Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Plagiatlıq kriminaldan daha çox tərbiyə məsələsidir

“Mənim yazılarım oğurlanır”

Fəlsəfə elmləri doktoru, elmi yaradıcılıqla məşğul olan, nasir, dramaturq, esseist kimi tanınan Firuz Mustafa 40-dan çox kitab yazıb. Uzun illər AzTV-də verilişlərin müəllifi və aparıcısı olub. Onlarla pyesi dövlət teatrlarında səhnələşdirilib, mətnlərinə görkəmli bəstəkarlar mahnılar bəstələyiblər.

Lakin plagiatlıq Firuz müəllimin də məhsullarından yan keçməyib: “Tez-tez sosial şəbəkələrdə deyimlərimi paylaşıram. İndi onlara “status” deyirlər. Mənimçün onlar aforistik deyimlərdir. Bu deyimlərdən ibarət iki kitabım nəşr olunub. Amma görürsən ki, həmin “statusları” oğurlayıb, elə buradaca öz adlarına çıxanlar olur. Bəzi irihəcmli yazılarımın fabulasını və məzmununu götürənlər də var”.

Firuz müəllim tərcümə edilmiş əksər əsərlərini proza.ru və stixi.ru adlı rus saytlarında yerləşdirib. “Белый танец” və “Как ты, боец?” adlı hekayələri rus dilinə çevrilib nəşr olunandan sonra, elə rusdilli oxucuların onların bəzi parçalarını və süjetlərini oğurladığı barədə məlumat alıb. Müraciətindən sonra həmin yazılar saytlardan yığışdırılıb.

F.Mustafa deyir ki, plagiatlıq geniş yayılıb, özü də təkcə bizdə yox: “Amma təəssüf ki, adam bir çox hallarda öz yazdıqlarının və nəşr etdirdiklərinin hamısına nəzarət edə bilmir. Mənim dram, nəsr və elmi əsərlərim oğurlanır. Rusiyanın və yaxud Tacikistanın hansısa əyalətində yaşayan, müvafiq qabiliyyətə, istedada malik olmayan, amma yazmağa can atan qrafomanı necə cəzalandırmaq olar? Bəs nə etməli?”

Hüquq və haqlarla bərabər əsəblər də pozulur

Azərbaycanda yaradıcılıqla bağlı köçürmələr ciddi problemə çevrilib. Plagiatlıq müəllif hüququ pozulmasının ən çox yayılmış formasıdır. Plagiat çox asanlıqla yazının müəllifinə istinad etmədən onu öz məhsulu kimi təqdim edir. Nəticədə yazarların “Müəllif hüququları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu ilə qorunan hüquq və haqları ilə yanaşı əsəbləri də pozulur, tərəflər arasında yaranan xoşagəlməz münasibətlər hətta məhkəmə müstəvisinə keçir.

Bu gün media qurumları arasında rəqabət güclüdür. İP yığmaq və reytinq qazanmaq saytların “şakərinə” çevrilib. Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyir ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının dördüncü bəndində plagiatlığın yolverilməzliyi ehtiva olunub: “Plagiatlıqla bağlı şikayət və müraciətlər kifayət qədər çoxdur. Jurnalistlərin araşdırma və müəllif yazıları başqaları tərəfindən götürülür və ya ideyalar mənimsənilir. Eyni zamanda KİV adlarının oğurlanması hallarına təsadüf olunur. Mətbuat Şurasında bu məsələlərə baxılır, haqlı tərəfin haqqının qorunması istiqamətində rəy verilir. Amma hüquqların hüquqi müstəvidə qorunması üçün məhkəmə və Müəllif Hüquqları Agentliyi mövcuddur və onların birbaşa ölçü götürmək üçün mexanizmləri var”.

Müəllif yazısı, müsahibə və araşdırmalara görə jurnalistin hər dəfə  müəllif hüququnu təsdiqləyən sənədi almasının bir qədər çətin olduğunu nəzərə çatdıran M.Ələsgərli gələcəkdə problem yaranmaması üçün bu addımı atmağı tövsiyə edir: “Belə olarsa, başqaları onların əmlakına, dizaynına, şiriflərinə müdaxilə edə bilməz”.

Redaktorların tapşırıqları plagiata meydan açır

İnformasiya bolluğu olan bir zamanda əməkdaşları plagiatlıq etməyə sövq edən səbəblər hansılardır? “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyevin fikrincə, bəzən KİV-lərdə savadsız, təcrübəsiz, səriştəsiz, yazmaq qabiliyyəti yüksək olmayan jurnalistlər işə götürülür. Onlar da özlərinə göstərilən etimadı doğrultmaq üçün hazır məhsulları adlarına çıxmaqdan çəkinmirlər.

