Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ATƏT-in Minsk qrupunun keçirdiyi danışıqlar heç bir fayda verməmiş, ərazilərimizin geri qaytarılmasına düşmən tərəf təşəbbüs belə göstərməmişdi. Həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə çox biganə yanaşırdı. ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Onların bacarmadıqları problem həlll edilmişdir, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir.
Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Bu günlərdə Aaərbaycan Respublikasının Pezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşmüşdür. Dövlətimizin başçısı bildirmişdir ki, “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər” .
Qeyd edək ki, Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir.
Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Prezident İlham Əliyev görüşdə bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. 44 gün çəkən vətən müharibəsində Azərbaycanın şanlı ordusu düşməni torpaqlarımızdan çıxarmağa müvəffəq olmuş, torpaqlarımız işğaldan azad edilmişdir.
10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər. Görüşdə ölkə başçısı bildirib ki, “Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Sadəcə olaraq onlar bunu istəmirdilər, məsələyə ermənipərəst mövqedən yanaşırdılar. Azərbaycan torpaqlarının azad edilməsi, məcburi köçkünlərin yurd yuvalarına qayıtması kimi qlobal məsələ həmsədr dövlətləır üçün çox maraqsız idi. Danışıqlar prosesinin nəticəsiz qaldığını görən xalqımız hərb yolunun qaçılmaz olduğunu bəyan etmişdir. Və bu il sentyabrın 27-də düşmənin sərhəd bölgələrimizi növbəti dəfə atəşə tutması Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən adekvat cavablandırılmış, ilk qələbə əldə edilmişdir. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə formalaşan və gücləndirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı qələbələr qazanaraq tariximizin şanlı səhifəsini yaratdılar.
Çox maraqlıdır, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Çünki, buna ciddi yanaşılmırdı. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Qətnamələr kağız üzərində qalmışdı, düşmən tərəfə,“icra et”,- deyən belə yox idi.
Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Bundan başqa Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi. İşğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxarması üçün Ermənistana təzyiq olunmayıb.
Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır. Çünki, əgər söhbət Azərbaycan ərazisindən gedirsə, qəbul edilən hər bir qərar Azərbaycanın istəyi ilə olmalıdır.
Prezident İlham Əliyev görüşdə deyib ki, “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm”. Yəni dövlətimizin başçısı demək istəyir ki, bu illər bizim problemimizə biganə yanaşılıb, indi torpaqlarımız alınıb, ərazi bütövlüyümüz təmin edilib. Bu səfərə ehtiyac belə yoxdur.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər. Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu qəbul edilir.
“Ermənistan döyüş meydanında məğlub olaraq kapitulyasiya Bəyanatı imzalamağa məcbur olmuşdur”, deyən prezidentimiz fikirləri tam açıqdır, yəni, Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Ermənistanın əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, danışıqlar gedirdi, Paşinyan danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir, onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir.
Ermənistan xəyal qururdu. Azərbaycan torpaqlarında, işğal altında saxladıqları ərazilərdə nə edə bilərdilər ki? Gec-tez ədalət bərpa edilməli idi, torpaqların sahibləri buna imkan verməzdilər. Necə ki, qısa müddət ərzində düşmən geri oturduldu, döyüşlərdən qaçdılar. Başqasının torpaqlarından qaçdılar. Bu o deməkdir ki, ermənilər bu torpaqların Azərbaycan ərazisi olduğunu təsdiq etdilər. Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdur. İkinci Qarabağ müharibəsinin gedişində də Azərbaycan tərəfinin yeganə şərti bu olmuşdur.
Paşinyanın gerçək simasını açan prezidentimiz deyir: “Paşinyan yalançıdır, indi də yalan danışmağa davam edir”. Paşinyan Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Paşinyan səhv etdi və layiqli cəzasını aldı.
Ermənistan ordusu darmadağın edildi, ruhdan düşdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi. Sıravi ermənilər zorla orduya cəlb edilmiş, əsgərlər qaçmasın deyə səngərlərdə bir-birinə zəncirlənmişdir. Bu sadə vətəndaşları, azyaşlıları işğala cəlb etmək, başqasının torpağını əsarətdə saxlamaq kimi cinayətə sürükləməyin özü cinayətdir. Bunun hesabı Ermənistan rəhbərliyindən sorğulanmalıdır. Nə üçün beynəlxalq təçkilatlar müharibə dövründə müharibədən uzaq olan Azərbaycan ərazilərinə, dinc insanların yaşaqıqları bölgələrə raketlər yağdıran erməni şovinistlərindən hesab sormurlar? Nə üçün onlarla dinc sakinin, uşaqların qətlə yetirilmısində əli olan bu separatçılardan xəbər alınmır kii, hərbdə belə iş ola bilməz?. Amma biz qələbə qazanmışıq. Düşmən tərəf təslim olduğunu etiraf edib, indi bəzi dövlətlər müxtəlif fikirlər irəli sürürlər.
Xüsusi şəxslər Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir. Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra Azərbaycan döyüşü dayandırmışdır. Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir.
Prezident İlham Əliyev deyib ki, “Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir”.İşğalçıların Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş, erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları dağıdılmışdır. Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişlər.
Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır. Düşmən görünməmiş vəhşiliklər törətmişdir. Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir.
Prezident İlham Əliyev bildirib ki, Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və zəruri hüquqi addımlaratılacaq.
Həmçinin qanunsuz məskunlaşdırma hərbi cinayətdir. İşğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var.
Bu barədə Prezident İlham Əliyev belə deyib: “Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi”. “ Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil”.
Prezidentimiz dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. “Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər”.
Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq. Qondarma rejim öz erməni vətəndaşlarını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdir. Artıq Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür.
Prezident İlham Əliyev: “Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır”. Ermənistanın regional əməkdaşlıq platformalarında təmsil olunması Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.
Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz! Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir, vacib tarixi nailiyyətdir və regionun gələcəyi ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır.
Azərbaycan uzun illərdir ki, iqtisadi inkişaf yolunda irəliləyir. Dünyanın bir çox dövlətləri ilə imzalanan və reallaşan kontraktlar uğurla nəticələnir. Gizlin deyil ki, böyük dövlətlər də Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Çünki, dövlətimiz dünyəvi dövlətdir, birada müxtəlif millətlərin nümayəndələri azad və xoşbəxt yaşayır, işləyir. İndi Azərbaycanın bir nömrəli probleminin həllindən sonra dövlətimizin başlıca vəzifəsi, qarşıya qoyduğu vəzifə azad edilmiş torpaqlarımızda quruculuq işləri aparmaq, buralara həyatı qaytarmaqdır. Artıq işlər başlanıb. Bütün dünya dövlətləri şahid olacaqlar ki, dövlətimiz haqq yolundadır və bizi heç kim bu yoldan döndərə bilməz. Çünki, ədalət bərpa olunub, ədaləti Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bərpa edib.
Şərhlər bağlıdır.