Nə yaxşı ki… və yaxud axı niyə?
5 gün sonrakı Polis, 25 gün sonrakı Mətbuat gününə SÖZƏVVƏLİ:
Bu ölkədə hər rayon üzrə mənim “qardaşım” deyə biləcəyim ən azı bir (elə rayon var, üçdü-beşdi, hətta ailəlikcə, bir neçə ailə) şərəfli, ləyaqətli, mübariz AZƏRBAYCANLI kimi tanıdıqlarım var! Onlardan birinin ad günüdür sabah – 27 iyun 2022-ci ildə əziz dostum, başından qəzavü-qədərlər əskik olmayan Zahir Əmənovun 70 yaşı tamam olur.
Gözləmədim ki, onun yaşını mənə fb xatırtlatsın. Gözləmədim ki, kimsə mənə xatırlatsın ki, Zahirin 70 yaşı tamam olur. Hamıdan öncə onu mən, Aydın qardaşı təbrik etmək istədi və edirəm də.
Zahir Əmənov mənim üçün kimdir? Həmişə insanlığın humanizm, sözün vicdan prinsiplərinə sadiq qalan bir möhtəşəm İMZA!
Son 30 ildə icra başçılarının, millət vəkillərinin, rektorların, hakimlərin… bəd əməllərini ifşa edən, onların hədsiz təzyiqləri ilə üzləşən, 6 dəfə məhkəmələrə çəkilib, amma hamısında qalib gələn, ABŞ-ın bölgədə səfərdə olan 4 səfiri ilə üzbəüz saatlarla görüşən, bölgənin tarixinə, mədəniyyətinə dair yüzlərlə məqalənin müəllifi, araşdırma yazıları onlarca beynəlxalq müsabiqələrin qalibi, ABŞ-a, Türkiyəyə, Bolqarıstana, Litvaya, Ukraynaya… və digər ölkələrə səfərlərdə ölkəmizi təmsil edən peşəkar jurnalistlərdən biri, regionda barmaqla sayılacaq (ən azı 400 sayı işıq üzü görən) müstəqil qəzetin, 100-dən artıq verilişi efirə çıxan “cənubxəbər.tv”-nin rəhbəri…
Siyahını uzatmaq da olar! Və… siz əgər gözləyirsinizsə ki, bu xidmətlər siyahısından sonra mən 50 ilin jurnalistinə, iki ictimai-siyasi formasiyanın müqtədir imzasına DÖVLƏT MÜKAFATLARINI sadalayım nəhayət ki… yanılırsınız!
Azərbaycanda vətənə və dövlətə, xalqa həqiqətlərin təbliği, yarıtmazlıqların tənqidi üstündə BELƏ fədakarlıqlar-xidmətlər… ŞƏRLƏNMƏKLƏ sonuclanır!
70 yaşının içində – gündə 70 vahid şəkər iynəsi vuran Zahir Əmənov… qolu qandallanmaqla, təhdidlərlə barmaqlıq içərisinə alınan ƏN QOCAMAN jurnalistimiz (ondan yaşlısı hələ ki həbs olunmayıb jurnalistlərdən)… kimi də AZAD SÖZÜN MÜBARİZLƏRİ sırasında töhfəsini vermiş oldu! Azərbaycanda hansı jurnalistlər zindan həyatı yaşamadı ki: Rauf Arifoğlu, Mehman Əliyev, Xədicə İsmayıl, Qənimət Zahid, Əvəz Zeynallı, Fikrət Fərəməzoğlu, Sərdar Əlibəyli, Ramil Sadıqov (day öz adımı da mən yazası deyiləm ki!)… nəhayət, Zahir Əmənov.
Bizim rüşvət içində üzən məmurlar özləri də bilmədən Zahiri daha da şöhrətləndirdilər. Görün, bir əyalət jurnalistinin müdafiəsinə kimlər qalxdı? Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyev, Ələsgər Məmmədli, Mehman Əliyev, kanal13, xural.tv, bakufm-2, turan.tv… Adlarını sadaladığım media təmsilçilərinin sanbalı, zənnimcə, çox şey deyir və konkret sual ortaya çıxır: siz kimi kimin ayağına verirsiniz?
Mükafata, təltifə layiq birisini 70 yşında, ağır diabet xəstəsi ola-ola zindanda narkotik istifadəçiləri ilə bir kamerada saxlamaq (əlbəttə, başadüşüləndir: kameralarda ziyalılar, möminlər olası deyil ki, oğrudan, qatildən başqa! Amma axı Azərbaycanda türmədə həm də ziyalılar, möminlər də var – heç olmasa onlarla baş-başa buraxmaq olardı), qoluna qandal vurmaq… dilləndirir e adamı: heçmi vicdanınız yoxdur?
