Bizimlə həyatınız həmişə işıqlı olacaq!

NUR YAYANLAR

Məqsəd abonentləri fasiləsiz və  keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, itkiləri minimuma endirmək, alnernativ enerji mənbələrini hərəkətə gətirməkdir.

“Bakıelektrikşəbəkə” özünü doğrultduğu üçün

“Sovet dağılanda əksər müəssisələr bağlandı, bir çox yaşıdlarım işlərini itirdilər. Amma mən bir gün də bekar qalmadım. 30 ildir ki, ailəmin çörəyini bu peşədən qazanıram”.

Bu fikirləri səsləndirən Əbülfət Paşayevin 55 yaşı var. 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə Neft-Kimya İnstitutunu bitirib, o zamandan həyatını energetika sahəsinə bağlayıb. Təyinatla “Azərenerji”jə göndərilib. Ötən illər ərzində Bərdə, Tərtər, Ağdərə, Tovuz, Hacıqabul, Masallı elektrik şəbəkələrində, “Azərenerjinəzarət”in operativ yoxlayıcı qrupunda, “Bayva-Qərb-Enerji” və  “Barmek Holdinq”də müxtəlif vəzifələrdə işləyib. 2006-cı ildə “Bakı Elektrik Şəbəkəsi”nin sayğac quraşdırma idarəsinə rəis təyin olunub. Bundan sonra Suraxanı satış idarəsinə rəhbərlik edib, “Azərişıq” ASC-də satışa nəzarət idarəsində baş mühəndis, Cənub regionunda rəis kimi çalışıb. Hazırda baş mühəndisin müavinidir.

Bakı Elektrik Şəbəkəsinin əldən-ələ keçməsi Əbülfət müəllimin gözləri qarşısında baş verib: “Gah “Azərenerji”nin, gah Bakı İcra Hakimiyyətinin,  gah İqtisadi İnkişaf Nazirliyinin,  bir müddət də xarici iş adamının tabeliyində oldu. Yaxşı ki, 2006-cı ildə fəaliyyəti bərpa edildi və o, özünü doğrultduğu üçün Prezidentin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə şəbəkənin bazasında bütün ölkə ərazisini əhatə edən “Azərişıq” ASC yarandı. Məqsəd ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir”.

Hazırda cəbghə bölgəsinə ezam olunmuş Əbülfət müəllim dedi ki, hərbi obyekt və xəstəxanalara,  su-kanal idarələri və artezianlara, digər mülki obyekt və yaşayış evlərinə fasiləsiz enerji verməyə çalışırlar: “Hətta dağılmış xətlərin, digər avadanlıqların bərpası uzanırsa, onda alternativ yolla, əsasən maşınların üzərindəki generatorlarla enerji verilişini təmin edirik”.

Oktyabrın 14-də verilən məlumata görə, erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfədən çox vurulub, 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb. Bu səbəbdən energetiklər həmin ərazilərdəki yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərir, qısa vaxtda qəzaları aradan qaldırırlar. Həmin rayonlara generator və transformatorlar, naqillər, dayaqlar, digər ehtiyat hissələri və texnika göndərilib. Cəbhə xəttində gərginliklə əlaqədar “Azərişıq” ASC-də ilk gündən etibarən Xüsusi Qərargah da yaradılıb. Eyni zamanda  “Azərişıq”ASC-nin 300-dən çox əməkdaşı könüllü olaraq ordu sıralarına gedib.

Son 5 ildə itkilər 5 faiz azalıb

Elektrik enerjisi yüklənmiş elektronların naqildə nizamlanmış hərəkətidir. Onlar hərəkət etdikcə (bir-birinə dəyib qayıtdıqca) naqilin müqavimətinə rast gəlir. Müqavimət çoxaldıqca, enerji itkisi də artır. Energetiklər bunu normativ texniki itki kimi dəyərləndirirlər. Mətbuatda açıqlamaya görə, 2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edib. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%-ə qədər azaldılıb. 2020-ci ilin 8 ayı üzrə texniki itki 0,7% azaldılmaqla 9,0%-ə endirilib. Ümumilikdə, “Azərişıq” ASC son 5 il ərzində texniki itki səviyyəsini 5% azaltmağa nail olub.

