“Qələbə Şəhidləri” Mingəçevirə gəldi
Xəbər verdiyimiz kimi, bir qrup ziyalı ölməzliyə qovuşan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “Qələbə şəhidləri” adlı silsilə kitabların nəşrinə başlayıb. “Radius” mətbəəsində işıq üzü görən kitabın 1 və 2-ci cildləri artıq geniş oxucu kütləsinə təqdim edilib.
Mayın 6-da kitabın müəllifləri Mingəçevirdə olublar. Onlar Şəhidlər Xiyabanına gələrək, 2-ci Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvlərinə baş çəkib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyi bacaran övladlar böyütdüklərinə görə təşəkkür edib və gətirdikləri kitabları elə oradaca hədiyyə ediblər. Tərtibçi İbrahim Hüseynov deyib ki, bu kitabı ilk növbədə gələcəyimiz olan balalar üçün hazırlamışıq: “Qəhrəmanlarla tanışlıq uşaqlarda kimlərdən nümunə götürmək duyğularını aşılayacaq”.
Şəhidlərin xanımları və valideynləri bu nəcib işə görə qonaqlara-Rəhim Hüseynzadə və İbrahim Hüseynova minnətdarlıqlarını çatdırıblar.
Kitabın redaktorları respublikanın Əməkdar jurnalisti, Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynazadə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Leyla Nəsirlidir. Toplayıb tərtib edəni “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynovdur. Gələcəkdə növbəti cildlərin nəşri nəzərdə tutulub. Məqsəd Qələbə şəhidlərimizin hamısı barədə uğur hekayələrini toplayıb, onları ictimaiyyətə yetərincə tanıtmaqdır.
Şərhlər bağlıdır.