Müsahibimiz deyir ki, digər səbəbi isə redaktorlar süni surətdə yaradırlar. Jurnalistlərin əmək haqqı aşağıdır və onlar qonorar sistemi ilə işləyirlər. Redaktorların tapşırıqlarına görə əməkdaş gün ərzində sayta təxminən 8-10 xəbər yerləşdirməlidir. Bir xəbərin hazırlanması üçün müəyyən vaxt lazım olduğu halda jurnalist qoyulan planı yerinə yetirmək üçün başqa saytlardan material “oğurlamağa” məcburdur. Eyni vəziyyəti foto, audio və video materiallara da aid etmək olar.

F.Nəbiyevin bildirdiyinə görə, əgər yazı jurnalistin öz yaradıcılıq məhsuludursa və ona hansısa elementlər qatıbsa, onda burda müəllif hüquqları yaranır: “Əgər jurnalist gedib xəbər hazırlayırsa və informasiya hamı üçün əlçatandırsa, burda müəllif haqlarından sohbət gedir. Kimsə ondan istifadə edib, mənbəni göstərmirsə, onda jurnalistin haqqı pozulur. Bunları fərqləndirmək artıq mütəxəssis işidir. Redaksiya mənimsənmiş və istinad olunmamış yazıya görə jurnalisti və ya media qurumunu “Haqsız rəqabət haqqında” Qanuna əsasən məhkəməyə verə bilər”.

Bu məsələlər prorektor-dekan səviyyəsində ilişib qalır

İqdisadçı və təhsil üzrə ekspert Elçin Rəşidovun dediyinə görə, əqli mülkiyyətə tələbələrin müxtəlif münasibəti və bəzi müəllimlərin bu sahədə standartlar qoyması təhsilin keyfiyyətini aşağı salır: “Əqli mülkiyyətin oğurlanmasına qarşı tolerantlığı aşağı olan müəllimin qrupunda “oğru” tələbələr əziyyət çəkir, oxuyanlar isə yaxşı xal qazanır. Plagiatlığa meyilli tələbələr qrup şəklində birləşib, yaxşı müəllimləri şantaj edir, onun dərsinə yazılmırlar. Bu mənfi halın əleyhinə olan müəllim nəticədə tələbələr tərəfindən “cəzalanır” və növbəti semestr dərsdən məhrum olur”.

Dərsə yazılma sisteminin tələbənin seçiminə bağlı olduğunu xatırladan Elçin müəllim “tənbəl” tələbələrin kütləvi şəkildə  “asan” müəllimin dərsini seçdiklərini deyir: “Qrupun 50-60 faizi plagiat edir. Ev tapşırığının plagiat olmasına göz yuman müəllimlərə tələbələrin təlabatı daha yüksəkdir. Ara-sıra dərsə gəlmək və istədiyi vaxt bir plağiat təqdim etmək belə müəllimlərə kifayət edir. Yüksək xalın təqaüdə təsiri və plagiatın izlənməməsi tələbələri daha çox plagiat etməyə, həm də ona göz yuman müəllimləri seçməyə vadar edir”.

E.Rəşidov ona görə narahatdır ki, dərsi imitasiya edən, plagiata icazə verən müəllimlər haqda sistem bundan sonra davamlı şəkildə tədbir görmür: “Problem məlumdur. Lakin buna reaksiya yoxdur, çünki heç kim onun həllinə təşəbbüs göstərmir. Təşəbbüs göstərəndə konkret kimlərəsə toxunur, kimlərisə dəyişmək lazımdır və s. Sistem özü bürokratikdir və təşəbbüskar özü sistemdə cəzalanır. Bunun dəyişməsində heç kim maraqlı deyil. Bu məsələlər rektor səviyyəsinə qalxmır və prorektor-dekan səviyyəsində ilişib qalır. Prorektorlar isə bəzən problemin həllində və yeniliyin marağında deyillər. O, özü də təşəbbüs göstərmir”.

“Yaradıcılıq hüququ – azadlıq hüququdur”

Azərbaycan Respublikası Müəllif Hüquaları Agentliyinin səhifəsində “Müəllif hüquqları nədir?” sərlövhəli məqalə dərc olunub. Müəlliflik hüququnun insan hüquqları ilə təmasından bəhs edən hissəsində oxuyuruq: “İnsan hüquqları haqqında Beynəlxalq Bill”in tərkib hissəsi olan “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”da (1966) qeyd olunur ki, hər bir şəxsin “müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərləri ilə bağlı yaranan maddi və mənəvi maraqlarının qorunmasından istifadə etmək” hüququ tanınır. Yaradıcılıq hüququ insanların bənzərsizliyini təsdiqləyən ayrılmaz azadlıq hüququdur. Müəlliflik hüququ insanın vacib mədəni hüquqlarından biri kimi yaradıcılıq prosesinə müdaxilə etmədən onun nəticələrini qorumaqla şəxslərin azad yaradıcılıq nəticələrini qoruyur”.

