Ölüm sevinməsin qoy…
"Zəncinin saçları kimi bu qarma - qarışıq dünya" nın (Faiq) srağünkü qara xəbərindən çox üzüldüm
Mingəçevirdə milli ruh və təfəkkürün yorulmaz təbliğatçısı və daşıyıcısı, əsli Qarapapaq türkləri soyundan gələn, qədim türk tarixinin kifayət qədər məlumatlısı, bugünədək rastlaşdığım teatr rejissorlarının ən mükəmməllərindən biri, Mingəçevir teatrının və ümumən mədəniyyətinin inkişafında yaddaqalan xidmətləri olmuş ruh yaxınım, ağrılı Samux hekayətlərinə dair çəkilişlərdə əvəzsiz səfərdaşım və yaxın köməkdaşım, həmişə əsl insan kimi insan, dost kimi böyük dost olmağı ilə seçilmiş və bu dostluğun yaşaması üçün daim güzəştə getməyə hazır olmağı bacarmış, yüksək intellekt sahibi, sənətində qazandığı uğurlara görə ölkəmizdə birbaşa “Respublikanın Xalq artisti” fəxri adına layiq görülmüş 2 – 3 nəfərdən biri, çoxsaylı uğurlu tamaşalarından əlavə, ümumşəhər tədbirlərinin yüksək səviyyədə keçirilməsində böyük zəhməti olmuş, yaxın dostum Zülfüqar Qulu oğlu Abbasovun haqq dünyasına qovuşması barədə inanılmaz 1 Aprel xəbəri və ona neçə illər yorulmadan külüng çaldığı doğma teatrında çox böyük hörmət və ehtiramla təşkil olunmuş vida mərasimində üzürlü səbəbdən iştirak edə bilməməyim, məni çox məyus etdi. Çünki,özünün də dediyi kimi mən onun güvəndiyi dostlarından idim.
Bir şairimizin yazdığı və həyat prinsipimə çevrilmiş, “Dostun ağır günündə olum yuxarı başda…” kəlamını yerinə yetirə bilmədiyim üçün dərin təəssüf hissi keçirdim.
Yeri gəlmişkən, bu azman sənətkarın vida mərasimini onun ruhuna hörmətlə, yüksək səviyyədə təşkil etdiklərinə görə MDDT-nin direktoru Anar Quliyevə, teatrın kollektivinə, habelə bu mərasimdə iştirak edən və öz xatirə çıxışlarında mərhuma layiq olduğu dəyəri verənlərin hər birinə minnətdarlığımı bildirirəm.
Bəlkə də yersiz səslənir. Lakin bu minnətdarlıq özlərini heç vaxt ölməyəcək kimi aparanlara aid deyil.
Sonda əziz dostum Zülfüqar Abbasovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə, doğma və əzizlərinə, MDDT-nın kollektivinə və onunla uzun müddət birgə çalışmış sənət dostlarına, həmçinin şəhərin Borçalı camaatına şəhər ziyalıları adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.
Yeri behişt, ruhu şad olsun.
Bayram MUSTAFA
Şərhlər bağlıdır.