi hissəni alanların heç biri hərbçi deyildi, onlar səfərbərlik zamanı gələn müxtəlif peşə sahibləridir.
Qəhrəmanov Elvir Nadim oğlu 1988-ci ildə Mingəçevirdə doğulub. 13 saylı orta məktəbdə təhsil alıb. Mingəçevir Turizm Kollecini idman müəllimliyi ixtisası üzrə bitirib. 2006-cı ildə hərbi xidmətdən sonra həyatını hərbiyə həsr edib. Hərbi rütbəsi gizirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Atam Birinci Qarabağ müharibəsi veteranıdır. Uşaqlıqdan həvəsim hərbçi olmaq olub. Hərbiyə yollanmaq istəyi ilə 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçdim. İlk xidmət yerim Göranda “N” saylı hərbi hissə olub. Üç ordu korpusunda xidmət etmişəm. Hərbi qulluqçulu kimi 14 illik həyat yolu keçmişəm. Bir neçə hərbi hissədə kəşfiyyat tağım komandiri kimi fəaliyyət göstərmişəm.
Bizim hərbi qulluqçu kimi təcrübəmiz vardı. Döyüş olacağı barədə məlimatlıydıq, hazırlaşırdıq. Təlimlər keçilirdi bizə. Səfərbərlikdən gələnlərin təcrübəsi olmadığı üçün onlar da təlimə cəlb olunmuşdular.
Sentyabrda biz Füzuli istiqamətində döyüşlərə qatıldıq. Bizim Beylaqandakı “N” saylı hərbi hissəmiz çox ağır döyüş yolu keçdi. İkinci korpusun tərkibində idi. Hərbi hissə komandirimiz Vilayət Quliyev Füzulini azad etməyi öz öhdəsinə götürmüşdü. Çox döyüş yoldaşlarımızı itirdik o döyüşdə. Öz kurs yoldaşım, dostum İlkin Ağayevin qucağına minamyot düşdüyünü uzaqdan gördüm. Onların cənazələrini yiğmişdiq. Çox ağır anlar idi.
Füzulidə Narlıq deyilən çətin bir ərazi var. Girişini görürsən, amma çıxışını görə bilmirsən. Sərt bir yerdir. Nar plantasiyasıdır. Biz ordan yuxarını görmürdük. Ermənilər isə yuxarıdan aşağı istənilən yerə minomyot atırdılar. Orda şəxsi heyəti mühasirəyə saldılar. İtkilərimiz çox oldu. İlk dəfə gələn dostlarımızın döyüş təcrübəsi olmadığı üçün bir az səriştəsiz döyüşürdülər. Kim deyirsə ki, döyüşdən qorxmuram, yalan deyir. Biz hərbçilərlə nisbətdə yeni gələnlər çox qorxurdular. Sadəcə Vətən və döyüş hissi yüksək idi bizdə. Məqsədimiz torpaqlarımızı düşməndən azad etmək idi. Bu mübarizə axıra çatmalıydı. O yarımçıq qala bilməzdi. Başqa çıxış yolu yox idi. Ona görə hamımızda bir fikir vardı ki, irəli getməliyik, döyüşməliyik, torpaqlarımızı almalıyıq.
Sonra Qubadlı istiqamətinə yönəldik. Sığnaq, Çanaqçı, Daşaltı istiqamətlərində də döyüşlərimiz çətin oldu. Birinci Qarabaq savaşından Daşaltı və Topxana yadımızdaydı və bizə demişdilər ki, orda ölümü gözaltına alın. Orda ən ağır döyüşlər getdi. Yağışlı hava, yer palçıq, əlverişsiz mövqe. Ərazini tanımırdıq, sadəcə relyefə uyğun hərəkət edirdik. Oktyabrın 17-də təsadüf nəticəsində sağ qaldım. Gecə saat 2-də əmr gəldi ki, hazırlaşın, qarşıdakı postu götürməyə gedirsiniz. Biz xeyli irəliləmişdik. Qrupla posta tərəf gedirdik. Maşınların gizlədilməsi üçün səngər-val deyilən bir yer var, orda durmuşduq. Mən valın ətəyindəydim. Ora da yüksəklik idi. Birdən hiss etdim ki, arxama gurultulu səslə nəsə düşdü. Onun dalğası məni ağzı aşağı qayalığa çırpdı. Qəlpələr onurğama, bədənimə, başıma girdi. Bədənimdə hələ də var qəlpələr. Mərmi arxamdakı əsgərin bədəni dağılmışdı. Şəhid olan yoldaşlarım oldu. Zərdabdan İlkin adlı bir oğlan vardı. Beş oğlanla oturublarmış. Yanlarına minamyot düşdü, beşi də şəhid oldu. Beş dəqiqə sonra müharibənin bitdiyi elan olundu.
