“Təchizatçı sayğacın dəyişdirilməsi marağındadırsa, bunu öz vəsaiti ilə və istehlakçının razılığı əsasında edə bilər”
Sayğacın kartı sahibkara verilmədi
“Foto Mirzə” atelyesini Mingəçevirdə hamı tanıyır. Əvvələr burda Mirzə kişi çalışırdı, indi isə oğlu Elşad Mirzəyev atasının peşəsini davam etdirir. Şəhərdə keyfiyyətli iş gördürmək istəyənlərin əksəriyyəti bura üz tutur. Amma 2009-cu ilin yayında E.Mirzəyev müştərilərindən imtina etməyə məcbur oldu. Səbəb isə obyektə enerji verilişinin dayandırılmasıyla bağlıydı.
Sahibkarın dediyinə görə, 23.07.2009-cu ildə Mingəçevir ŞEŞ-in bildirişi ilə ona 266.05 manat ödəyərək smart kart tipli sayğac quraşdırmaq tələbi verilib: “25.07.2009-cu ildə isə mənim iştirakım olmadan sayğacı quraşdırdılar, amma tərəfimdən ödəniş edilmədiyi üçün sayğacın kartını vermədilər. Sayğacın üzərində olan 1 manat 20 qəpik kredit pul qurtardıqdan sonra sayğac avtomatik olaraq obyektə enerji verilişini dayandırdı. Bundan sonra qaldıq işıqsız”.
E.Mirzəyevin müraciətindən sonra Sənaye və Energetika Nazirliyinin nümayəndələri məsələni yerində araşdıraraq, akt tərtib ediblər. Həmin aktda bildirilir ki, smart kart tipli sayğaca qədər obyektdə CO-İ446 tipli sayğac qurşdırılıb və onun istismarı hər hansı bir normativ sənədlərlə qadağan olunmayıb.
“266 manat köçürəndən sonra…”
Ötən ilin fevralında “Mingəçevir işıqları” qəzetinə məxsus iş otaqlarının təmirindən sonra mövcud sayğacı yenidən qoşdurmaq bizim üçün də problemə çevrildi. Yerli enerji idarəsindən bir yığın sənəd istədilər, axırda da dedilər ki: “İdarəmizin hesabına 265 manat köçürəndən sonra enerji ala biləcəksiniz”.
Nəhayət, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyevə müraciət etdik. Az sonra, mayın 27-də Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-dən mobil telefonumuza zəng vurdular, növbəti gün isə (hətta bayram günü olsa da) iş yerimizə gəldilər, köhnə sayğacı yenisi ilə əvəz edərək, açarını və kartını bizə təhvil verdilər.
Bunun ardınca Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-dən iyunun 13-də və 22-də iki məktub aldıq. Birinci məktubda yazırdılar: “…sizdən 265 manat məbləğində vəsaitin kim tərəfindən istənilməsini aydınlaşdırmaq mümkün olmamışdır”. İkinci isə əvvəlkindən tamamilə fərqliydi: “… hüquqi şəxs olmağınız məlum olduğundan, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərini yerinə yetirərək, redaksiya üçün quraşdırılmış smart kart tipli sayğacın 266.05 manat təşkil edən dəyəri ödənişinin təmin edilməsi sizə tapşırılır”.
Bakıya göndərilən sorğu
Məsələyə aydınlıq gətirmək, “İnformasiya əldə etmək haqqında” Qanuna müvafiq olaraq, ictimaiyyət üçün açıqlanmalı olan məlumatları öyrənmək məqsədilə Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev və Sənaye və Energetika naziri Natiq Əliyevə 16 dekabr 2011-ci ildə rəsmi informasiya sorğuları göndərdik:
“1.Əvvəllər istifadə olunmuş və yeni sayğaclar quraşdırılarkən abonentlərdən götürülmüş köhnə sayğaclar təxminən hansı qiymətə alınıb və bundan sonra harada və nə məqsədlə istifadə olunacaq?
2.Son üç ildə sayğacları Bakıda və bölgələrdə neçə dəfə dəyişdirmək mümkün olub?