“Azərişıq” ASC-nin strateji araşdırma və planlaşdırma şöbəsinin baş mütəxəssisi Çingiz İbadovun dediyinə görə, 2000-ci ildə istifadə edilən enerjinin pulu əhalidən 6, qeyri-əhalidən isə 12-18 faiz yığılırdı. Çünki enerji pulunu ödəmək istəməyən və enerji oğurlayan abonentlər həddən çox idi, bu da sonda kommersiya itkisinə gətirib çıxarırdı. Son vaxtlar üstü açıq naqillərin özünü dəstəkləyən izolyasiya edilmiş (SİP) kabellərlə əvəz olunması, bütün qovşaqlarda sayğacların quraşdırılması vəziyyəti kökündən dəyişib: “Bu qurğuların hamısı bazaya yüklənib. Sistemdən çox asanlıqla müəyyənləşdirə bilirik ki, hansı nöqtədə itki var. İtkini törədən səbəbləri, sayğaca müdaxiəni aradan qaldırırıq, dirəyi, transformatoru, xətti dəyişirik… İndiyədək 4500 binada sovetdən qalan bütün xətləri təzələmişik. Rayonlarda da yenidənqurma işlərinə başlamışıq, amma hələ başa çatdırmamışıq”.

Çingiz müəllim məlumat verdi ki, “Azərişıq”  “Azərenerji”dən elektrik enerjisini 5.7 qəpiyə alır, enerjinin alışı ilə bərabər ötürülməsi, paylanması və satışını həyata keçirir: “Hazırda 2,7 milyon abonentimiz var. Onlar əhali, büdcə, sənaye, nəqliyyat abonentlərinə bölünür. Alış nöqtələrində 633 sayğacımız var. Qarşı tərəf də paralel olaraq öz sayğaclarını quraşdırıb. Bu sayğacların əksəriyyəti onlayndır. Satış isə 6 və 10 kV-luq transformatorların çıxışından 0,4 kV-luq şəbəkə vasitəsilə əhali və qeyri-əhali abonentlərinə sayğaclar vasitəsilə aparılır. Təbii, biz az da olsa mənfəətlə işləyirik, amma investisiya qoyuluşunu tam təmin edə bilmirik. Buna görə də dövlət büdcəsindən vəsait almağa məcburuq”.

Öyrəndik ki, son 10 ildə şəbəkələrə böyük sərmayə yatırılıb. Bunlar əsasən dövlət sərmayələri və kreditlər hesabına gerçəkləşib, transformator, hava veriliş xətləri və sayğacların dəyişdirilməsinə sərf olunub. Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazidə (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılıb. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilib. Bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edir. 2020-ci ilin 8 ayında 151 045 abonent yeni sayğacla təchiz edilib ki, bunun da 142 808-i əhali, 8 237-i isə qeyri-əhali abonentlərinə aiddir.

Alnernativ enerjinin payı 20 dəfə artacaq

“Azərbaycanda enerji dairəvi şəbəkə sistemi üzrə ötürülür. Bunun əhəmiyyəti ondadır ki, hardasa qəza olanda açılma baş versə də istehlakçı işıqsız qalmır, çünki sistem prosesi avtomatik tənzimləyir”.

