Mingəçevirin 80 yaşlı sakini Züleyxa Bağırovanın evinə oğurluq məqsədi ilə daxil olan şəxslər polis şöbəsi tərəfindən saxlanılıb. Onlar polis şöbəsinin müvəqqəti saxlanılma yerində törətdikləri oğurluq cinayətini etiraf ediblər. Təəccüblü burasındadır ki, oğrunun biri züleyxa xanımın nəvəsi olub. Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Tural İsgəndərov deyib ki, bu dəfə nənəsinin evinə oğrluq məqsədi ilə gəlib: ”Şkafın üstündə 85 manat pul olub. Onu götürüb, aradan çıxmışıq”.
Digər saxlanılan şəxs Turalın dostu, Samux rayon sakini Xasay Mustafayevdir. Xasay bildirib ki, onu Tural bura gətirib: “Dedi ki, nənəmin pulu var, gedək, onu götürək. Mənzilə daxil olduq. Qapını nənə açdı. Mən qadını itələdim, başı dəydi vanna otağına və daha sonra başına vurdum. Törətdiyim cinayət əməlindən peşimanam”.
Mingəçevir polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Tahir Şirinovun açıqlamasına görə, Təbriz küçəsi ev 5, mənzil 14-də yaşayan Züleyxa İbrahim qızı Bağırovanın ərizəsi əsasında zor tətbiqi və oğurluq hadisəsi ilə bağlı CM-nin 180-ci maddəsinə əsasən cinayət işinə başlanıb: “Araşdırma nəticəsində məlum olub ki, 6 fevral 2019-cu ildə saat 6 radələrində yaşlı qadının yaşadığı evə iki nəfər daxil olub, zor tətbiq edərək mənzilindən pul götürüb. Hadisənin Züleyxa Bağırovanın nəvəsi, Tovuz rayon sakini İsgəndərov Tural Nürəddin oğlu və Samux rayon sakini Xasay Mustafayev tərəfindən törədildiyi müəyyən olunub. Adı çəkilən şəxslər şübhəli şəxs qismində saxlanılıb”.
Şərhlər bağlıdır.