Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nofəl Qasımov: “Natiqin sağ olması xəbəri türk mətbuatında da yayılıb”

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. Mingəçevirdə yaşayıb. Şəhərdəki 4 saylı tam orta məktəbin məzunudur. 1991-92-ci illərdə “Qarabağ Şahinləri” adlı könüllü dəstənin tərkibində döyüşüb. 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün ərzində qida və su olmadan həmin yerdə ac-susuz qalıb və təslim olmaqdan imtina edib.

“1992 ci ildə əsir göürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır “ adlı yazılar bir neçə gündür ki, internetdə paylaşılır. Natiqin qardaşı Nöfəl Qasımovun ailəsi də bu xəbərə görə həm sevinib, həm də sarsılıb: “Bu xəbər qaysaq bağlamış yaramızı göynədir. Mənim yaşlı anam 27 ildir ki, oğul yolu gözləyir. Biz də inanırıq ki, o, sağdır. O gün işdən evə gələndə telefonuma zəng dalınca zəng gəldi. Maraqlandım, gördüm ki, bu xəbər türk mətbuatında da yayılıb. Vaxtilə Allahverdi Bağırov deyirdi ki, guya Natiqi yandırıblar.  Amma 1993-cü ilin axırlarında Gürcüstandan tanımadığım  İsmayıl Axundzadə adlı biri  gəlib məlumat  verdi ki, Natiq sağdır,  onu kimya zavodunda işlədirlər. Natiqi qaytarmaq üçün 1 milyon pul istədi. Biz qohum-əqrəbadan, dost-tanışdan bu məbləği düzəldib, 14 nəfərlə getdik Qırmızı körpüyə. Həmin adam mənə dedi ki, pulu ona verək, gedib əsiri gətirəcək. Biz ona inanmdıq. O, bizə dedi ki, onda burda gözləyin, gələcəyəm. Amma axşama kimi gözlədik,  gəlmədi. O qədər sevincək getmişdik ki, hətta Natiqə pal-paltar da aparmışdıq. Sonra məlum oldu  ki, bunlar bizi aldadıblar. 1993-cü ildə  Mingəçevirin  İcra Hakimiyyəti başçısı Rafiq Ərəbov bizə çox kömək edirdi. Deyirdi ki, əgər Natiq tapılsa, onun hər çiyninə 1 milyon pul qoyacağam. Ondan sonra biz Natiqdən heç bir xəbər almadıq. İndi bu yayılan xəbər bizi yenə şoka saldı. Bizi qınamayın, ümidimizi qıra bilmirik. İtki çox ağır dərdir. Bütün şəhidlərin dəfnində iştirak etmişəm. Mingəçevirin Şəhidlər Xiyabanında itkinlər sırasında Natiqin bir balaca şəkli olan yer var. İnandırım sizi, mən ora gedib gül də qoya bilmirəm.  Nə deyim, Natiqi tanıyanlar bilir ki, o necə oğul idi. Özü kino mexannik işləyirdi. Bütün kinolardakı qəhrəmanlarla fəxr edirdi. Özünün də həyatı kino kimi oldu. Natiqi tək bizim ailə yox, hamı gözləyir onu. Hələ nəvələrim heç Natiqin üzünü görməyiblər, amma bu xəbərə onlar da çox sevinir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər Natiq Qasımovun əsir götürülməsini inkar edir. Dövlət Komissiyasının müraciətlərinə baxmayaraq, Natiqin taleyi barədə Azərbaycana və beynəlxalq təşkilatlara məlumat verilmir. Artıq 60 yaşım var. İndidən sonra 60 il də yaşasam, Natiq kimi qəhrəman ola bilmərəm”.

Şərhlər bağlıdır.