“Qan tökərək, can qazanıb Azərbaycan…”
“18 il hərbi xidmətdə olan Rəhimin adıyla bura çağrılmışam. Mən aprel şəhidinin həyat yoldaşıyam. Şəhid yoldaşı olmaq isə hər kəsə qismət olmur. Bu gün mən üç övlad –iki oğul, bir qız böyüdürəm. Yeni il yaxınlaşır. İkinci ildir ki, övladlarım bayramı atasız qarşılayırlar. Bizim üçün ağırdır. Uşaqlarım çox istərdilər ki, ataları yanında olsun. Qızım deyir ki, atasının arzusunu yerinə yetirib, həkim olacaq və yaralıları ayağa qaldıracaq. İstəmirəm qəmli olum, amma insan dözə bilmir. İnşallah, mənim oğlanlarım böyüyər, atalarının qisasını alar. Çünki o şəhidlərin qanı yerdə qalmasa, biz daha çox xoşbəxt olarıq. Biz çox sevinərik ki, bir gün belə tədbiri hazırlayıb, torpaqlarımızın geri alınmasını qeyd eləyək. İnşallah, o gün bizə qismət olsun…”
Vüsalə Tağıyeva bu fikirləri dekabrın 23-də Mingəçevirdəki Gənclər Evində Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir filialının gənclərin vətənpərvərlik tərbiyəsinə həsr etdiyi tədbirdə səsləndirib. Filialın sədri Elşən İbrahimli deyib ki, “əqan” veteranları iki müharibədən-Əfqanıstan və Qarabağ döyüşlərindən keçiblər: “Biz Əfqanıstanda Azərbaycanı yüksək səviyyadə təmsil etmişik. 208 şəhidimiz olub, 8-i Mingəçevirdəndir. Onlar hamısı qəhrəmancasına həlak olub. 7 nəfər keçmiş SSRİ-nin “Qırmızı Ulduz” , bir nəfər “Lenin” ordeninə layiq görülüb. Şəhərimizdəki məktəblərdən 2-nə İlqar Rüstəmovun və Yaşar Muradovun adları verilib. Onların 60 faizi həm də Qarabağ veteranıdır. Bizim təşkilat yaranandan bütün təhsil ocaqlarında, hərbi hissələrdə, digər kolektivlərdə vətənpərvərliklə bağlı görüşlər təşkil edir. Çalışırıq ki, gənclərimiz vətənpərvər olsunlar, torpağı sevsinlər”.
Tədbirdə dövlətçiliyimizin müdafiəsi və gənc nəslin vətənpərvər ruhda yetişməsində fəaliyyətinə görə bir qrup mingəçevirli filialın Fəxri Fərmanı ilə təltif olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsinin rəisi Şahin Xəlilov, 12 saylı məktəbin direktoru Mirzə Cavadov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, kikboksinq üzrə təlimçi Mehman Məlikov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, Əfqanıstan Veteranlar İttifaqı şəhər filialı idarə heyətinin üzvü Qismət Qədirov, 11 saylı məktəbin direktoru Sevil Əlişova, aprel döyüşlərinin şəhidi Adil Adilzadənin atası Kamran Adilzadə, texniki –humanitar liseyin direktoru Nailə Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, şəhər İcra Hakimiyyətinin məsul işçisi Elşən Əliyev, Azərbaycan İES MMC-nin mülki-müdafiə qərargahının rəsi Adil İsmayılov, Mingəçevir sakinləri Etibar Əhmədov və Çingiz Bağırov, Şəhid Rüstəm Əhmədovun Oruc kişi və başqaları təqdimat mərasimindı çıxış edərək, düşüncələrini bölüşüblər.
Tədbirin aparıcısı Günel Mahmudova deyib ki, dövlətimiz canı və qanı bahasına qurulub və müstəqilliyini qoruya bilib: “Azərbaycan yeganə ölkədir ki, adının sonu “can”la bitir. Tarixçilərin yazdığına görə, vaxtilə bu ölkənin adı “Azərbayqan” olub. Qanlar tökərək, şəhidlər verərək, can qazanıb Azərbaycan. Bayrağımızdakı qırmızı rəng də şəhidlərimizin qanıdır”.
20 saylı məktəbin şagirdi Aytac Əlizadə, 3 saylı məktəbin şagirdləri Nərmin Salamzadə və Nəsrin Yunuslu, Texniki Humanitar liseyin şagirdi Şəbnəm Məmmədova vətənə, bayrağa və şəhidlərə aid şeirləri oxuyublar. Əfqan veteranı Yaşar Muradovun sənədləri daimi saxlanmaq üçün adını daşıyan məktəbin hərbi hazırlıq müəlliminə təhvil verilib.
Şərhlər bağlıdır.