Musiqi müəllimləri “Arşın mal alan”a yeni ruh verdilər
Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi operettanı yeni quruluşda Mingəçevir səhnəsinə çıxardı
Oktyabrın 4-də Mingəçevir Dövlət Dram Teatrının səhnəsində “Arşın mal alan” operattası oynanıldı. Bu dəfə rolları teatrın aktyorları deyil, dahi Üzeyir Hacıbəylinin adını daşıyan musiqi məktəbinin müəllimləri ifa etdilər. “Şuşa ili”nə həsr edilən tamaşanı mingəçevirlolərlə bərabər Bakı, Gəncə, Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlardan dəvət olunmuş mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri də izlədilər.
Operettanın süjeti sadə və maraqlıdır. Musiqi məbədgahı olan Şuşaya işğaldan azad olunandan sonra gələn turistlər dağılmış məktəb binasında yerə səpilən not vərəqləri tapırlar. Bu, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının not yazılarıdır. Musiqinin sehri turistləri ötən günlərə qaytarır və onlar komediyanın personajlarına çevrilirlər.
Səttar Orucov (Əsgər), Pərvanə Soltanova (Gülçöhrə), Sahilə Həsənova (Asya), Elmir Ağa (Süleyman), Polad Osmanov (Sultan bəy), Zülfiyyə Hacıyeva (Cahan xala), Elnurə Musayeva (Telli) (Elvin Xan Əkbər ) Vəli obrazlarını canlandırdı. Və onlar rollarını o qədər təbii ifa etdilər ki, tamaşaçı çaş-baş qaldı: bu şəxslər musiqi müəllimi deyil, peşəkar opera müğənniləridir. Musiqi rəhbəri İradə Xəlilovanın canlı müşaiyəti Üzeyir musiqisinin möhtəşəmliyini bir daha sübut etdi.
Klassiklərin əsərinə çox hörmətlə yanaşan Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev quruluş verdiyi tamaşaya əsərin ruhuna toxunmadan etdiyi əlavələrlə xüsusi rəng qatıb. Bu, “Arşın mal alan”nın pərdələr arası keçidlərində Şuşanın tarixi haqqında səslənən məlumatlardır. Rejissor tamaşaçını əyləndirməklə yanaşı, həm də ona tarixi anları təkrar yaşatdırır.
Təbii ki, dahi bəstəkarın dünya şöhrətli “Arşın mal alan” komediyasını əyalətdə musiqi məktəbinin bir qrup müəlliminin oynaması həm məsuliyyət, həm də iradə tələb edirdi. Amma baş rejissorla yanaşı rejissor İbrahim Türksoyun köməkliyi və məsləhətləri nəticəsində onlar buna nail oldular. Tamaşa uğurlu alındı və ifaçılar tamaşaçıların alqışlarını qazandılar.
Vüsal Mehrəliyev müəllimlərin onun gözləntilərini doğrultduğunu dedi: “Təəssüratlarım yüksəkdir. Biz bir-birimizin vəziyyətini başa düşdük. Yəni peşəkarlıq baxımından onlar aktyor deyil, mən isə musiqiçi. Amma öz sahəsində iki peşəkar qüvvənin qarışığından bu səhnə əsəri ərsəyə gəldi”.
Layihənin rəhbəri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova kollektivə və musiqi məktəbinin direktoru Vüsal Məmmədova təşəkkür etdi: “Biz cəmiyyətə hansı mesajı veririk? Bütün dövrlərdə belə bir həqiqət var: Hər şey dönüb, dolanır və gerçək mütləqə dönür. Yəni gerçək başlanğıca gəlir. Bu gün biz keçmişlə bu günün, hətta gələcəyin mesajını aldıq. Dahi Üzeyir Hacıbəylinin simasında keçmişimiz və bu günümüz. Şuşanın mərhələ-mərhələ keçdiyi yolu gördük. Biz burda bir gerçəyin də şahidi olduq ki, şəhərlərin də taleyi bəzən insan taleyinə oxşayır. Bir gerçəklik var. Üzeyir bəy və “Arşın mal alan” bizim ülvi dəyərimizdir. Şuşanın qaytarılmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, önündə baş əyirik. Qazilərimizə can sağlığı arzulayırıq. İnanırıq ki, 11 illik musiqi məktəbi bizi yeni layihələrlə sevindirəcək”.
Teatrşünas Anar Bürcəliyev müxbirimizlə söhbətində diqqətə çatdrdı ki, bu gün 44 günlük Vətən müharibəsi ilə klassik dramaturgiyanın bir sintezini gördük: “Belə bir şey ilk dəfədir. Bu, çox uğurlu sintezdir. Dramaturji xətt qorunub saxlanmaqla professional şəkildə rejissor təqdimatını gördük. Mənim üçün çox maraqlı idi ki, qeyri-peşəkarlarla peşəkar rejissor işləyib”.
A.Bürcəliyev bu kollektivin Gəncəyə qastrol səfərinə dəvət olunmasını da arzuladı.
Xoş gündən xatirə kimi fotolar yaddaşlara köçürüldü.
Şərhlər bağlıdır.