Oguz rayon təhsil sektoru, yerli mətbuat və korrupsiya bəhanəsi
Göstərici lövhəni oxuyub təəccüblənir və təəssüflənirəm
Şəhərimizin mərkəzi küçəsinin kənarında yerləşən Oğuz rayon Təhsil sektorunun binasının qarşısından tez-tez keçməli oluram. Neçə aydır ki, hər dəfə buradan ötəndə ayaq saxlayıb binanın qapısının yanına vurulmuş göstərici lövhəni oxuyur, onun aylar ötməsinə baxmayaraq dəyişdirilməməsinə, üzərindəki yazıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncam və Fərmanına uyğun yazılmamasına görə təəccüblənir və təəssüflənirəm. Gəlin o lövhənin üstündəki yazını təqdim etdiyimiz şəklə baxıb birlikdə oxuyaq: ”Azərbaycan Respublikası Təhsil Nazirliyi Oğuz Rayon Təhsil Şöbəsi”. Məgər Respublika Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən regional təhsil idarələrinin yaradılmasından, 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmasından sonra bu lövhə dəyişdirilməli deyildimi?! Məncə, lövhənin üstündəki yazı neçə ay əvvəl dəyişdirilməli və belə yazılmalı idi: “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon Təhsil sektoru”. Buraya gələn hər hansı bir vətəndaş ərizəsini, müraciətini düzgün ünvanlamaq üçün binaya daxil olarkən göstərici lövhəyə baxıb dəqiqləşdirmə aparmalıdır. O vətəndaş, məsələn, ərizəsini necə yazmağa başlamalıdır? Azərbaycan Respublikası Təhsil Nazirliyi Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Sərdar Nəbiyevə, yoxsa…
Elm və təhsil naziri Emin Əmrullayevdən və Şəki- Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevdən xahiş edərdim ki, Sərdar Nəbiyev kimi məktəblə, təhsillə əlaqəsi olmayan, bir dəfə də jurnal götürüb məktəbə getməyən, sinfə daxil olmayan, bütün bunlara baxmayaraq bir rayonun təhsilinə rəhbərlik etmək həvalə olunan kadrlara bir seminar keçirib heç olmasa rəhbərlik etdiyi təhsil qurumunun adını düzgün yazmağı, yaxud yazdırmağı öyrətsinlər. Çünki bir kadrın rəhbərlik etdiyi qurumun adını düzgün bilməməsi, onun düzgün yazılmasını təmin etməməsi çox ciddi, bağışlanılmaz nöqsandır.
Mətbuatın dostları və…
Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyevin mətbuatla, daha doğrusu rayonun yeganə kütləvi informasiya vasitəsi olan “Oğuz yurdu” qəzetinə münasibətindən də bəhs etmək istərdim.
Əvvəlcə qeyd etmək istərdim ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mətbuata, kütləvi informasiya vasitələrinə necə böyük önəm verildiyi, kömək, qayğı göstərildiyi hamıya məlumdur və onların fəxrlə jurnalistlərin dostu adlandırılması bu müdrikliyin, kömək və qayğının təzahürüdür.
Bildirmək istəyirəm ki, rayon qəzetinin qara günləri Sərdar Nəbiyevin Oğuz rayon Təhsil sektoruna müdir təyin olunmasından sonra başladı. Bir kadr gələn il 90 illik yubileyi qeyd ediləcək rayon qəzetini, oğuzluların yeganə, sevimli informasiya vasitəsini böhranın içərisinə yuvarladı.
Mətbuatın dostları olduğu kimi düşmənlərinin də olduğunu bilirdim. Amma onun belə yaxında olduğunu ağlıma belə gətirmirdim.
