Nənə ilə nəvə Mingəçevirdə dəvə bəsləyir
Qiymətli tükü, yararlı südü, ən əsası susuzluğa davamlı və yük götürmə qabiliyyətli bu heyvanlara ölkəmizdə də maraq göstərənlərin sayı az deyil. Məşhur atalar sözünü nəzərə alan nənə və nəvə – Gülgəz Allahverdiyeva və nəvəsi Mikayıl şəhər ərazisində 14 baş dəvəyə qulluq edir.
“Səhra gəmi”lərinə daha çox rayon yerlərində rast gəlinsə də, maraqlı məqam onların Mingəçevirdə bəslənməsidir. Fəsil dəyişkənliyindən asılı olmayaraq, dəvələr çöllük ərazilərdə daha çox tikanla qidalanır. Yüklü dəvə gün ərzində 35-40 kilometrə qədər yol, 1 tona yaxın yük daşıya bilir. Mikayıl Allahverdiyev deyir ki, onların hər birinin öz adları var: “Bahar, Nər, Qumral, Kəklik, Maya… Əvvəllər 3 idi, indi 14-ə çatıb. Adlarını da fəsillərə görə vermişik. Dəvəyə baxmaq insanlara çətin görünə bilər. Amma belə deyil. Dəvəni buraxırsan, gedir səhralıqda özü üçün ən müalicəvi otları tapıb yeyir. Məsələn, yovşan, yulğun, yağ tikanı ilə qidalanır. Dəvə adları ilə çağırılanda tez bir zamanda sahibinə reaksiya verir. Ən sevimli xüsusiyyətləri isə suda və qumda ağınamaqdır. Dəvənin yunundan, südündən istifadə olunur. Bir gündə iki stəkan süd verir. Bu süd də astma-bronxial və onkoloji xəstəliklərin dərmanıdır”.
Şərhlər bağlıdır.