Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Natiq Qasımov Mingəçevirdə, rəmzi məzarı önündə anıldı

32 ildən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Səlim oğlu Qasımov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü

Mingəçevirdəki Şəhidlər Xiyabanında Qarabağ müharibəsində itkin düşənlərin rəmzi məzarları sırasında Natiq Qasımovun da adı var.  Onun qəhəmanlığı haqqında 1992-ci ildə  «Oqonyok» jurnalında dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindən, o məqalədə yer alan italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi son şəkildən, Natiqin beş gün təkbaşına döyüşdüyü alban kilsəsinə gələn və onun təslim olması ilə 23 azərbaycanlı əsirin azad olacağını deyən Cəfər Cəfərovun (Xocalıda məktəb direktoru işləmiş və əsir düşmüşdü) söylədiklərindən və nəhayət Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin çəkdiyi “Oğul” filmindən çox eşitmişik.

32 ildən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Səlim oğlu Qasımov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Natiq Qasımovun xatirəsinə həsr olunmuş tədbir iyunun 27-də Mingəçevir Şəhidlər Xiyabanında keçirildi. Natiqin sücayəti barədə ətraflı məlumat verən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dedi: “Azərbaycan  gəncliyi hər an qəhrəmanlığa hazırdır. Natiqin həyatı və qəhrəmanlığı da daha geniş təbliğ olunmalıdır”.

Natiqin sinif müəllimi Sahibə Rəsulova keçmiş şagirdinin Natiq sənətkar olmaq istəyini söylədi. Birinci Qarabağ müharibəsi qazisi Əbülfət Babayev, Azərbaycan İES-in təmsilçisi Adil İsmayılov, şəhid anası İranə Həsənova, ictimaiyyət nümayəndəsi İnqilab Şirinli də şəhid haqqında xoş sözlər söylədilər.

Milli Qəhrəmanın Nofəl Qasımov ölkə Prezidentinə diqqətə görə ailəsi adından minnətdarlığını bildirdi və əlavə etdi ki,  natiqin 1992-ci il martın 12-də itkin düşməsi xəbərini alıb: “Axtarışlar nəticəsiz qalırdı. Böyük Britaniyalı jurnalistin Natiq haqqında araşdırmaları və  taleyi haqda məlumatı bizi sarsıtdı.  İtaliyalı fotoqraf qardaşımın dindirilməsi prosesində iştirak etdiyini, lakin Natiqə kömək edə bilmədiyini deyir”.

Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun rəmzi məzarı önünə tər çiçəklər düzüldü.

Şərhlər bağlıdır.