Mayın 18-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü qeyd olunub. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirə Tərtər, Yevlax, Bərdə və Mingəçevirin mədəniyyət işçiləri ilə yanaşı ictimaiyyət nümayəndələri də qatılıblar.
Tədbirə toplaşanlar “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı foto sərgi ilə tanış olublar. Sonra isə onlar Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərovun metalişləmə üsulu ilə hazırladığı və sərgilədiyi soyuq silah növləri haqda məlumatlarını dinləyiblər.
Beynəlxalq Muzeylər Günü ilə bağlı ətraflı məlumat verən aparıcı Azərbaycanda ilk muzeyin görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunduğunu deyib: “Dövlət səviyyəsində 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə təməli qoyulan ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib”. Ümummilli lider Heydər Əliyevin muzeylərin zənginləşməsində və bu sahənin inkişafında əvəzsiz rolu olduğu vurğulanıb.
Tədbirdə Bərdə rayonu və Mingəçevir şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri, xor kollektivləri, vokal qrupları ulu öndər Heydər Əliyevə və Azərbaycana həsr olunmuş mahnılar ifa ediblər. Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında səslənən əsərlər və “Banu” rəqs qrupunun şux rəqsləri iştirakçılarda xoş təəssürat yaradıb.
Şərhlər bağlıdır.