Məqalədə müəlliflik hüququnun qorunma müddətinə də aydınlıq gətirilib: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Bu cür qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. Müəlliflik hüququnun tərkib hissəsi olan əmlak hüquqlarının qorunmasının müddətli olması müəllif və cəmiyyətin maraqları arasında balans axtarışının, yaradıcılığın stimullaşdırılması və cəmiyyətin biliklərə və mədəniyyətə sərbəst qovuşması tarazlığının nəticəsidir.

Müəlliflik hüququ çərçivəsində, həmçinin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması, məsələn, əsərin müəllifi kimi tanınmaq hüququ, əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliklərin aparılmasına qarşı çıxmaq hüququ və s. nəzərdə tutulur. Bu hüquqların qorunmasına zaman məhdudiyyəti qoyulmur”.

Mexanizmlər işləmək, elmi mədəniyyət formalaşdırmaq lazımdır

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Azər Mehtiyev ölkəmizin universitet və elmi mərkəzlərində, qəzet və jurnallarında təqdim olunan əsərlərin plagiat proqramından keçirilməsi üçün ciddi işlər görülmədiyini deyir. O, elmi jurnallardakı məqalələrin hansısa rus və ya ingilis mənbələrindən tərcümə olunub, oğurlandığını bildirir: “Bir çox hallarda istinad da olunmur. Bəzən dərsliklərə rast gəlinir ki, ordakı mövzuların əksəriyyəti oğurluqdur. Hətta perifraz etmək üçün belə əziyyət çəkilmir. Sadəcə tərcümə olunub öz adından verilir”.

A.Mehtiyev vurğulayr ki, Azərbaycanda kiminsə fikrinə hörmətlə yanaşmaq və ondan istifadədə mənbəni göstərmək kimi problemlər qalmaqdadır: “Mexanizmlərin qurulması ilə plagiatlığın ortaya çıxarılması və qarşısının alınmasına nail olmaq mümkündür. Məsələn, ADİU-də son vaxtlar magistr səviyyəsində bütün işlər plagiat proqramından keçirilir, icazə verilən həddən (10-15 faiz) artıq köçürülmə baş verərsə, geri qaytarılır. Dissertasiyalar üçün də bunun tətbiqinə başlanılıb. İnsanlarda başqasının fikirlərini oğurlamamaq üçün elmi mədəniyyət formalaşdırmaq lazımdır. Bu həm də əxlaq məsələsidir. Əqli oğurluq əşya oğurluğundan daha böyükdür”

Müsahibimiz diqqətə çatdırır ki, kompüterləşmə getsə də bütün əsərlər sistemdə yerləşdirilməyib. Ona görə də hansısa məqaləni köçürüb, göndərmək çox asandır. Bu işin gücləndirilməsinə ehtiyac var. Eyni zamanda bu cür hallar ortaya çixanda daha sərt cərimələr və ya tədbirlər görülməlidir. Elmi materialların işlənməsini müasir dünyanın gərgin tələblərinə uyğunlaşdırmaq lazımdır, mexanizmlər tətbiq olunmalıdır. Bu, kompleks şəkildə aparılmalıdır. Məsələn, Azərbaycanda hansisa elm sahələrində xüsusi formalaşmış elmi məktəblər yaradılmalıdır: “Deyək ki, bu yanaşma bu alimə məxsusdur, öz yetirmələri var və bu məktəbə aiddir və hamı bilir ki, bu alimlər hansı cərəyanın nümayəndələridir, kimin mövqeyini müdafiə edirlər. Bu məktəb nəyi təmsil edir və s. Tədrisdə tədqiqat metodlarına aid əsərlər keçilməlidir, üsullar göstərilməlidir. Bunlar əqli mülkiyyətin qorunmasının təbii elementləridir”.