Biz qabaqda getdiyimiz üçün önümüzdə təxliyə qrupu yox idi. Həm də açıq ərazi olduğu üçün ora maşın gələ bilmirdi. Yaralıları və şəhid olanları o ərazidən öz döyüş yoldaşlarımız çıxarırdı. Hatim Əliyev məni çiynində 13 km sürüyərək gətirmişdi. Özümdə olmamışam, huşum özümə gələndə elə bilirdim ki, əsir düşmüşəm. Evimizə olüm xəbərini vermişdilər. Zəng edib demişdilər ki, Elvir Qəhrəmanov artıq həyatda yoxdur. Bizimkilər Hərbi Komissarlığa gedəndə demişdilər ki, itkin düşüb, dəqiq məlumat yoxdur onun haqqında. Təxliyə olunanda ya yaralı, ya şəhid kimi qeyd edirlər. Ta ki hospitala çatıb qeydiyyata düşənə kimi. Altı gün koma vəziyyətində olmuşam. Ayılanda kim olduğumu dedim. Sonra evə xəbər veriblər ki, sağam. Karantin dövrü olduğu üçün görüş də verilmirdi. Yeriyə də bilmirdim. Üç ay çox əziyyət çəkdim. Havalar soyuyan kimi onurğamda olan problemlər baş qaldırır. Gözdə yüzdə altı faiz görmə qabiliyyəti var, qulağım bir az ağır eşidir. Psixoloji durumumla bağlı problem yaşayıram. Üç aydan bir müalicə alıram. Biz qazilər deyirik ki, şəhid olan şəhiddir, qazilər isə təsadüf nəticəsində sağ qalan şəhidlərdir.
Qələbə xəbərini hospitalda eşitdim. Hər yerim gipsdə idi. Zəng gəldi ki, gözün aydın, müharibə dayandı. Bu elə bir hiss idi ki, elə bil insan yenidən doğulur. Qürurverici o hisdir ki, biz qalib ölkənin qəhrəmanlarıyıq. Şuşanın azad olmasında iştirak etmişəm. Amma orda gəzəndə düşünürdüm ki, yəni mən Şuşadayam? Orda dörd dəfə olmuşam. Birinci Zəfər Bayramını da Şuşada qeyd etmişəm. Gecə Şuşadan Xənkəndinə baxanda o da çox gözəl görünürdü.
Texnika döyüşün bir saylı artileriya sistemi sayılır
Cavadov Cavid Sahib oğlu 1988-ci ildə Mingəçevirdə doğulub. 2006-cı ildə hərbi xidmətdə olub. 44 günlük Vətən müharibəsində sürüçü mexanik – tankçı kimi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin Polad Həşimova, onu görmədən, tanımadan vətənpərvərlik hissini ondan almışam. Burdakı qardaşlar kimi döyüş görməmişəm. Bir növ arxa cəbhədə olmuşam. Biz tankçılar piyadanın arxasından gedirdik. Kordinatlara uyğun olaraq hədəfləri vurub, ordunun irəliləməsinə şərait yaradırdıq. Zirehli texnikanın mərmiləri düşmənin postunu, qərargahını, möhkəmlənmiş sığınacaqlarını vurmasa, döyüş heyəti-piyadalar irəli gedib uğur əldə edə bilməz. Düşmən isə 30 ildə o siğinacaqları, istehkamları bərkitmişdi. Texnika döyüşün bir saylı artileriya sistemi sayılır. Məsafədən hədəfi vurub, öz yerinə çəkilir. Biz texnikanı tərk edə bilməzdik. Təbii ki, itkilərimiz də oldu. Bütün çətinliklərə baxmayaraq, uğurlu yol keçdik. Ağdam, Xocavənd və Cəbrayıl istiqamətlərində döyüşdüm. Qələbə xəbərini Qubadlıda eşitdim.