Axşamdan eşitdim, bir-iki sayt yayımlamışdı, fb-də dostlar paylaşmışdı: səhv etmirəmsə, qaynarinfo-dan oxudum, Əlizaman Baxışın statusunda şərh yazdım: buraxacaqlar!
Bilirsiniz, əziz oxucular, mənim sevimli Azərbaycan xalqım, elə jurnalist statuslu-vəsiqəli adam var ki, nəinki anası da daxil olan-qalan hər şeyi söyülməklə yanaşı, həbs də olunmalıdır! Amma, axı, lakin, ancaq, fəqət, nə bilim e, necə giriş verəsən ki, anladasan: Zahir Əmənovu rüşvətlə yaxalamaq özünün öz var-yoxunu söyməkdir e! Nəinki bunu düşünmək! Bunu düşünmək… ən böyük günahlardan sayılmalıdır!
Hə-ə, başqasını demirəm, özümü göz önünə alıram: məni həbs etmək, şərləmək, hətta ittihamsız tutub elə-belə içəri də qoymaq olar! Mənəm də… mahiyyətcə bandit, ruhən xuliqan, prinsipcə “no-xoroşo” bilməyən, dostlar demiş, məscidə ayaqqabıyla girən, konstitusiyasız adam! Amma axı day Zahir Əmənov yox da!
Adamın hökümətlə, iqtidarla, müxalifətlə, cəmiyyətlə münasibəti ancaq və ancaq QANUNUN ALİLİYİ üstündə qurulub: demokratik dəyərlər, azad söz, insan hüquqları prinsipləri ilə təhqirsiz-təmənnasız yazılar yazıb, yazır, yazacaq da! Yazmamaq onun üçün 70 vahidlik şəkər iynəsini vurmamaq kimi bir şeydir!
Adam xalqıyla, ölkəsiylə, dövlətiylə nəfəs alır! Və… bütün fəaliyyəti qanun çərçivəsində, beyənlxalq konvensiyalara uyğun! Mənim kimi hirslənib məscid pəncərəsi sındırmır, vulqar və latayır ifadələri kök altında vermir! Verməyib! Adamda SÖZ DEMƏK var, söz soxmaq yox!
Adam konkret faktı deyib, deyir, deyəcək, zənnə-gümana qapılmır, “fb ulduzu”, “iqtidar tərəfdən müxalifət, müxalifət tərəfdən iqtidar qəhrəmanı”, populizm üstündə konyunktur çıxışlarıyla xalqın “sevimlisi” olmaq iddiası olmayıb, yoxdur, olmayacaq!
Adam yetkin bir Söz Adamı, Vətən Adamı, Dövlət Adamı!
Adam komsomolda rəhbər olub rayonda – bir kişi və bir kopayoğlu deyə bilməz Zahir Əmənov yaltaqlıqla ləbbeykdə olub!
Adamın həm həmkəndlisi (Teymur Yəhyayev, özü də iki dəfə), həm də qrup yoldaşı icra başçısı olub!
Həmkəndlisi olanda öz kəndində başçının nümayəndəsi olub!
Kim inciyib, kimi incidib, kimdən nə alıb?
Əksinə, bəziləri kimi, onikitaxtatuman nənələrinin ətəyində icra başçısının qəbuluna düşüb hər şeyini pul-vəzifə müqabilində təklif edənlərdən fərqli olaraq, nəinki yazdıqlarına görə nəsə umub şəxsi üçün, hətta yazmamaq, sadəcə, yazmamaq üçün edilən təkliflərdən belə imtina edib!
Bu rayonun ən allahsız adamı əgər Əhəd Abıyevdirsə, Əhəd Abıyev oğlu Sərrafın yanında etiraf edib: “sənin atan ən mərd düşməndir!”
Əgər Zahir Əmənov rüşvət alan, uman idisə (özümü gclə saxlayıram biədəb ifadələrdən), fərli-başlı adamdan alardı da! Məsələn, icra başçısından, onun müavinindən, deputatdan! Onlardan pul alamı bilmirdi, pul almağın yollarını-üsularınımı bilmirdi? Özü özünü o qədərmi əskik tutdu… illərlə uşağı olmayan qızı hamilə qalanda uşağı tələf etmək üçün ona abort dərmanı alıb verən birindən aldı, umdu?