Bu, kriminal yox, tərbiyə məsələsidir

Müstəqil ekspert Anar Vəliyevin dediyinə görə, onun Qərb ölkələrinin birində dərc olunan məqaləsini tərcümə edərək, heç bir istinad göstərmədən Azərbaycan qəzetlərinin birində çap ediblər: “Dava açsaydım da vəziyyət dəyişməyəcəkdi. Fikrimcə, plagiatlıq uşaqlıqdan gəlir. Biz bir-birimizdən köçürməyəndə plagiat yığışdırılacaq. Məktəbdə imtahanda bir-birimizdən köçürürük. Plagiat ordan başlayır. Məktəbdə uşağa bir məsələylə bağlı yazı hazırlamaq tapşırılanda o, Vikipediyadan köçürür. Müəllim ondan öz fikirlərinin olmamasının niyəsini soruşmur və onu yaxşı köçürdüyü üçün yüksək qiymətləndirir. Eyni hal universitetdə də təkrarlanır. Kimsə tələbəyə plagiatlığı başa salmır, onu tərbiyə etmir. Həmin insanlar universiteti bitirir və işlədiyi sahədə artıq plagiatlıq onun üçün normal hala çevrilir. Dissertasiyaların əksəriyyətində plagiat var. Antiplagiat proqramı çox şeyi tuta bilmir. Əksər mənbələr xarici dildədir. Başqa dillərdə yazılan ədəbiyyatın tərcüməsi bu proqramda yerləşdirilməyib”.

A.Vəliyev hesab edir ki, plagiatlıq kriminal deyil, tərbiyə məsələsidir: “Onun mənəvi tərəfi odur ki, sırf olaraq tənbəlliyin son mərhələsidir. Onu etməmək, onu başa düşmək isə böyük bir işdir”.

Qanunvericilik nə deyir?

Media eksperti, hüquqşunas Ələsgər Məmmədlinin fikrincə, istər mediada, istərsə də başqa sahələrdə müəllif  hüquqlarının pozuntusu baş verir. KİV haqqında Qanunda göstərilir ki, müəllif hüquqlarına hörmət edən jurnalist və ya digər peşə sahibləri istənilən bir resursdan istifadə edirlərsə, onun mənbəyini göstərməlidirlər: “Ondan geniş şəkildə istifadə edəcəklərsə, müəllifdən icazə almalıdırlar. Televiziya və radioda da konkret sərhədlər var və o sərhədlər saniyələrlə ifadə olunur.

Məsuliyyət məsələsinə gələndə iki tip məsuliyyət var. Müəllif hüquqlarını pozmaq və az miqdarda zərər (1000 manatadək) vurduqda, bu mülki məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsi müəlliflik hüquqları və əlaqəli hüquqların pozulmasına görə məsuliyyət müəyyən edir. Bu zaman müəllif hüquqlarını pozan vasitələr müsadirə olunmaqla şəxs 80 manatdan 150 manatadək cərimə olunur”.

Ə.Məmmədli deyir ki, əgər zərər 1000 manatdan yuxarıdırsa, o zaman cinayət məsuliyyəti yaranır. Cinayət Məcəlləsinin 165-ci maddəsində deyilir ki, müəllif hüquqları və əlaqəli hüquq obyektlərini qanunsuz istifadə etmək, yəni özgənin elmi, bədii, ədəbi və ya digər başqa əsərlərinin öz adıyla nəşr etdirmə və özgənin müəllif yazılarını mənimsəmə, bu cür əsərləri qanunsuz olaraq yenidən dərc etmə ya da yayma, habelə şərikli müəllifliyə məcburetmə, bu əməllər nəticəsində xeyli miqdarda (1000 manatdan çox) zərər vurulursa, bu zaman 1000 manatdan 2000 manatadək cərimə, 320 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır. Amma bu əməllər təkrar törənərsə, yaxud bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən torədilərsə, 2000 manatdan 4000 manatadək cərimə və ya iki ilədək müddətdə işlak işləri və ya iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur.

Media eksperti təəssüflə bildirir ki, Azərbaycanda heç kim məhkəmə mübahisəsi açmır: “Əgər məhkəmə mübahisəsi açılsaydı, təcrübə bir az dəyişərdi. Mətbuat Şurasının 2003-cü ildə hazırladığı Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarında konkret müddəa var ki, jurnalist müəllif hüquqlarına hörmət bəsləməli, başqasının müəllif yazılarını icazə olmadan və istinad etmədən istifadə etməməlidir. Təəssüf ki, buna ciddi əməl olunmur”.

Plagiatlığa Türkiyədə təsadüfü halda rast gəlinir

Uzun illər Turkiyədə yaşamış tədqiqatçı və yazıçı Əfqan Vəliyev araşdırmaları nəticəsində əldə etdiyi foto və faktları sosial şəbəkələrdə ictimaiyyətin maariflənməsi üçün paylaşdığını deyir: “Heç vaxt mənim fikir və məhsullarımın kimlərinsə öz adına çıxmasının qarşısını almaq marağım olmayıb. İstəyim insanların maariflənməsi və bilgilər əldə etməsidir”.