Döyüş yoldaşı olan doğma əmisi ilə birlikdə
Abuşov Tahir Sakit oğlu 1998-ci ildə Mingəçevirdə doğulub. Bir ailədən dörd kişi Qarabağ savaşında iştirak edib. Atası da Birinci Qarabağ əlilidir. Bir əmisi 1992-ci il Qarabağ Müharibəsi şəhididir. Tahir digər əmisi ilə 44 günlük müharibədə bir hərbi hissədə döyüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ““Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Sentyabrın 29-da əmim Elman Abuşovu yola saldıq, ertəsi gün ayın 30-da mən getdim müharibəyə. Ağcabədidə bir məktəbdə iki gün qalandan sonra oktyabrın 1-də Beylaqan rayonunun “N” saylı hərbi hissəsində cəmləşməyə getdik. Oktyabrın 3-də Füzuli istiqamətində bölmələrə bölünüb, döyüşə girdik. Oktyabrın 20-nə kimi mən döyüşdüm və Hadrut istiqamətində yaralandım. Məni Horadis hospitalına təxliyə etdilər. Orda bir gün ağır vəziyyətdə qaldığıma görə, Şəki modul tipli hospitalına göndəriblər. 10 gün orda qaldım. Sonra Qax rayon mərkəzi xəstəxanasına göndərdilər. Beş gün də olda qalandan sonra Şəmkirin hospitalına yerləşdirildim. İki gündən sonra artıq dözə bilmədiyim üçün təkrar döyüşə getmək istədiyimi bildirdim. İsrar etdiyim üçün məcbur qalıb məni geri qaytardılar. Noyabrın 7-də Beylaqan rayonunda öz hərbi hissəsinə gətirildim. Noyabrın 8-i gecə saatlarında vəziyyətim ağır olduğuna görə otaqda tək idim. Uşaqlar digər otaqdakı televizorun qarşısına yığılmışdılar və prezidentin çıxışını gözləyirdilər. Birdən qışqırıq səsləri gəldi. Bir əsgər yoldaşım xəbər gətirdi ki, gözümüz aydın, müharibə bitdi. O anda bədənimdə bir titrəmə hiss etdim. Sevincimdən və həyacandan vəziyyətim bir az da pisləşdi. Həmin gecə iki dəfə sakitləşdirici iynədən sonra yata bildim. Qələbə sevincini səhərisi gün yaşadım. Allah Birinci və İkinci Qarabağ savaşındakı cəmi şəhidlərimizə, Xocalı qətliamında dünyasını dəyişənlərin hamısına rəhmət eləsin, ruhları şad olsun. Bir yandan sevinirəm, digər tərəfdən də bu qədər şəhid olan tanıdığımız və tanımadığımız oğullar və onların ailələri üçün üzülürəm. Bundan sonra heç kim gözüyaşlı olmasın. Qazilərimizə də can sağlığı diləyirəm.
Döyüşə girəndə canımızı deyil, qələbəni düşünürdük
Mehdiyev Anar Aslan oğlu 1985-ci ildə Mingəçevirdə doğulub. Tibb Kollecini bitirib. Lakin ixtisası üzrə işləməyib. Həyatını hərbiyə həsr edib. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursda olub. Həmin ildən müddətdən artıq həqiqi xidmət qulluqçusu kimi orduda xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
İxtisasım motoatıcı olsa da, BTR-82a zirehli texnikasında tuşlayıcı-operator kimi Suqovuşan –Talış kənd istiqamətində gedən döyüşlərə qoşuldum. Sentyabrın 29-da yaralandım. Oktyabrın 12-də yenidən döyüşə qatıldım. Yaralandığıma görə məzuniyyət verdilər. Şuşanın azad olması xəbərini Mingəçevirdə eşitdim. Xalqımın, uşaqların sevincini görəndə düşünürdüm ki, bu qələbədə mənim də xidmətim oldu. Döyüşlər və şəhid olan yoldaşlarımız hələ də gözlərimin önündən getmir. Onlar haqqında keçmiş zamanda danışmaq mənimçün çox çətindir. Ən ağrılı olan isə eyni texnikada mənimlə birlikdə olan və mənim yanımda şəhid olan mingəçevirli Əliyev Elman Rafiq oğlunun ölümü oldu. Mən yaralananda onun şəhid olduğunu bilmirdim. Sonra öyrəndim və buna görə də Mingəçevir şəhər Xəstəxanasına gətirilməyimi istəmirdim. Çünki Elmanın anası o xəstəxanada çalışırdı. O qadının üzünə baxa bilməyəcəkdim.
Bütün şəhidlər bizim üçün əzizdir. İbrahimov Alim Səhrab oğlunun şəhid xəbəri bizi sarsıtdı. Babayev Allahverdi Ələt oğlu – onların texnikası vurulmuşdu, onlar piyada döyüşürdülər. Allahverdi bizə istiqamət göstərirdi. Biz getdik çatdıq Kamera postuna, orda iki saatdan sonra eşitdik ki, şəhid oldu. Gözləmədiyimiz bir xəbər idi o. Dayanıb söhbət etdiyimiz yerdə düşmən hücuma keçdi. Beş dəqiqə sonra qubalı Məmmədov Urfan Çingiz oğlu elə gözümün qarşısında şəhid oldu. Belə anı uzun müddət unuda bilmirsən və bu sənə əzab verir.
Bilirsiz qorxu hissi nədən olardı? Müharibəni uduzsaydıq, o zaman bu hissi yaşayardıq. Çünki evə qayıdanda kiminsə üzünə dik baxa bilməzdik. Ona görə də mütləq qələbə çalmalıydıq. Məqsədimiz tək bu idi. Döyüşə girəndə canımızı deyil, qələbəni düşünürdük.
