Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanları araşdırılır

“Ekoloji İnformasiya” İctimai Birliyi ekoturizm mövzusunda növbəti seminarını Ağdam rayonunda keçirib

Aprelin 19-da Ekoloji İnformasiya İctimai Birliyi Ağdam rayonunda növbəti tədbirini reallaşdırıb. “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq  Ağdam Sosial-İqtisad Kollecində seminar təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla  yad ediblər.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri, layihə rəhbəri Musa Muradlı  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması ,monitorinqi və tövsiyyələrin hazırlanması ” layihəsinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb.Bildirib ki, işğaldan azad olunandan sonra möhtərəm prezidentimiz İlham Əliyevin qəhbərliyi ilə Qarabağda geniş abadlıq quruculuq işlərinə başlanılıb, ermənilərin vəhşicəsinə yerlə yeksan etdiyi şəhərlər dünyanın ən mütərəqqi memarlıq üslublarına uyğun olaraq yenidən qurulur. Darmadağın edilmiş infrastruktur bərpa olunur, kommunikasiyaların bərpası üçün nəhəng layihələr həyata keçirilir. Bütün bunlar tezliklə Qarabağın inkişaf etmiş bölgələrimizdən birinə çevrilməsi üçün zəmin yaratmış olur. Bu baxımdan da  bölgənin turizm imkanları genişlənir. Qarabağın səfalı yerləri, təmiz havası heç şübhəsiz ki, turistlərin arzularına uyğundur. Ona görə də hesab etmək olar ki, bölgədə turizmin gələcəyi üçün nəhəng layihələrin həyata keçiriləcəyi gözləniləndir. Bunun üçün də turizmin təşviqi, kadr hazırlığı kimi məsələlərə önəm verilməli, bölgəyə gələn turistləri qarşılamağa hazır olmalıyıq.

Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov bildirib ki, layihənin məramını alqışlayır. İndiki halda mina təhlükəsi olduğundan Qarabağın işğaldan azad edilən rayonlarda turistlərin hərəkəti məhdudlaşdırılsa da ümid edir ki, yaxın vaxtlarda ekoturizmlə bağlı layihələri həmin ərazilərdə də gerçəkləşdirmək mümkün olacaq. Eyni zamanda Hikmət Heydərov Qarabağın Aran bölgələrində də turizm üçün səfalı təbiət ərazilərinin olduğunu iştirakçıların diqqətinə çatdırıb. Ağcabədi – Beyləqan ərazisində yerləşən   Ağgöl Milli Parkını və Kür çayı boyunca uzanan Tuqay meşələrini ekoturizm baxımından əhəmiyyətli hesab edib.

Mərkəzin direktoru əlavə edib ki,  turizmin inkişafı dövlətin qarşıya qoyduğu prioritet sahələrdəndir. Gələcəkdə də turizmin inkişafı ilə bağlı olaraq dövlət gəlirlərinin artması gözləniləndir.

Çıxışının sonunda turizm mərkəzinin direktoru Hikmət Heydərov həyata keçirilən layihənin aktuallığını yüksək qiymətləndirmiş, layihənin işçi qrupuna uğurlar arzulamışdır.

Tədbirdə iştirak edən 9  saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev də öz növbəsində çıxış edərək Qarabağın ekoturizm imkanlarını yüksək qimətləndirib. Gələcəkdə də ekoturizmin təşviqini qarşısına məqsəd qoyan layihələrin həyata keçirilməsini gərəkli hesab edib.

Layihənin eksperti, Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev turizmin növləri barədə məlumat verib, ekoturizmin üstünlüklərində danışıb. Şuşanın ekoturizm mühitindən bəhs edən ekoloq Xosrov Musayev sıldırım qayalar üzərindən paraşütlə Daşaltı kəndinə uçan ilk turistin olduğunu qeyd edib. Bunun özünü Qarabağın təbiətinə turistlərin sonsuz həvəsi ilə əlaqələndirib. Xosrov Musayev habelə qeyd edib ki, turistlərin bölgəyə səfərləri məşğulluğun təmin olunmasına da böyük təsit göstərəcək. Yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Onu da qeyd edək ki, tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi açılıb, maraqlı diskusiya burada da davam etdirilib.

Şərhlər bağlıdır.