“Prezident kuboku-2022” reqatasına start verildi
Beş ölkənin idmançıları mayın 6-da işğaldan azad olunmuş Suqovuşanda, mayın 7-da isə Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində güclərini sınayacaqlar
Mayın 5-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” reqatasının açılış mərasimi olub. Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançılarının qatıldıqları mötəbər tədbir Mingəçevirdə idmançıların təntənəli paradı ilə başlayıb. Onlar, istifadə etdikləri qayıqlar və Qarabağ atları Heydər Əliyev prospekti boyunca irəlilədikcə on minlərlə şəhər sakininin alqışları ilə qarşılanıb.
Hökumət və ictimaiyyət nümayəndələri ümummilli liderin abidəsini ziyarət edib, abidə önünə təzə tər güllər düzüblər. Orkestrin müşaiyətilə Azərbaycanın Dövlət himni ifa olunub. Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri isə milli rəqsimizi təqdim ediblər.
Bundan sonra idmançılar Suqovuşana yola düşüblər. Mayın 6-da onlar işğaldan azad edilmiş həmin ərazidə ilk dəfə olaraq kayak və kanoye üzrə yarışacaqlar.
Mayın 7-də isə 5 ölkənin idmançıları Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində akademik avarçəkmə üzrə güclərini sınayacaqlar. “Prezident kuboku”na Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.
Şərhlər bağlıdır.