Qələbənin xoş xəbərini mənə döyüş bölgəsində yox, hospitalda çatdırdılar
Vəliyev Nurlan Nəriman oğlu 1980-ci il oktyabrın 21-də Mingəçevirdə doğulub. 8 saylı tam orta məktəbi bitirib. Ailədə üç qardaşın hamısı hərbçidir. Kiçik qardaşıyla Nurlan 44 günlük müharibədə yaralanıblar. Nurlan xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararlı sayılmayıb. Qardaşı isə yenidən hərbiyə qayıdıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Rütbəm əsgər olub. Kəşfiyyatçı snayperəm. 2014-cü il, sentyabrın 26-dan Tərtər bölgəsində xidmətdə olmuşam. Generalımız Polad Həşimov dünyasını dəyişəndən iki gün sonra hərbi səfərbər olduq. Bütün bölgələrə dağıldıq. Tərtər bölgəsində müdafiə zolaqlarında təlimlərə başladıq. Artıq bizə məlumat verilmişdi ki, son məqamdı, müharibə başlayacaq. Bir-iki ay hər ixtisas üzrə təlimlər keçirildi. Aran qəsəbəsində təlimdə olduq. İlk döyüşüm sentyabrın 27-də Tərtər rayonunun ərazisində-Tülkü dərəsindən başladı. Orda bir anlıq mən şok vəziyyətinə düşdüm. Müharibə gedən zaman mənim öz iş yoldaşım Elməddin və Şəmsi Əliyev qardaşları qucaqlaşaraq yandılar. Qumbaraatanın mərmisi Elməddinin çiynində partlamışdı. Mən onlara kömək edə bilmədim. Seyidov Eşqini snayperlə vurdular. Biz heç vaxt şəhidlərimizi unuda bilmərik. Çünki o hadisələri yaşamışıq.
Mənim ağır döyüşüm Suqovuşan istiqamətində olub. Bizə əmr verilmişdi ki, yüksəkliklərdən birini alaq. Suqovuşanın sol tərəfində Çaylı kəndi var. Bu kənd uğrunda beş gün ac-susuz döyüşmüşük. Çünki döyüş gedən əraziyə təminat gələ bilmirdi. Ərazi yüksəklik olduğu üçün ora ərzaq gətirən maşınları vururdular. Yalnız cənab prezident İlham Əliyev atəşkəs elan etdiyi gün bizi ordan çıxartdılar.
Oktyabrın 12-də axşam saat 5-də cənab polkovnik Ruslan Ağasiyevdən əmr gəldi ki, ayın 13-də Ağdərə istiqamətindən Tülküdərəsi təfəfə keçid olacaq, Bütün snayperlər mövqelənməlidir. Bizə də tapşırıldı ki, səhər saat 07.30-da birinci artileriya atışından sonra snayperlər sərbəst atışa hazır olsun. Bir-iki saat əvvəl biz artıq öz mövqelərimizi tutmuşduq. Səhər tezdən həm erməni, həm də biz tərəfdən artileriya döyüşləri başladı. Mən də həmin vaxt 9 ədəd qrad mərmisinin dalğasına düşdüm. Kəllə-beyin sirkələnməsi ilə beş gün koma vəziyyətində olmuşam. Qulağımın biri 3 metr, o biri 1 metr məsafədən eşidir. Sinir sistemimin hamısı zədələnib. Oktyabrın 14-də səhər tezdən saat səkkizin yarısında yaralandım. Gecə saat 2-də Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılmışam. Qulaqlarımın hər ikisində qan açılmışdı. Sonra Şəmkir, Gəncə, Quzanlı, Sarıcallı və Papanin hospitalında müalicə olunmuşam. Bir il bu müalicə ocaqlarını gəzəndən sonra qazi statusuna layiq görüldüm. III-cü qrup əliləm. Bu günki gündə fəxr edirik ki, başladığımız işi sona qədər çatdırdıq. Amma qələbənin xoş xəbərini mənə döyüş bölgəsində yox, hospitalda çatdırdılar. Dedilər ki, qələbə bizimdir, müharibə bitdi. Həmin anda mənim gözlərimdən bir yaş gəlirdi ki… Həyəcan, stress, müharibə nə deməkdir? Bu hisləri yaşayanlar bilir. Real həyatda bunları yaşamayanlar o qədər də dərk edə bilmir. Biz öz ana vətənimiz, doğma torpağımız üçün bunları yaşadıq ki, Azərbaycan xalqı, gələcək nəsillər rahat yaşaya bilsin.
