“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində “Debat mədəniyyəti və arqumentasiya” mövzusunda təlim keçirilib
Oğuz rayonun M. F. Axundov adına Xaçmaz kənd tam orta məktəbdə həyata keçirilən “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub. Bu dəfə şagirdlər üçün “Debat mədəniyyəti və arqumentasiya” mövzusunda interaktiv formatda təlim keçirilib.
Təlim debatın mahiyyəti, müasir təhsil prosesində kommunikativ bacarıqların rolu, arqumentlərin düzgün qurulması, mövqenin əsaslandırılması, tənqidi düşüncə və qarşı tərəfi dinləmə mədəniyyəti kimi əsas məqamları əhatə edib. Şagirdlər debat formatları, arqument strukturu, sübutların seçilməsi və nitqin effektiv qurulması barədə praktiki nümunələr üzərində işləyiblər.
Sessiya boyunca iştirakçılar kiçik qruplara bölünərək arqument qurmaq, mövzunu müdafiə etmək, opponentin fikirlərinə cavab vermək və mentiqlilik prinsipinə əsaslanan çıxışlar təqdim etmək kimi tapşırıqları yerinə yetiriblər. Bu fəaliyyətlər onların özünəinam, analitik təfəkkür və ünsiyyət bacarıqlarının inkişafına yönəlib.
Təlim Mingəçevir Dövlət Universitetinin məzunu, Mərkəzi Aran Debat Mərkəzinin peşəkar təlimçisi Səbinə Əliyeva tərəfindən aparılıb. Təlimçi debat mədəniyyətinin şagirdlərdə liderlik xüsusiyyətlərini gücləndirdiyini, düzgün arqumentasiya bacarığının isə onların akademik və sosial fəaliyyətlərində mühüm rol oynadığını vurğulayıb.
“Debat mədəniyyəti və arqumentasiya” mövzusunda keçirilən bu təlim layihənin məqsədlərindən biri olan şagirdlərin tənqidi düşünmə, məntiqi mühakimə yürütmə və sözün düzgün ifadəsi bacarıqlarının inkişaf etdirilməsinə mühüm töhfə verib.
Layihə çərçivəsində şagirdlərin sosial və intellektual inkişafını dəstəkləyən digər təlimlərin də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. ![]()

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.