Bu barədə söhbət açan “Azərişıq” ASC-nin RM və Avtomatika xidmətinin mühəndisi Rəşad Məhərrəmov həm də bildirdi ki, enerjinin istehsalı ilə bərabər onun son məntəqəyə çatdırılması vacib şərtdir:  “Paylayıcı şəbəkə elektroenergetika sisteminin tərkib hissəsidir. Bu gün hər kəs müxtəlif yollarla enerji istehsal edə bilər. Qanun buna yol verir. Amma onların hamısı enerji paylanması ilə məşğul olsaydı, xaos yaranardı. Ən azından hörümçək toru kimi başımızın üstündə xətlər sallanardı. Üstəlik təhlükəsizliklə bağlı narahatlıqlar yaşaya bilərdik. Bütün bunları nəzərə alaraq, əhalinin və digər sektorların enerji ilə təchizatını həyata keçirmək bir quruma- “Azərişıq” ASC-yə tapşırılıb. Bu təşkilat ölkədə 110 kV-luq və daha aşağı gücə malik yarımstansiyaları idarə edir”.

Adətən ötürülmə xətlərində cərəyan aşağı, gərginlik böyük olur. AzTU-nun professoru, Əməkdar mühəndis Qara Həsənov bunun enerjinin daşınma qabiliyyətini yüksəltməsinə səbəb olduğunu deyir: “Məsələn, uzaq məsafələrə 110 kV-luqla müqayisədə 500 kV-luq gərginlikdə enerji ötürmək iyurmi dəfə ucuz başa gəlir. İndi ifrat keçirici materiallarla tezliyi də yüksəldə bilirik. Elə bilin ki, çaydır, axır. Onu da nəzərə alın ki, bütün xətlərimiz, avadanlıqlarımız Avropa standartlarına uyğundur. Hazırda çox etibarlı hava elektrik verilişi xətlərimiz,  ikiqat güc ötürən metal aralıq dayaqlarımız var və mütəmadi təftiş olunur”.

Qara müəllim onu da əlavə etdi ki, Bakıda son vaxtlar yığcam, partlayışa davamlı qapalı paylayıcı qurğulardan və rəqəmsal idarəetmə sistemlərindən istifadə olunur: “Bunun mahiyyəti odur ki, operator kənardan prosesi tənzimləyə bilir. Xüsusən “Azərişıq” ASC yaranandan enerji verilişi və təchizatında kompleks tədbirlər həyata keçirilir. Nə Ermənistan, nə də Gürcüstan bu sahədə bizimlə müqayisə oluna bilməz. Doğrudur, regionlarda yenilənmə hələ başa çatmayıb, amma iş gedir”.

Müsahibimiz son 2 ildə “Azərişıq” ASC-nin həm də istehsalçı müəssisəyə çevriməsindən məmnunluqla danışdı. Açıqladı ki, 2018-ci ildə Azərbaycan Prezidentinin sərəncamıyla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan və uzun illər ərzində istifadəsiz qalan Külək Elektrik Parkları “Azərişıq” ASC-nin balansına verilib. Bakının Xızı rayonunda, Yeni Yaşma qəsəbəsində 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkı qısa müddətdə istismar vəziyyətinə gətirilib və ümumi paylayıcı şəbəkəyə qoşulub.

Parkın baş mühəndisi Pirəli Əlili müxbirimizlə söhbətində deyib ki, 50 mVt gücündə olan bu park enerji şəbəkəsinə qoşulduqdan sonra ümumi sistemdə alternativ enerjinin payı 0,7 faizdən 1,7 faizə qalxıb: “Yaşma parkı təxminən 100 min əhalinin enerji təchizatına imkan verir. ASC-nin nəzdində bundan başqa 2 park da fəaliyyət göstərir. 2035-ci ilədək ümumi sistemdə alternativ enerjinin çəkisini 30 faizə qədər artırmaq nəzərdə tutulub”.

“Azərişıq” ASC-nin umkanları hesabına Yeni Yaşma Külək Parkı ərazisinin abadlaşdırılması da məmnunluq yaradır. Burada 500 ha sahədə 80 min badam və 20 min zeytun ağacı əkilib.

