Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qəbələ”lilər Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanıblar

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılğı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən ölkə çempionatı başa çatıb. Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq keçirilən və respublikanın tanınmış 30 idmançısının iştirak etdiyi yarışda “Qəbələ” Atıcılıq Klubunun idmançıları qızıl, gümüş və bürünc medal qazanıblar.

Kişi və qadınlar arasında səngər stend və dairəvi stend atıcılığı üzrə keçirilən çempionatda “Qəbələ” Atıcılıq Klubunun yetirməsi Elvin İsmayılov, Emin Cəfərov və Nurlana Cəfərova ölkə çempionu olublar. Elvin İsmayılov həm də səngər stend yarışları üzrə respublika rekordunu təzələyib. Ölkə çempionatında “Qəbələ” Atıcılıq Klubunun idmançıları Əlimirzə Quliyev ikinci, Tamerlan Məmmədov üçüncü yeri tutub.

İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Ülviyyə Hacıyeva təqdim edib.

Yarışın bağlanış mərasimində qeyd olunub ki, ölkəmizin milli yığma komandası üçün peşəkar gənc atıcıların yetişdirilməsi işində də mühüm rol oynayan “Qəbələ” Atıcılıq Klubunun idmançıları ölkə çempionatında ilk 3 yeri tutmaqla Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanıblar. Onlar yığma komandaya cəlb edilərək beynəlxalq yarışlara hazırlaşacaqlar. Bildirilib ki, “Qəbələ” Atıcılıq Klubunun idmançıları üçün yaradılan yüksək şərait, onlara göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verir. Məlumat verilib ki, “Qəbələ” Atıcılıq Klubunun idman bazası çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, müasir məşq yerləri və yarış poliqonu təşkil olunub. Klubun idmançılarının son vaxtlar beynəlxalq yarışlarda və ölkə çempionatlarında ardıcıl olaraq bir neçə dəfə qələbə qazanması bu sahədə çəkilən zəhmətin hədər getmədiyini göstərir.

Şahnəzər Bəşirov 

Şərhlər bağlıdır.