Qazaxda “Humanitar Tədqiqatlar” İctimai Birliyi ictimai müzakirə təşkil edib
Məqsədi cəbhəyanı regionda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir
“Humanitar Tədqiqatlar” İctimai Birliyi Qazax rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən tədbirə 29 nəfər Qazax rayon sakini qatılıb.
Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi cəbhəyanı regionda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir. Belə ki, Azərbaycan 44 günlük Vətən Müharibəsinin nəticələrinin beynəlxalq miqyasda legitimləşdirilməsi istiqamətində də ardıcıl və səmərəli fəaliyyət həyata keçirməkdədir. Respublikamız müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də beynəlxalq hüquqa əsaslanan mövqeyini aydın şəkildə ifadə edir. Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağı bəyan edib. Layihə çərçivəsində Ağdam, Tərtər, Bərdə və Qazax rayonlarının hər birində bir dəfə olmaqla, ümumilikdə 4 ictimai müzakirə keçiriləcək. Təmas xəttində illərlə atəş altında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün həyata keçirilməsi vacib olan addımlarla bağlı region sakinlərinin rəyləri öyrəniləcək. Həyata keçirilən fəaliyyətin nəticəsi olaraq Ermənistanla sülhə nail olunması, ermənilərlə birgəyaşayışla bağlı cəbhə xəttində ictimai rəylə bağlı hesabat hazırlanacaq”.
Daha sonra çıxış edən layihənin eksperti Rafiq Muradov bildirib ki, Qazaxda keçirilən ilk tədbirdə regionda sülhün təmin edilməsi, ermənilərlə birgəyaşayışın mümkünlüyü ilə bağlı müzakirə aparılacaq.
Aparılan müzakirələrdə iştirak edən Birinci Qarabağ müharibəsi iştirakçısı Namiq Əliyev müharibədə əlil olduğunu qeyd edib: “Biz bu müharibədə çox şey itirdik. Amma bundan sonra sülh şəraitində yaşamlıyıq. Övladlarım üçün müharibə arzu etmirəm”.
Qazax rayonunun işğalda olan Aşağı Əksipara kənd sakini ermənilərlə sülh müqaviləsi imzalandıqdan sonra sərhəddə dəmirdən divar çəkilməli olduğunu qeyd edib.
“Qarabağda yaşayan ermənilər üçün muxtariyyətə necə baxırsınız?” sualına iştirakçılar bunun ermənilərin münaqişəyə hazırlaşmaqdan ötrü yeni bir bəhanə olacağını qeyd edib.
Daha sonra mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Şərhlər bağlıdır.