Azərbaycan ordusu az vaxtda – 44 gündə işğal olunmuş torpaqları azad etdi
Seydimov İsmayıl Qüdrət oğlu 1984-cü il yanvarın 22-də Şəki rayon Köbər Zəyzid kəndində anadan olub. Uzun müddət dövlət orqanlarında işləyib. Doqquz ildən artıq polis sistemində çalışıb. Yaralanıb, II qrup əlildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Bununla üçüncü döyüşüm idi. O vaxt Zaqatala, İsmayıllı meşəsində fəaliyyət göstərən “Meşə qardaşları” dövlət çevrilişinə can atırdılar. Həmin təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün aparılan döyüşlərdə iştirak etmişəm. Sonra ordu sıralarına gəldim. 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başladım. 2016-ci ildə aprel döyüşlərində fəal iştirak etdim. Məni Təlim və Tədris Mərkəzinə göndərdilər. Bizim komandanlıq məni gizir rütbəsinə və döyüş maşın komandiri vəzifəsinə təyin etdi. Döyüşə girdiyim maşına da maşın komandir vəzifəsinə qaytardılar. O mənim texnikam idi və mən ona canı-dildən qulluq edirdim. Mənim nailiyyətlərim, qazandığım qələbə o zirehli texnikanın-BMP-2 döyüş maşınının sayəsində olub. Çünki o texnikaya o qədər yiyələndim, ona yaxşı qulluq etdim ki, yoladaşlarımızla, Azərbaycan ordusu ilə birgə qalibiyyət əldə etdik.
Apreldə başlayan döyüş bəlli yerə qədər oldu. Onda da bizim qalibiyyətimiz oldu. Amma 44 günlük müharibə Vətən müharibəsi idi. Biz işğal olunmuş əraziləri azad etdik. Dövlətin və ordumuzun gücü ilə erməni ordusuna qalib gəldik, torpaqlarımızı da azad etdik.
BMP-2 döyüş zamanı şəxsi heyəti bir tərəfdən başqa bir yerə daşımaq üçün təyin olunan bir texnikadır. Avtomatikdir, çox güclü artileriya sistemi və güllələrlə təchiz olunan bir texnikadır. Düşmən BMP-2 gəlir deyəndə çəkinirdi. Çünki o düşmənin mövqelərini, istehkam qurğularını, sığınacaqlarını dağıdır. Artileriya, atış sistemi güclü olduğundan düşmənə zaman vermir. Əlini tətiyə qoysan 500 ədəd mərmini dayanmadan atır.
Mənim də yanımda şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əli və İslam qardaşlarından İslam Əhmədov mənim yanımda şəhid oldu. Yevlaxlı mayor Rəşad Budaqov da mənim qarşımda BMP-2 maşınında şəhid oldu. Bu, düşmənin dayaq məntəqələrinə hücum edən vaxtda baş verdi.
Əgər döyüşməsən, can verməsən, nə torpağı, nə yoldaşını qoruya bilməzsən. Mən Talış, Suqovuşan istiqamətində yaralanmışam. Birinci dəfə sentyabrın 27-də yaralandım, 28-də neytraldan çıxarıb gətiriblər. Mingəçevirdən yenidən könüllü olaraq döyüşə qayıtdım. Şəhid olan gizir qardaşımızın maşınına təyin olunub, yenidən döyüşlərdə iştirak etdim. Qələbəyə qədər bu maşında döyüşdüm.
Cənab prezidentimizin düzgün siyasəti, Azərbaycan ordusuna dəstəyi, xalqımızın köməyi və əsgərlərin iradə, cəsarət, gücüylə torpaqlarımızı ermənilərdən aldıq. Mənim valideylərim qorxma, irəli get deməsəydi, məni gizlətsəydi, mənim timsalımda elə digər qaziləri də gizlətsəydilər, bugün bu torpaqlar geri alınmazdı. Cənab prezident ordunun gücünü bilirdi. Onun gücüylə silahlarımız alınıb, ordu gücləndi. Onun əmri və dəstəyi ilə ordumuz qələbə çaldı. Başqa dövlətlərlə müqayisədə Azərbaycan ordusu çox az vaxtda – 44 gündə işğal olunmuş torpaqları azad etdi.
Mən yaralanandan iki-üç gün sonra Ülvi şəhid olubmuş
Məcidli Mehralı Cahangir oğlu 1992-ci ildə Mingəçevirdə anadan olub. Təhsili ortadır. II qrup İkinci Vətən müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Sentyabrın 29-da Nurlan Vəliyev və İsmayıl Seydimovla birlikdə müharibəyə getdim. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində döyüşmüşəm. Şuşa istiqamətində başımdan yaralandım. Güllə qaldı başımda. Yadımda qalanlardan biri odur ki, Şuşada yaralandığım zaman yanımda mingəçevirli Həsənov Ülvi Natiq oğlu adlı bir əsgər var idi. Biz kəşfiyyat bölümündə idik. Bir-birimizin telefon nömrəsini almışdıq. Noyabrın 4-də gecə saat 1-də Şuşakənddə atışma başladı. 20 yaralı, 3 şəhidimiz oldu. Mən yaralananda tərxis olundum. Sonra Ülviyə yazanda ailəsi dedi ki, şəhid olub. Mən yaralanandan iki-üç gün sonra Ülvi şəhid olubmuş. İnanmazdım. Biz bir yerdəydik. Bu hadisə mənə çox pis təsir etmişdi. Döyüş vaxtlarından xatirələrimiz çoxdur. Amma onlar haqqında danışa bilmirəm, üzürlü sayın.