Bu ölkədə hər şey gözdən salınır, bacarılan bircə yüksək səviyyədə rüşvət almaqdır, onusa da hörmətdən salmayın, adını “hörmət” qoyduğunuz rüşvətin!
O adamla Zahir Əmənovun üstünə “balam ölsün, mənim xəbərim yoxdur” deyən adamlar gedir ki, camaat onu el arasında “g…” ayaması ilə mükafatlandırıb, üzünə deyiblər e!
Qızının yazışmaları əldə olan, sevgililərinin növünü (cinsəl, maddi-sponsor) və sayını bilən adamla da adam LƏYAQƏTİN, ŞƏRƏFİN, SÖZÜN-HAQQIN üstünə gedər?
Əslində qınamalı deyil də Zahir Əmənovu susdurmaq istəyənləri: axı heç bir kişi oğlu kişi belə şərəfsizliyə imza atmaz ki, bizim bölgənin bu adamı atıb!
Və… nə yaxşı ki… ölkənin Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdur!
Və… nə yaxşı ki… ölkənin Prezidenti İlham Əliyev cənablarıdır!
Çünki cənab general-polkovnik həm özü dərk edir, həm də rəis təyin etdiyinə dərk etdirib ki, özünü Prezident kimi aparma! Bu ölkədə jurnalistin həbsinə razılıq icra başçısı, polis rəisi səviyyəsinə endirilə bilinməz!
Və… nə yaxşı ki… cənab Nazir işə qarışdı, Masallının polis rəisinə şəxsən zəng vurdu!
Əlbəttə ki və həm də… ölkənin tanınmış jurnalistləri, vəkilləri ayağa qalxandan sonra… Zahir Əmənov azadlığa çıxdı. Fəqət… qara buludlar hələ də başının üzərindən çəkilməyib.
Elə ona görə fb səhifəmdən səslənirəm: Əlbəttə, sizlər Zahir Əmənovu yenə həbs edə bilərsiniz, türmədə öldürə bilərsiniz, lakin onun yerində daha kəskin, daha barışmaz Aydın Canı və canınızı alacaq Aydın Canları görəcəksiniz.
Sabah Zahirin 70 yaşı tamam olur. O heç vaxt yubiley, mükafat hərisi olmayıb. Nə 50, nə 60, nə də 70 yaşında. Neçə dəfə, elə bu yaxınlarda da cəhd etdim ki, haqqında kitab yazım, Azərbaycan jurnalistikasına töhfə olan 300-ə yaxın “Çəpərüstü söhbət” adlı məqalələrini kitab halında çap edək, imkan vermədi. Dostlar təmənnasız olaraq onun haqqında tammetrajlı filmlər çəkmək istədi, geniş ölçüdə portretini hazırlatdırmaq istədi, ali və kübar ziyafət məclisi qurmaq istədilər – qəti etiraz etdi!
Dostların xeyirxahlığına, sevgisinə etiraz edən Zahir Əmənova… əvəzində yoluq düşmənlik sərgiləyən özünübilməzlər stəkanda fırtına yaratdı: ən azından, Zahir Əmənovun hazırladığı 100 verilişin sadəcə elektrik, montaj, operator xərcini 100 manatdan hesablasan… bu elə 10 min manat edir! Adamın üstünə 1500 manatla getmək həm adama, həm də bunu edən adamların özünə hörmətsizlikdir!
Həbsi və türməni gözdən salmayaq – artıq türmə qorxulu yer, azadlıqdan məhrumetmə ağır cəza deyil: ölkə artıq özü həbsxanadır!
Türməni-azadlıqdan məhrumetməni şərləmək yolu ilə necə qıymaq olar axı Zahir Əmənova, təkcə yazılarındakı başlıqlar özü bir aləmdir!!!
“Gər başçı desə, Lerikdə vardı haqqı ədalət,
inanma, əlbəttə ki, başçı sözü yalandır”!
“Qızılağac “mina”lardan təmizlənir”!
“Siz deyəndə “can” olur, biz deyəndə “qan” olur?”
Eləcə də sonuncu, həbsinə yol açan “Hamıya çirkin olsam da, başçıya göycək olaydım”…
Bu cür onlarca, yüzlərlə yazı hamının ləzzətlə oxuduğu və oxuyub doymadığı yazılardandır. “Balam ölsün, xəbərim yoxdur” deyə-deyə Zahir Əmənovu həbsə atdıranlar, sizin özünüzdə vicdan olmasa da, vicdanı olanların səsinə qulaq asın!!!
