MVA-dan 2 köçkün icmasına kompüter dəsti
“Ümid” Sosial İnkişafa Dəstək və “Mingəçevir Valideynlər Assosiasiyası” ictimai birlikləri İcma İnkişafı Yanaşması və təlimçilik üsulları vasitəsilə icmaların səfərbərliyinə və onların düzgün qərar qəbul etmə prosesini həyata keçirməsinə nail oldu
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Proqramı altında və “Ümid” SİD İB-nin sub qrantı ilə “Mingəçevir Valideynlər Assosiasiyası” İB-nin 2023-cü ilin may ayının 1-dən həyata keçirdiyi “Mingəçevir şəhərində Məcburi Köçkün İcmalarının Səfərbərliyi və bacarıqların artırılması” layihəsi artıq başa çatıb. Ötən 8 ay ərzində İcma İnkişaf Şurası üzvlərinin və peşə təliminə cəlb edilən məcburi köçkün gənclərin seçilməsi, icma layihələrinin prioritetləşdirilməsi və s. daxil olmaqla, layihə ilə bağlı bütün əsas qərarlar icmalar tərəfindən qəbul edilib və onlar icraya dair mülkiyyət və məsuliyyəti öz üzərlərinə götürüblər.
“Peşə qazan, yaxşı iş tap və rahat mənzilə köç” formulu üzrə köçkünlər davamlı maarifləndirilib, peşə təlimlərinə cəlb edilib və mikro qrantlar çərçivəsində dəstəkləniblər. Belə ki, köçkünlərə sahibkar müəssisələrində təcrübə keçmək, münasib iş yeri tapmaq, yeni iş yeri yaratmaları üçün avadanlıqlar almaq imkanı yaradılıb.
MVA 2023-cü ildə ən azı 1200 məcburi köçkünü əhatə etməklə məcburi köçkünlərin sıx məskunlaşdığı 2 icmada fəaliyyət göstərib. İcmaların seçilməsini “Ümid” SİD-in MVA ilə birgə təşkil etdiyi 5-7 nəfərdən ibarət “Layihələrin idarəedilməsi və qiymətləndirilməsi üzrə Komitə” (LİQK) öhdəsinə götürüb. Bu komandaya BMT QAK nümayəndəsi, yerli hökumət rəsmiləri, yerli QHT nümayəndəsi, MVA və “Ümid” SİD-in əməkdaşları daxil olub. LİQK ilk ayda yaradılıb, layihə tamamlanana qədər işləyib. İcmada məskunlaşmış məcburi köçkünlərin sayı və icmaların layihədə birgə işləməyə hazır olması əsas seçim meyarlarından hesab edilib.
Layihə rəhbəri Yeganə Nəbiyevanın dediyinə görə, həmin massivlərdə icma üzvlərindən ibarət İcma İnkişaf Şuraları yaradılıb. Ötən müddətdə 13-14 nəfərlik qruplar üzrə 10 mövzu üzrə təlim və dəyirmi masalar təşkil olunub. Keçmiş köçkünlərin bizneslə bağlı mövzular üzrə bilikləri 30-40% artıb. Biznes təlimlərinin iştirakçıları həmçinin yeni biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün biznes planların yazılması ilə bağlı əlavə məsləhətlər alıblar. Nəticədə “Yeni həyat” qəsəbəsində gözəllik salonu açmaq istəyən bir xanımın biznes planı da maliyyə dəstəyi qazanıb. O, usta yanında şagird hazırlığı keçəndən sonra lazım olan avadanlıqlarla təchiz olunub. “Kür” mehmanxanası icmasında məskunlaşan iki xanım da şirniyyatçılıq üzrə UYŞH keçib və bu peşənin sirlərinə yiyələniblər. Eyni zamanda Mingəçevirin “Yeni həyat” qəsəbəsində ara yollara çınqıl döşənməsi və “Kür” mehmanxanasında sıradan çıxmış su və kanalizasiya xətlərinin qismən dəyişdirilməsi ilə bağlı mikro layihələr icra olunub. Prosesə Qaçqınkomun yerli Mənzil İstismar Departamenti, Mingəçevir Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Su-Kanal İdarəsi də töhfələrini əsirgəməyib.
İlin son günləri də Mingəçevirdə yadda qalan olub. MVA layihə çərçivəsində hər iki icmaya kompüter avadanlığı və dəftərxana ləvazimatı verib. Hər bir dəstə kompüter (prossesor İ5, RAM 8gb, SSD 256gb, Manitor 22), printer ( HP Lazerjet, surətçıxaran, scanner, printer), adi və yapışqanlı qeyd kağızları, 2 tərəfli skoç, stepler, A4 kağız bağlaması, skrepka, flipçart, qələmlər və sənəd rəfi daxildir.
Şərhlər bağlıdır.