Şuşaya zülmlə qalxdığımız yolları bütün maşınlar işıqlarını yandıraraq, çox rahatlıqla enirdilər
Məmmədov Teymur Polad oğlu 1989-cu ildə aprelin 2-də Mingəçevirdə anadan olub. 2017-ci ildə tank sürücülüyü ilə bağlı kursu bitirib. 2018-ci ilin avqust ayının 10-na kimi işləyib və öz istəyi ilə tərxis olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Çox döyüşlərdə iştirak etmişəm. 2020-ci il, oktyabrın 5-də könüllü olaraq döyüşlərə qatıldım. Füzuli, Qubadlı və Şuşa istiqamətində döyüşlərdə iştirak etmişəm. Birinci döyüşümüz Füzuli rayonunun Aybasanlı kəndinin Narlıq deyilən ərazisində oldu. Ağır döyüş keçdi və çox şəhid verdik orda. Noyabrın 8-də Şuşanın altında, Xankəndinə gedən yolun üstündə düşmən tank mərmisiylə bizi vurdu. Yanımızda ağır yaralananlar da, şəhidlərimiz də oldu. Polkovnik Tehran Mənsimovun rəhbərliyi altında Şuşaya kimi ağır yollar qət elədik. O bizi qayalıqla, keçilməz kolluqla, bir sözlə, elə çətin yollarla apardı və biz Şüşaya girdik. Sonra o, bir qrupla Xankəndinə getdi…
Bu bəxtdimi, alın yazısı idimi, bilmirəm, Şuşaya kimi mərmi, güllə – heç biri tutmadı məni. Beş metr yaxınlığıma mərmi düşdü, mənə xəsarət yetirmədi. Amma noyabrın 8-də Şuşada axşam saat 6-da düşmən üç mərmi atdı, ikisi bizim hərbi hissəyə düşdü. Hüseyn adlı bir əsgərimiz mənim qollarımda can verdi, dünyasını dəyişdi. Allah şəhidlərimizə rəhmət eləsin. Ağrılı vəziyyət idi. Danışmaq çətindi bu barədə.
Qələbə sevincini Şuşada göz yaşlarımla yaşadım. İlk Zəfər günümüzü də Şuşada qeyd etdik. Biz yaralı halda Şuşanın Daşaltı kəndindən təxliyə olunduq. Amma hələ də inanmırdıq ki, müharibə belə tezliklə bitər. Sevindirici hal o idi ki, zülmlə qalxdığımız yolları bütün maşınlar işıqlarını yandıraraq, çox rahatlıqla enirdilər. Onu da deyim ki, müharibə zamanı həqiqətən də Xankəndində yaşayanlar da qorxu içindəydilər. Gecələr işıqları söndürürdülər, sanki yox olurdular.
Kəşfiyyat briqadanın eşidən qulağı, görən gözüdür
Əhmədov Teymur Cəfər oğlu 1995-ci ildə Rusiya Federasiyasının Kostrama vilayətində anadan olub. Mingəçevirdə böyüyüb. 8 saylı tam orta məktəbdə səkkizinci sinfə qədər oxuyub və Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Sonra isə 2010-2013-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. Hərbi rütbəsi baş leytenantdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
2017-ci ildə leytenant hərbi rütbəsi aldıqdan sonra Füzuli rayonunun “N” saylı hərbi hissəsində xüsusi təyinatlı kəşfiyyat komandiri vəzifəsinə təyin olundum. İki il yarım müddət ərzində ön xətt briqadasında müəyyən zabitlik mərhələləri keçdim. Sonra Yevlax rayonu Aran qəsəbəsində “N” saylı hərbi hissəyə bərabər vəzifəyə təyin olundum. 2020-ci il sentyabr ayının 26-da İkinci Qarabağ müharibəsinin kəşfiyyat qruplarının tapşırığını hərbi hissə komandirindən şəxsən aldım. Ayın 26-da axşam saat 10 radələrində 2016-ci ildə Polad Həşimovun aldığı Polad postunda gəcələdik. Sentyabrın 27-də saat 5-də əsas xətdə döyüş vəziyyətini aldıq və əmr gözlədik. Saat 7 radələrində artıq artileriya bölmələri və düzünə tuşlama tank BMP motoatıcı bölmələri döyüşə hazır idi. Döyüş qaydasına uyğun olaraq, ilk atışı müəyyən mövqeləri-ehtiyatları vurdu və sonra quru qoşunları və kəşfiyyat taktiki qrupları fəliyyətə başladı.