3.Ölkədə adi sayğacların smart kart tipli sayğaclarla əvəz olunmasına nə vaxt başlanıb və prosesin haçan başa çatacağı nəzərdə tutulub? Həmin müddətdə nə qədər sayğacın dəyişdirilməsi planlaşdırılır? Həmin məqsəd üçün nə qədər vəsait xərcləmək nəzərdə tutulub? İndiyədək həmin məbləğin nə qədəri xərclənib?
4.Smart kart tipli bir sayğacın ölkədə hazırlanması və kənardan, məsələn, Çindən alınıb ölkəyə gətirilməsi neçəyə başa gəlir?
5.Qeyri-əhali sektorunda obyekt sahibinin deyil, enerji təchizatçısının təkidi ilə mövcud köhnə sayğacların yenisi ilə əvəzlənməsi zamanı ödəniş tələb olunması mövcud qanunvericiliyin hansı müddəaları ilə tənzimlənir və qiymətlər necə müəyyənləşdirilir?
6.Yeni sayğaclar əhalinin mənzilindən və qeyri əhalinin obyektindən kənarda qoyulduğu halda sındırıldıqda, yaxud nasazlıq nəticəsində sıradan çıxdıqda onun yenisi ilə əvəz olunması ilə bağlı xərcləri çəkmək kimin üzərinə düşür-ev və ya obyekt sahibinin, yoxsa enerji təchizatçısının?
7.Enerji verilişində gərginliyin artması və ya azalması nəticəsində ev və ya obyekt sahiblərinə dəyən ziyanın məbləği enerji təchizatçısı tərəfindən hansı müddətə ödənilməlidir?
8.Sayğacların texniki göstəriciləri hansı qurum tərəfindən yoxlanılır?
9.Ölkəyə indikindən ucuz və keyfiyyətli sayğacların gətirilməsi və onların Azərbaycanda istehsalı nə dərəcədə mümkündür?
10.Azərbaycana hansı özəl şirkətlər və dövlət qurumları smart kart tipli sayğaclar gətirir? İdxalın illik həcmi nə qədərdir və indiyədək bu, nə qədər olub?”
İnhisarçı məlumatları açıqlamalıdır
Media Hüququ İnstitutunun əməkdaşı Xalid Ağəliyevin dediyinə görə, Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununa əsasən, əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və müstəsna hüquqa malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları açıqlamağa borcludurlar: “Qanunun 24.1 maddəsinə görə, informasiya sorğusu 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır. İctimai önəmli məlumatların ictimaiyyətə çatdırılması üçün qarşı tərəfin KİV-in istəyini və informasiyanın köhnələ biləcəyini nəzərə alaraq, sorğuları ən qısa müddətdə, hətta bir gün və ya bir neçə saat ərzində cavablandırması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər”.
Cavab xatirinə “cavab”
Bakıya yolladığımız sorğuya “Mingəçevir REŞ” MMC-nin direktoru S.Hüseynovun imzasıyla cavab gəldi, özü də bir ay sonra: “Müraciətinizdə göstərdiyiniz 1-ci, 5-ci, 6-cı, 7-ci və 8-ci suallar 13 aprel 1998-ci il tarixli “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müddəaları ilə tənzimlənir ki, həmin normativ hüquqi aktlar mətbuatda dərc olunmuş, kitab və broşura şəklində satışa buraxılmış, habelə internet səhifələrində yerləşdirilmişdir. Odur ki, həmin normativ hüquqi aktları göstərilən sahələrdən əldə edib, daha geniş və ətraflı tanış ola bilərsiniz. Azərbaycan Respublikasına hansı özəl şirkətlərin smart kart tipli sayğaclar gətirməsi, onların idxalının illik həcminin əvvəllər və hal-hazırda nə qədər olması, Azərbaycanda smart kart tipli sayğacların istehsalının mümkün olub-olmaması, smart kart tipli sayğacların Çin Xalq Respublikasından ölkəmizə hansı qiymətə gətirilməsi, respublikamızda son üç ildə neçə dəfə sayğac dəyişdirilməsi barədəki qalan suallarınızla əlaqədar isə müvafiq xronoloji məlumatımız olmadığına görə, bu suallarınızı cavablandırmaq imkan xaricindədir. Xahiş edirəm nəzərə alasınız”.
