Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MVA “Torpağın cazibəsi” filmini MDU-da ictimaiyyətə təqdim etdi

QHT Agentliyinin maliyyə yardımı ilə “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsi çərçivəsində regional ELTV kanalı ilə birgə çəkilən 21 dəqiqəlik film üç məcburi köçkünün həyat hekayəsi üzərində qurulub

296

Məcburi köçkünlərin məşğulluq ehtiyaclarından bəhs edən “Torpağın cazibəsi” sənədli filmi noyabrın 15-də Mingəçevir Dövlət Universitetində ictimaiyyətə təqdim olunub. Film Mingəçevir Valideynlər Assosiasiyasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsi çərçivəsində MDU-nun informasiya dəstəyi və regional ELTV kanalı ilə birgə çəkilib.

Təqdimat mərasimi şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanıb. Bir dəqiqəlik sükutdan sonra çıxış edən Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti və layihənin rəhbəri Fərman Nəbiyev deyib ki, iki ildir Zəfər gününün şərəfi ilə yaşayırıq: “Bu Zəfər məcburi köçkünlərə 27-28 ilin torpaq, yurd həsrətindən sonra dədə-baba ocaqlarına qayıtmaq imkanı yaradıb. Və biz də qayıdışa dəstək vermək üçün təkcə 2022-ci ildə QHT Agentliyinin köməyilə məcburu köçkünlərə yönələn 2 layihəni həyata keçirmişik. Sonuncu layihəmizin məqsədi məşğulluqla bağlı məsələləri yerində araşdırmaq və hökumətə ismarıclar verməkdir”.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov layihəni həyata keçirməkdə Mingəçevir Dövlət Universitetini tərəfdaş kimi seçdiyi üçün Mingəçevir Valideynlər Assosiasiyasına təşəkkür edib. O, vurğulayıb ki, bu film həm ssenari, həm də çəkiliş baxımından peşəkar bir işin nəticəsidir və cəmiyyətə verdiyi bir mesaja diqqəti çəkir: “Məqsəd məşğulluq problemini qabartmaqdır. Bir tərəfdən məcburi köçkün həyatının keçmişdən gələn əzab-əziyyəti, çəkinlikləri qabardılıb, digər tərəfdən işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərlə bağlı sabaha boylanan arzular ortaya qoyulub. Və paralel hekayələri verməklə uğur qazanan insanlar önə çəkilib. Zənnimcə, qəhrəmanlarla bağlı çox uğurlu seçim edilib. İlk qəhrəman müəllimdir. Məcburi köçkün həyatı yaşayan bu müəllim xarabaya dönmüş kəndinin daha müasir quruluşundan sonra qayıdıb orda fəaliyyətini davam etdirməyi düşünür. İkinci qəhrəman Vətən müharibəsi iştirakçısıdır, qələbəmizin əldə olunmasında pay sahibi olanlardan biridir. Onun həyata baxışı və məşğulluq məsələsinə yanaşması çox peşəkarlıqla verilib, obrazlı şəkildə qabardılıb.  Üçüncü qəhrəman isə Mingəçevir Dövlət Universitetinin tələbəsidir. Onun dilindən sabahı,  sabaha olan pozitiv gözləntiləri görə bildik. O da işğaldan azad edilmiş torpaqlarda gedib çalışmaq, ixtisası üzrə işləmək niyyətindədir. Zənnimcə, bu üç qəhrəmanın ardıcıllığı özü də uğurlu bir seçimdir. Və  filmin tələbənin sabaha bağlı düşüncələri ilə bitməsi çox doğru yanaşmadır. O ki qaldı dövlət qurumlarının nümayəndələrinin filmdəki fikirlərinə, onlar da cəmiyyətə ötürmək istədikləri mesajları verdilər. Həm məşğulluq problemi qabardılıb , həm də dövlətin bu sahədə, bu istiqamətdə gördüyü siyasət ortaya qoyulub. Ən nəhayət, 21 dəqiqəlik filmin müddəti də tamaşaçını yormur”.

MDU-nun baş müəllimi Arif Tağıyev deyib ki, özü, valideynləri və qohumları köçkünlük həyatı yaşayıblar: “Məşğulluq tək məcburi köçkünlər üçün deyil, həm də bütün cəmiyyət üçün olduqca aktual məslədər. Məşğulluq insanları ələ baxımlıqdan, kiminsə yanında başıaşağı olmaqdan qurtarır. Bu filmdə də əsas qayə budur ki, dövlət 30 il ərzində məcburi köçkünlərə kömək edib, lazımi şərait yaradıb. Indi isə onların qayıdış dövründə məşğulluğunun təmin olunması əhəmiyyətli bir iş ola bilər. Mənə belə gəlir ki, filmin mövcud problemin həllində müəyyən qədər rolu olacaq”.

Təqdimat mərasimində sənədli filmin qəhrəmanlarından Sabirə Məmmədova və Mərcan Rüstəmova,  Mərkəzi Aran Regional Məşğulluq Filialının  işsiz şəxslərlə iş şöbəsinin böyük mütəxəssisi İsmayıl Abdurəhmanov, ELTV kanalında Yaradıcılıq Departamentinin redaktoru Elgiz Mahmudov da fikirlərini bölüşüblər.  Onlar filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini də çatdırıblar.

Filmi BURDAN izləmək olar:

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.