Kəşfiyyat qrup komandiri kimi mən tapşırığı bilirdim. Biz cəbhə xəttini yarmalı və keçməliydik. 30 il düşmənin hazırladığı mühəndis-istehkam qurğularını, postları və möhkəmləndirilmiş mövqelərini biz götürməliydik. Saat 07.10-da bizim kəşfiyyat qrupuna cəbhə xəttini yarmaq barədə komanda gəldi. Təbii ki, ilk gündə düşmənin uzun illər ərzində hazırladığı o istehkam qurğularını və minalı sahəni keçmək çətin idi. Bizim istehkam bölmələri və qrupun daxilində olan istehkamçı kəşfiyyatçılar vasitəsilə minalanmış sahələrdən sürətli keçidləri açdıq. Düşmənin birinci eşelonunu-postlarını yaxın təmas döyüşləri-əl qumbarası və avtomatla ələ keçirdik. Düşmənin atdığı minamyot nəticəsində neytral zolaqda ilk şəhidimizi verdik. Bu Beyləqan rayonunun Qəhrəmanlı kəndindən olan Əliyev Pərvin Vüqar oğlu idi. Deyərdim ki, o Silahlı Qüvvələrin ilk şəhidi idi. Keçid açılandan sonra biz düşmənin Xarabalıq postunu götürdük. Sapyor bölük komandiri Bəkir Əsgərzadə növbəti qrupa keçid açmağa gedəndə minaya düşdü və sol ayağını itirdi. Bir ayağı olmasa da növbəti qrupu cəbhə xəttindən keçirmişdi. O, “Qarabağ” ordeninə layiq görüldü.
Döyüşün başlamasından bir saat ərzində biz artıq birinci eşelonu düşməndən azad etdik. Qruplarla birləşib yaralıları və şəhidlərimizi təxliyə etdik. Sonra komplektləşib düşmənin ikinci eşelonuna girməli olduq. Orda da şəhid və yaralımız həddindən artıq çox oldu. Amma orda düşmənin xeyli sayda qüvvəsini məhv etmişdik. Məlumatı artileriyaya ötürürdük, o da bizi dəstəkliyirdi.
Mühəndis, rabitə, kəşfiyyat, artileriya, sanitar- təlimatçı, piyada – bunların hamısı bir-birini tamamlayanda döyüş uğurlu olur. Artileriya bizi dəstəkləməsəydi, düzünə tuşlama həmin postları vurmasaydı, bizim o əraziyə girməyimiz qeyri-mümkün olardı. Ona görə, döyüşdə bütün ixtisasların rolu böyükdür. Biz onu gördük. Yəni rabitə əlaqəsi olmasaydı, idarəetmə itə bilərdi. Biz mövqeləri götürəndə rabitə ilə əlaqə saxlayırdıq. Kəşfiyyat briqadanın marağında fəaliyyət göstərən bir bölmədi. O briqadanın eşidən qulağı, görən gözüdür. Onu belə adlandırırlar. Bütün müharibələri tarixi onu göstərib ki, kəşfiyyatsız fəaliyyət uğursuz alınıb. Bu fəaliyyət yüksək peşəkarlıqla aparılıbsa, orda qalibiyyət olub. Bizim də üzərimizə düşən vəzifə o idi ki, yaxın təmasla səngər döyüşləri aparaq.
Kəşfiyyat ixtisası ağır bir bölmədi. Sülh dövründə bizə ağır təlimlər keçirilirdi. Səngər, yaşayış məntəqələrin, dağda döyüşlərin aparılması, hava desant hazırlığı təlimləri keçirilirdi. Bu kimi təlimlər Şuşa əməliyyatında öz sözünü dedi.
Biz qalib bir orduyuq. Qürur hissi keçirirəm ki, Azərbaycan zabiti olaraq, İkinci Vətən müharibəsi mənim dövrümə təsadüf etdi. Baxmayaraq ki, mən düşmənin çoxsaylı qüvvəsi ilə üzbəüz çıxdım və beş güllə yarası aldım, bu gün salamatam. Bilirəm ki, burda oturan qardaşlarım-yoldaşlarım da mənimlə eyni fikirdədir. Yenə müharibə vəziyyəti yaranarsa Azərbaycanımızın müdafiəsinə qalxmağa canımızla-qanımızla hazırıq.
Kəşfiyyat bölməsi olaraq biz 23 nəfər şəhid vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O ərazilərin hər qarışında onların qanı var. Onların qan tökməyi sayəsində biz nailiyyət əldə etdik.