1934-cü ildən nəşr olunmağa başlayan “Oğuz yurdu” qəzeti müxtəlif dövrlərdə bir çox problemlərlə, çətinliklərlə qarşılaşsa da fəaliyyətini bu günədək fasiləsiz olaraq davam etdirib. Hətta rayon qəzetlərinin maliyyələşdirilməsi büdcədən çıxarıldıqdan sonra İsmayıllı, Ağdaş, Zaqatala və bir çox başqa rayonlarda rayon qəzetləri fəaliyyətini dayandırdığı halda “Oğuz yurdu” qəzeti oxucularla görüşlərini kəsməmiş, nəşrini dayandırmamışdır. Son bir neçə ildə də qəzet çox ciddi çətinliklərlə qarşılaşsa da, 500 nüsxə tirajla nəşr olunsa da fəaliyyətini davam etdirə bilmişdir. Lakin 2022-ci ilin ikinci yarısı üçün abunə yazılışında indiyədək rast gəlmədiyimiz, qarşılaşmadığımız sınaqlarla üz-üzə gəldik. Məktəblər və bağçalar üzrə 2022-ci ilin ikinci yarısı üçün əvvəllər təhsil sahəsi üzrə 300 nəfər olan abunəçilərin sayı vəzifəyə keçəndən sonra Sərdar Nəbiyevin “fəaliyyəti” nəticəsində 100 nəfərə çatmamış dayandırıldı. 2023-cü ilin birinci yarısı üçün rayon qəzetinə abunə yazılan müəllimlərin və bağça işçilərinin sayı isə 12 nəfərə enib. Onlar da qorxu və təşvişlə Sərdar Nəbiyev tərəfindən cəzalandırılacaqlarını gözləyirlər.
Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyevin özünün rayon qəzetinə abunə yazılmaması, təhsil sektoru işçilərinin abunə yazılışında iştirakına mane olması, korrupsiya bəhanəsi ilə məktəb direktorlarını, bağça müdirlərini qrupda paylaşdığı mesajla abunə yazılışına kömək edərlərsə ciddi cəzalandıracağı ilə hədələməsi, ümumiyyətlə, təhsil işçilərinin rayon qəzetinə abunə yazılışında iştirakını qadağan etməsi yerli mətbuata, rayonda ideoloji işin təşkilinə böyük zərbədir. Halbuki təhsil sistemində korrupsiya mətbuata abunə yazılışında deyil, bir çox məlum, bəlli sahələrdə axtarılmalıdır: Məktəblərdə aparılan təmir işləri, dərs bölgüsü, direktorlardan aylıq yığım, şişirdilmiş qiymətlər, attestat və şəhadətnamələrin verilməsi zamanı tələb olunan “şirinlik”, bəzi məktəblərdə yığılan odun, süpürgə pulları, ad günləri, bayram günlərində keçirilən bəzi tədbirlər və sairlə bağlı respublikanın müxtəlif bölgələrində təhsil sahəsində korrupsiya faktları ilə əlaqədar məlumatlara tez-tez təsadüf edilir. Oğuz təhsilində bu və digər sahələrdə korrupsiya hallarının baş verməsinin qarşısının alınmasına çalışmaq lazımdır. Rayon qəzetinə abunə yazılışını qadağan etməklə, məktəb direktorlarını, bağça müdirlərini rayon qəzetinə abunə yazılarlarsa işdən çıxarılacaqları ilə hədələməklə təhsil sahəsində baş verə biləcək korrupsiyanın qarşısını almaq olmaz.
Rayonun yeganə kütləvi informasiya vasitəsi olan “Oğuz yurdu” qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin, xüsusən rayonla, müxtəlif sahələrin inkişaf etdirilməsi ilə bağlı sərəncamların yerinə yetirilməsi sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin işıqlandırılması daim diqqət mərkəzində saxlanılır. Regionların inkişafı proqramlarına uyğun olaraq rayonda aparılan geniş abadlıq və quruculuq işləri ilə bağlı görülən işlərin, 44 günlük müharibə ərzində və ondan sonrakı dövrlərdə Azərbaycan əsgərinin, qəhrəman Oğuz gənclərinin şücaətinin işıqlandırılması ilə bağlı müntəzəm olaraq yazılar verilmişdir. Şəhidlərin doğum və anım günlərinin keçirilməsi, rayonda bulaq-abidələrin açılışı ilə, şəhid ailələrinə və qazilərə göstərilən qayğı ilə bağlı yazılar müntəzəm olaraq qəzet səhifələrinə çıxarılır. Qəzet bu sahədə fəaliyyətini bu gün də uğurla davam etdirir.
“Oğuz yurdu” qəzetində rayon həyatının digər sahələri ilə yanaşı rayon məktəblərinin, rayonun müəllim və şagirdlərinin qazandıqları nailiyyətlərin təbliğinə, məktəb həyatının işıqlandırılmasına da daim geniş yer verilir.
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Yaqublu kənd T.Babayev adına tam orta məktəbin direktoru İmran Verdiyev: “Oğuz yurdu” rayonumuzun siyasi, iqtisadi və mədəni həyatında baş verən yenilikləri xəbər verən yeganə yerli nəşr vasitəsidir. Son illər onun səhifələrində olduqca maraqlı yazılar çap olunur və bu yazılar gələcəkdə Oğuzun tarixinin araşdırılmasında böyük rol oynayacaqdır. Başqa sözlə, “Oğuz yurdu” rayonumuzun tarixi salnaməsini yaradır.