Əfqan müəllimin fikrincə, hansısa əsərdən istifadə olunanda onun mənbəyi göstərilməlidir: “İstifadə olunan hissə dırnaq işarəsi arasında və tünd rəngdə verilməlidir. Səhifənin sonunda isə mütləq dipnot – müəllif və istifadə olunan ədəbiyyat göstərilməlidir. Əksər halda insanlar ciddi fikri mənimsəyir və özününkü kimi təqdim edirlər. Bu zaman həmin adam “müəllif” sayılır, dipnota ehtiyac qalmır”.

Dünya praktikasında yazarın xəbəri olmadan onun kitabının nəzərdə tutulan tirajdan artıq çoxaldılaraq satılması halları baş verir. Bu zaman qarşı tərəf müəllifdən daha çox mənfəət əldə edir. Əfqan müəllim müəllifin beyin məhsulu üzərindən kimlərinsə biznes maraqları qurmasının tam əleyhinədir: “Türkiyədə belə halda müəllif hüququnun pozulmasıyla bağlı Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən şöbəyə müraciət edilir. Dərhal həmin kitablar toplanır, ekspert rəyindən sonra əldə olunan gəlir hesablanır və müəllifin haqqı ödənir. Əks halda isə münasibətlər məhkəmə müstəvisində həllini tapır”.

İstanbulda çalışan həmyerlimiz, “Araz” yayın evinin direktoru Kəbutər Haqverdi də Türkiyədə plagiatlıqla mübarizənin rahat olduğu qənaətindəir. Onun sözlərinə görə, yazarın kitab, disk, video məhsulları və s. təqdim etmək və satışa çıxarmaq üçün müvafiq qurumun yarlığı  (bandrol)  olmazsa, istehsalçı şirkətə sifariş verdiyi malın pulu ödənsə belə, şirkətin o məhsulları sifarişçiyə təhvil verməyə ixtiyarı yoxdur: “Çünki bunun böyük məbləğdə pul cəriməsi var. Sadəcə bir məsələ var ki, bir neçə yazar eyni mənbədən istifadə edə bilir. Əgər o müəlliflərdən biri kimisə plagiatlıqda ittiham edirsə, bu, qaydaları bilməzlikdən irəli gələn haldır və tez-tez yazarlarımız arasında qarşılaşdığım məsələdir. Deyək ki, istintaq materialları və ya şahid ifadələri, tarixi hadisə bir neçə nəfər tərəfindən araşdırıla bilər və bu normaldır. Ona görə də plagiatlığa Türkiyədə təsadüfü halda rast gəlinir”.

Ankaradakı Qazi Universitetinin magistrantı Elnur Nəbivi də beynəlxalq təcrübədə müəllif hüquqlarının ciddi qorunduğunu, məhkəmə davalarının açıldığını xatırladır. Onun sözlərinə görə, Türkiyədə tələbə və ya elmi işçilər hansısa bir mövzunu araşdırarkən istifadə edəcəkləri sorgu anketi ilə bağlı mövzunu əvvəl araşdırmış müəllifdən icazə almalıdırlar: “Çünki həmin insanların agentlikdən müəlliflik hüququ haqda patenti olur. İllər keçsə də kiminsə dissertasiyasi və ya doktorluq işinin plagiat olması aşkarlanarsa, onun diplomu ləğv olunur və həmin adam işlədiyi müəssisədən kənarlaşdırılır”.

Pul oğrusu mühakimə olunur, fikir oğrusu cəzasız qalır

…Firuz Mustafa plagiatlıqla mübarizə aparmaqda çətinlik çəkdiyini etiraf edir: “İndiki geniş nəşr məkanında bunu etmək müşkül məsələdir. Gərək bu işlə aidiyyatı təşkilatlar məşğul olsun. Təklif və tələbim budur ki, əqli mülkiyyət məhsulları da maddi mülkiyyət kimi ciddi qanunlarla qorunsun. Nədənsə maşın, toyuq-cücə və ya pul oğrusu mühakimə olunur, amma düşüncə, fikir oğrusu cəzasız qalır “.

Əqli məhsullarının başqası tərəfindən oğurlanmasını yaxşı hal kimi qarşılamayan Firuz müəllim hələ də müəlliflik hüququnun qorunması üçün Müəllif Hüquqları Agentliyinə və ya məhkəməyə müraciət etmək fikrində deyil: “Hələlik belə bir zərurət hiss etmirəm”.

Şərhlər bağlıdır.