“İşlək sayğacı dəyişməyə nə ehtiyac?”
“İstehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanmış müqavilələr əsasında alırlar.
Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilir ki, elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb oluna bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir”.
Bu barədə danışan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev diqqəti bir neçə məqama yönəltdi. Onun dediyinə görə, qeyri-əhali sektorunda şəbəkəyə ilk dəfə qoşulma və ya gücün artırılması zamanı istehlakçının xərclərdə iştirakından söhbət gedə bilər: “Amma heç kim işlək vəziyyətdə sayğacı olan istehlakçını məcbur edə bilməz ki, onun əvəz olunmasına pul ayırsın. Əgər təchizatçı sayğacın dəyişdirilməsinin marağındadırsa, istehlakçının razılığı ilə və öz vəsaiti ilə bunu edə bilər. Yəni bu zaman tələb olunan xərclər ancaq təchizatçının üzərinə düşür”.
Qaydalara əməl olunmur
Normativ sənədlərdən öyrənə bildik ki, yeni sayğaclar əhalinin mənzilindən və qeyri əhalinin obyektindən kənarda qoyulduğu halda sındırıldıqda, yaxud nasazlıq nəticəsində sıradan çıxdıqda onun yenisi ilə əvəz olunması ilə bağlı xərclər enerji təchizatçısının üzərinə düşür. Təchizatçı enerji verilişində gərginliyin artması və ya azalması nəticəsində ev və ya obyekt sahiblərinə dəyən ziyanın məbləğini də ödəməyə borcludur. Elektrik qurğularına dövlət nəzarətini isə Sənaye və Energetika Nazirliyinin Dövlət Enerjinəzarət İdarəsi həyata keçirir.
Amma qanunda və qaydalarda yazılanlar real həyatda əksini tapmır. “Enerji idarəsinin işçiləri deyirlər ki, sayğac mənzildən kənarda qoyulsa da onun qorunmasına cavabdeh evin sahibidir. İndi mən işimi-gücümü atıb, sayğacın yanındamı durmalıyam?”-şəhər sakini Elxan Bayramov belə deyir. Almaz Alməmmədova isə bağ evindəki sayğacın nasazlığından gileylidir: “Sayğac qoyulandan az sonra üzərindəki göstəricilər yoxa çıxıb. İki ildir ki, ərizə vermişəm, gəlin, bunu açın, başqasını gətirin. Amma mənə deyirlər ki, onda yeni sayğacın pulunu ödəməlisən”.
Bazar qiymətindən bir neçə dəfə baha
Təəssüf ki, “Azərenerji” sayğaclarla bağlı ictimaiyyət üçün maraq kəsb edən informasiyaları bölüşməkdə maraqlı deyil. Sənaye və Energetika Nazirliyi isə bu günədək susur.
…İnternetdə uzun-uzadı axtarışdan sonra Çində hazırlanan, Mərkəzi və Cənubi Amerika, Asiya və Afrika ölkələrinə ixrac olunan smart kart tipli enerji sayğaclarının DXS26, DDS26, DDS268, DDSF36, DDSYF23, DTS27, DTSY23 markalı modelləri ilə tanış ola bildik. Hətta DDSYF23 markalı sayğacın Rusiya bazarlarında 70-100 ABŞ dollarına topdan satıldığını da öyrəndik. Bu qənaətə gəldik ki, mövcud sayğacların yeni təklif olunan sayğaclarla, özü də bazar qiymətindən bir neçə dəfə baha qiymətə əvəz edilməsi zaman milyonlarla vəsait mənimsənilir. Yəqin ki, bizim araşdırmamızı hüquq-mühafizə orqanları davam etdirəcəklər.
Fərman Nəbiyev
Yazı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun jurnalist araşdırmaları ilə bağlı müsabiqəsinə təqdim edilib.
Şərhlər bağlıdır.