“Olmaq İstədiyim “Mən”dən uşaqlar və böyüklər necə faydalandılar?
Oktyabın 22-də Mingəçevir Media Mərkəzində “Olmaq İstədiyim “Mən” layihəsinin yekun tədbiri keçirilib. “Uşaq hüquqları aylığı”na təsadüf edən tədbirdə layihənin koordinatoru Fərid Qoşqarlı indiyədək görülən işlərdən danışıb. O, bildirib ki, layihənin birinci mərhələsi 25 şagirdi əhatə edən təlim prosesindən ibarət olub: “Məqsəd 7, 8 və 9-cu sinif şagirdlərinin ixtisas seçərkən qarşılaşdıqları problemləri, maneələri, kənar şəxslərin müdaxiləsi və digər çətinlikləri aşkara çıxarmaq və həmin problemlərin həlli yollarını təlim müddətində şagirdlərə göstərmək idi”.
Digər layihə iştirakçıları və könüllülər yekun tədbirində maraqlı araşdırmalarının nəticələrini təqdim edib, rəngarəng fikirlərini bölüşüblər. Onlar tələbə və şagirdlər arasında aparılan sorğunun statistik nəticələrini açıqlayıblar. Qeyd olunub ki, şagirdlər Mingəçevir məktəbləri arasından aparılan xüsusi sorğu vasitəsilə seçilib. Təlim prosesində şagirdlərlə qarşılıqlı müzakirə aparılıb, problemin səbəbləri araşdırılıb. Bundan sonra videoçarx nümayiş etdirilib, müxtəlif qurumlardan dəvət olunmuş ekspertlərin rəyləri dinlənilib.
MVA-nın prezidenti Fərman Nəbiyev uşaq hüquqlarının müdafiəsi və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb və rəhbərlik etdiyi Mingəçevir Valideynlər Assosiasiyasının bu sahədə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxış edib. O, dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən, uşaq hüquqlarının müdafiəsi üçün dövlət tərəfindən verilən təminat, qanun və dövlət proqramlarından söhbət açıb. Xüsusilə vurğulayıb ki, İslam dinində uşaq hüququna böyük dəyər verilir: “Belə ki, dinimiz insanların qəlbində uşaqlara qarşı sevgi, rəğbət, mərhəmət və məhəbbət hislərini aşılayır. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır”.
Mingəçevir Dövlət Unversitetinin müəllimi, psixoloq-ekspert İlhamə İsmayılova, həmin universitetin Tələbə Həmkarlar Komitəsinin sədri Rəşad Qurbanov “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən belə tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların uşaq hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd ediblər.
Sonda kitab və sertifikatlarla mükafatlandırma olub, şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.
Layihə Almaniyanın “MitOst” Assosiasyasının Azərbaycandakı “İnkişaf Zamanı 2017” (“Time For Development 2017”) proqramının dəstəyi ilə həyata keçirilib. Proqramın tərəfdaşları Theodor Heuss Kolleg, EduHub, BOSCH və Konstitusiya Araşdırmaları Fondudur. Layihəyə Mingəçevir Şəhər Təhsil Şöbəsi, “BİR” Tələbə-Könüllü proqramı, “Qanun” nəşriyyatı, “NRN.FM” studiyası, “EduHub” və “Mingəçevir işıqları qəzeti” dəstək verib.
Şərhlər bağlıdır.