Qəzet rayon sakinlərinin məlumatlandırılmasında, maarifləndirilməsində, eləcə də rayonda ictimai fikrin formalaşdırılmasında da mühüm rol oynayır. Ona görə də hər bir Oğuz ziyalısı ona abunə olmalı və başqalarını da bu işə təşviq etməlidir.”
Ziyalıların, məktəb direktorlarının, müəllimlərin, başqa sahələrdə işləyən insanların çoxu “Oğuz yurdu” bizim doğma qəzetimizdir, orada elə xəbərlər, məlumatlar olur ki, onları oxumaq, bilmək faydalıdır, vacibdir. Həm də rayon qəzetini biz yaşatmasaq kim yaşadacaq?” -deyirlər.
İctimai yerlərdə, nəqliyyatda yol gedərkən, xeyir və şər məclislərində söhbət zamanı bəzi sağlam düşüncəyə malik olmayan insanların rayon həyatının müxtəlif sahələri ilə bağlı yanlış fikirləri qarşısında onlara bir ziyalı kimi əsaslı şəkildə, faktlara əsaslanaraq cavab verməli olan şəxslərin susqunluq göstərməsi halları ilə rastlaşanda düşünürsən ki, bunun bir səbəbi də həmin şəxslərin mütaliəsinin zəifliyi, kifayət qədər məlumata və fakta malik olmaması ilə bağlıdır.
İstər dövlət qulluqçusu, idarə-müəssisə rəhbəri olsun, istər məktəb direktoru, direktor müavini, müəllim olsun, onlar eyni zamanda ziyalıdırlar. Ziyalı isə öz işini yüksək səviyyədə görməklə bərabər həm də insanlarla ünsiyyət zamanı bir təbliğatçı olmalı, dövlətin, dövlətçiliyin tərəfində durmalı, yeri gələndə faktlar əsasında danışmağı bacarmalıdır. Rayonumuzda yaşayan, fəaliyyət göstərən ziyalı eyni zamanda rayon, onun iqtisadiyyatı, burada ölkə və rayon rəhbərliyi tərəfindən görülən işlər, baş verən yeniliklər haqqında da kifayət qədər məlumata sahib olmalıdır ki, yeri düşəndə bir ziyalı kimi tutarlı söz deyə, faktlara əsaslanaraq fikrini, həqiqəti insanlara çatdıra, izah edə bilsin. Rayon haq- qında belə faktları, məlumatları isə ancaq rayonun yeganə kütləvi informasiya vasitəsi olan “Oğuz yurdu” qəzetinin səhifələrindən əldə etmək mümkündür.
Mən 23 ildən çoxdur ki, rayon qəzetinin redaktoru vəzifəsində işləyirəm. Bu illər ərzində rayon təhsil şöbəsinə rəhbərlik etmiş bütün ziyalılarımızı, o cümlədən son illərdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Elçin Kərimovu və Anar Məcidovu rayon qəzetinə münasibətlərinə, qəzetə abunə yazılışına etdikləri köməkliyə görə hörmətlə yada salıram. Rayon təhsil şöbəsinə rəhbərlik etmiş bu ziyalıların dünyasını dəyişmişlərinə Allahdan rəhmət diləyir, yaşayanlarına uzun ömür, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıram.
Yaxşı ki, özünü doğrultmayan kadrlar…
Yazımın sonunda bir məsələni də qeyd etmək istəyirəm. Son vaxtlar respublikamızda özünü doğrultmayan kadrların nə vaxt vəzifəyə təyin olunmasından asılı olmayaraq dərhal işdən azad edilməsi praktikası genişlənməkdədir. Yeni təyin olunmuş hər bir kadr bundan ibrət almalı, heç kimə arxayın olmamalı, ona göstərilən etimadı doğrultmalıdır. Daha Sərdar Nəbiyev kimi rəhbərlik etdiyi qurumun adını keçən aylar ərzində düzgün yazmağı, yazdırmağı öyrənə, təmin edə bilməməklə və korrupsiyanın yerini səhv salmaqla bu etimadı doğrultmaq olmaz.
Nazim Hüseynli,
“Oğuz yurdu” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident təqaüdçüsü
Şərhlər bağlıdır.