Şəhidlərin başdaşından pul qazananlar, şəhid, qazi ailələrinə gedən paylara tamah salanlar, “priton” saxlayanlar, 5-6 minə saxta hərbi bilet satanlar, yüz hektarlarla meşəni talan edənlər, bu pullardan evindəkilərinə tuman-köynək, büstqalter-penyüar alanlar, qəflətdən ayılın!!!
Son 10 ildə teatr görmək istəyənlər, əgər unudulmaz tamaşa görmək istəyirsinizsə, Zahir Əmənov üçün məhkəmə qurun! 8 il uşağı olmayan qızının hamiləliyini ləğv etdirən iyrənc məmurun əsil sifətini görmək istəyirsinizsə, Zahirə məhkəmə qurun!
Zahir Əmənov, çox olsa, çox olsa, həbsdə bir ay qalar – ya ağır xəstəlikdən orada ölər, ya da oradan Qəhrəman kimi çıxar.
YAZIYA SÖZARDI: 5 gündən sonra Polis Günüdür! Adətən, polis işçiləri ilə təmas yarananda deyirəm: Allah sizi əskik etməsin! Bu ağıl ki, bu xislət ki, əksər adamlarda var, szi olmasanız, adamı yol gedə-gedə, elə yolun tən ortasında cinsi istifadəyə cəlb edərlər!
Ancaq… indi bu addımın polisin imzası ilə olduğunu görəndə ürəkdən deyirəm: nə yaxşı ki… general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Naziridir!
Və… bunu Zahir Əmənova görə deyirəm!
Çünki… 25 gündən sonra Mətbuat Günü olacaq! Elə bir gündə Zahir Əmənovun üstündə ittiham qalması nəinki mətbuata, nəinki hüquq-mühafizə orqanlarına, birbaşa dövlətə ləkədir!
Əminəm, inanıram da ki, 44 günlük savaşın Müzəffəri cənab ABK Ilham Əliyev rüşvətxorluqla mübarizədə 70 yaşlı jurnalistin şərlənərək rüşvətalma ilə həbsiylə fəxr etməz!
ƏN AZINDAN: cənab Prezident də, cənab Nazir də gözəl bilir ki, bu ölkədə pulu hansı jurnalistlərə kimlər verir, rüşvəti hansı jurnalistlər “hörmət” adıyla alırlar!
Zahir Əmənov bu jurnalistikada 50 ildir var!
50 il də olacaq!
Zahir Əmənov kimi jurnalistlərin AZADLIĞI, AZADLIQDA varlığı bu dövlətin başucalığıdır!
Mən hesab edirəm və təəssüflə qeyd etməyə məcburam: bu yazı mənim Zahirdən yazmaq istədiyim yubiley yazısı olmadı!
Zahirin haqqını verməliykən, Zahirin tapdanmış haqqı barədə arqumentlər sadalamaq Onun portreti ola bilməz!
Çünki “Zahir Əmənov” Azərbaycan mətbuatının əyalətdəki ən gözəl və ən yaraşıqlı, ən sevimli, ən baxımlı və oxunaqlı portretidir!
Biz Onu elə görməli, elə dərk etməli, elə də qəbul etməliyik!
Onu yaşatmaq bizim borcumuzdur!
Onu öldürmək dövlətin və iqtidarın planlarına daxil olmamalıdır!
p.s. Əziz oxucular, Zahir Əmənovu dərk et(dir)mək üçün, ona dəyər ver(dir)mək üçün sizlərin də fikrini bilmək çox maraqlıdır. Həmin fikirlərin icmalı olaraq, növbəti yazını yazacam!!! Elə çıxmasın ki, Zahir Əmənovu təkcə mən o zirvədə görürəm!
Aydın CAN
26 iyun 2022-ci il
Redaksiyadan: Yəqin ki, çoxları Zahir Əmənovun hansı əziyyətlər hesabına bu mərtəbəyə çıxdığından xəbərsizdir. Əsas odur ki, paytaxtda müstəqil qəzet çıxarmaq istəyənlərin əksəriyyəti axıra qədər gedə bilmədi, o isə əyalətdə bir qarnı ac, bir qarnı tox halda dözdü və bacardı.
Təbriklər, Zahir bəy. 70 yaşı da çox qabartma! Maşallah, canın sulu, barmaqların da düzü düz, əyrini əyri yaza-yaza elin haqq səsini ünvanına çatdırmaqdadır. Var ol, yüz yaşa, sağlam yaşa!
Şərhlər bağlıdır.