Şamiyev Sahib Ağabəy oğlu 1987-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” (3-cü dərəcəli) və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Sentyabrın 27-də anamla Bakıdan Ağdaşa qayıdırdım. Yol boyu tanklar, BTR-lər düzülmüşdü. Maşının pəncərəsindən başımı çıxarıb qışqırdım ki, mən də döyüşə gələcəyəm. Sentyabrın 28-də Mingəçevir Hərbi Komissarlığına gəlib, könüllü hərbiyə yazıldım. Həmin gün axşam zəng gəldi ki, gəl, döyüşə gedəcəksən. Səhər saat 11-də artıq hazır vəziyyətdə gözləyirdim. Axşam bizi – 16 nəfər könüllünü cəbhəyə yola saldılar.
Bizi apardılar “N” saylı hərbi hissəyə. Ağcabədiyə, Taxtakörpü qəsəbəsinə gəldik. Ermənilər ordakı hərbi hissəni vurmaq istəyəndə mərmi kəndə düşmüşdü. Onun küləyi yeməkxanada olarkən bizi bərk silkələmişdi. Orda helikopter həmləsi var idi. Düşmənin əks hücumunun qarşısını almaq və onun mövqeyini vurmaq üçün 4-5 helikopter havaya qalxdı. Bundan sonra hərbçilərimiz qənimət kimi iki tank və çox sayda maşın gətirdilər.
Oktyabrın 3-də Füzuli rayonunun Horadis istiqamətində alınan Rüzgar-Vilayət və 21-ci postunda mövqelənməyə getmişdik. Sonra Füzulidən Cəbrayıla yollandıq. Amma orda bizi çox qalmağa qoymadılar ki, düşmən uzaqmənzilli raketlə vura bilər. Oranın şəxsi heyəti yetərli idi. Ordan bizi Hadruta apardılar. Polis idarəsinə gəldik. Biz Hadruta ilk girəndə minamyot atıldı, 2-ci taborun 8-ci bölüyü 8 şəhid vermişdilər. Mən 2-ci taborun tank əleyhinə tağımda idim. Hadrutda bizi şahmatvari minamyot atəşinə tutdular. Hadrutdan Xocavəndə getdik. Məmməddərə kəndi (Mamedazor) sonra Tuğ kəndinə gəldik. Orda bir maşınımızı vurdular, xoşbəxtlikdən içində şəxsi heyyət yox idi. Üç gündən sonra biz Şuşaya qalxdıq. Şuşada 1221 təpəlik var. Orda da bir neçə dəfə hüçuma keçdik. Deyirdim ki, bir-birimizi tək qoymayaq. Saatlıdan Bayramov Fərrux Bayram oğlu vardı, o çox ürəkli, cəsur oğlan idi. Elə bil anası onu Qarabağ zonasında dünyaya gətirmişdi. Hər yeri tanıyır, hər mövqeyi bilirdi. Mən qarşıya atırdım, o isə yana. Bir birimizə dəstək verir, həm də qoruyurduq. Biz ona “Qoca” deyirdik. Birdən o yıxıldı, dedilər ki, “Qoca” vuruldu. Düşmən onu boğazından vurmuşdu. Biz mühasirədə idik. İmkan vermirdilər yaralıları çıxaraq. Onu bir kənara çəkdilər. Cəmisi 4 saat sağ qaldı. Ondan danışmaqla bitməz. Fərruxdan az sonra bizim tağımımızdan Qazax rayonundan olan Qurbanov Elçin Məcid oğlu şəhid oldu. Bir minamyot da atdılar, Beylaqanlı Şirin Mustafalı ağır kantuziya oldu. Hava dronu gəldi, vurduq, amma artıq gec idi, çünki kordinatlarımızı ötürmüşdü. Əsgərlər yığışıb iki şəhidimizi düşürtdülər, bizə dəstək gəldi.
Təminat gəlmişdi. Bir ağacın altında oturub yemək yeyirdik. Əsgərlərin bəziləri düşmən gülləsindən daldalanmaq üçün yer qazırdılar. Mən də Şuşada bərk soyuqlamışdım. Namiq müəllim məni getməyə qoymadı. Yanımda qal, dedi. Noyabrın 8-də istirahət edirdik. Məlumat gəlmişdi ki, erməni diversiya kəşfiyyat qrupu gəlir, hazırlıqlı olun, hər anda döyüş olar. Bir nəfər sevincək halda içəri girdi. Dedi ki, müharibə qurtardı, qalxın. Biz elə bildik zarafat edir. Şəbəkə gələn kimi həmin oğlana evdən zəng gəldi. Baxdıq ki, cənab prezidentimiz İlham Əliyev xalqımızı təbrik edir. Qələbə sevincini Şuşada aldım.
Şərhlər bağlıdır.