Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində təlim keçirilib

185
Oğuz rayon M. F Axundov adına Xaçmaz kənd tam orta məktəbdə
“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində ilk təlim uğurla həyata keçirilib. Elm və Təhsil Nazirliyinin “Təhsildə qrantlar” müsabiqəsinin qalibi olan layihənin bu mərhələsi şagirdlərdə milli kimlik, vətəndaşlıq düşüncəsi və multikultural dəyərlər haqqında təsəvvürlərin formalaşdırılmasına həsr olunub.
Təlim “Azərbaycançılıq məfkurəsi və milli kimlik”, eləcə də “Azərbaycanda yaşayan azsaylı xalqlar: multikultural dəyərlər sistemi” mövzularını əhatə edib. Şagirdlərə Azərbaycan dövlətçiliyi, xalqın tarixi-mədəni irsi, dini və etnik müxtəliflik, tolerantlıq ənənələri, multikultural cəmiyyətin formalaşma prinsipləri haqqında geniş izahlar təqdim olunub. Mövzular həm nəzəri, həm də interaktiv müzakirə formatında işlənib, şagirdlərin düşünmə, analiz etmə və mövqe bildirmə bacarıqlarının inkişafı təşviq olunub.
Təlim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı, “Mədəniyyət və Zaman” İctimai Birliyinin təsisçisi, Gunboyu.az saytının rəhbəri və “Azərbaycan müəllimi” qəzetinin region təmsilçisi Aynur Araz tərəfindən aparılıb. Təlimçi milli-mənəvi dəyərlər sisteminin müasir gənclərin vətəndaşlıq mövqeyinin formalaşmasında oynadığı rolu xüsusi vurğulayıb.
Bu ilk təlim layihənin əsas məqsədlərinə uyğun olaraq şagirdlərdə özünü və cəmiyyətini dərk etmə bacarıqlarının inkişafına mühüm töhfə verib. Şagirdlər müxtəlif xalqların birgəyaşayış mədəniyyətini öyrənərək Azərbaycanda multikultural mühitin formalaşmasına dair real nümunələrlə tanış olublar.
Layihənin növbəti mərhələlərində şagirdlərin sosial, yaradıcı və analitik bacarıqlarını inkişaf etdirən seminar və fəaliyyətlərin keçirilməsi nəzərdə tutulur. Mərhələli təlim prosesi məktəblilərin cəmiyyətə dəyər qatan aktiv və məsuliyyətli gənclər kimi formalaşmasına xidmət edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.