Energetika tariximizi vərəqləyərkən…

Bəlkə də çoxları  Binəqədidə 2009-cu ildən Yarımstansiya-Muzeyin olmasından xəbərsizdir. Muzeyin rəhbəri Pəri Ramazanova dedi ki, “Bakıelektrikşəbəkə” və onun davamçısı olan “Azərişıq” enerji sektorunda modernləşdirmə ilə bərabər tariximizin qorunmasına da xüsusi önəm verir: “Muzeyin yerləşdiyi bina 1914-cü ildə neft mədənlərinin elektrik enerjisi ilə təchizatı üçün tikilib. Muzeydə “Siemens” şirkətinin bir əsrdən əvvəl Bakıya gətirdiyi enerji avadanlıqları ilə tanış olmaq mümkündür. Halbuki belə tarixi eksponatlar bu gün heç həmin şirkətin özündə də yoxdur”.

Pəri xanım diqqətə çatdırdı ki, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki “Bakinski dok”da quraşdırılıb: “Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə, cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. Ümumiyyətlə, Nobel qardaşlarının, “Simens” firmasının neft sənayesinə olan maraqları elektrik təsərrüfatının formalaşmasına və inkişafına da təkan verib. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatmışdı”.

Müsahibimiz vurğuladı ki, 115-120 il öncə Bakıda zavodlar, sənaye obyektləri, şirkətlər, cəmiyyətlər, mehmanxanalar və hətta hamamların öz elektrik stansiyaları vardı, sonradan iş adamları birlikdə böyük gücə malik stansiyalar qurmağa başladılar. Hətta bu stansiyalarda dünya təcrübəsində ilk dəfə olaraq, təmizləyici aparatlar vasitəsilə maşın zalının turbinləri üçün dəniz suyundan buxar alınırdı.

Pəri xanım onu da yada saldı ki, elektrik enerjisi neft mədənlərində dartma, qazma, mexaniki təmirxanalarda və zavodlarda, su və neft nasoslarında, burğuların təmiri işlərində və təbii ki, işıqlanma sahəsində özünə istehlakçı tapıb: “Onun 50%-dən çoxunu “Nobel Qardaşları Birliyi” və baron Rotşildin “Xəzər-Qara Dəniz neft sənayesi və əmtəə cəmiyyəti” istifadə edirdi. Statistikaya görə, 1916-cı ildə Abşerondakı 3750 buruq mədənindən 1638-i elektrikləşdirilmişdi, bu da təxminən 50% təşkil edirdi. ABŞ-də isə bütün neft yataqları üzrə bu rəqəm 18-20%-dən çox deyildi. Bibi-Heybətdəki və Beliy Qoroddakı elektrik stansiyaları hətta 1914-cü ildə bir çox yaşayış məntəqələrinə işıq verirdi”.

1920-ci ildən sonrakı dövrdə də energetika sahəsində bir çox işlər görülüb. Lakin dönüş mərhələsi, iri tutumlu istehsal obyektlərinin və yarımstansiyaların, ötürücü xətlərin tikintisi ötən əsrin 70-ci illərindən etibarən geniş vüsət alıb. 1969-cu ildə Azərbaycana yeni rəhbər təyin edilən Heydər Əliyevin təkidi ilə Mingəçevirdə Azərbaycan İES tikilib. 2400 MVt gücündə olan bu müəssisə müstəqillik ilərində ölkənin enerji asılılığından qurtarmasına şərait yaradıb. Ümummili lider 20 oktyabr 1981-ci ildə Cənubi Qafqazın ən böyük enerji nəhənginin birinci blokunun açılışında iştirak edib. Və Azərbaycan Prezidenti İlham Əliyev həmin tarixin Energetika günü kimi qeyd olunması barədə 13 oktyabr 2004-cü ildə sərəncam imzalayıb.

Belə zəngin keçmişimizin səhifələrini vərəqlədikcə insanın ürəyi dağa dönür. Bəli, bizim hər sahədə, o cümlədən energetika sahəsində şanlı tariximiz var və “Azərişıq” onu şərəflə davam etdirir.

Şərhlər bağlıdır.