Misri qılınclar Mingəçevirdə
Böyükkişi Adilbəyli: “Bu xəncərlərə, qılınclara baxanda adam qürur hissi keçirir”
Iyunun 8-də Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir Nümayəndəliyinin təşkilatçılığı ilə Mingəçevirdəki Heydər Əliyev Mərkəzində “Ulu Gəncənin sənət inciləri” adlı yaradıcılıq sərgisi açılıb. Sərgidə bədii metalişləmə mütəxəssisi, Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərov, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Camaləddin Rüstəmov və ağac oyma ustası, Azərbaycanın Əməkdar rəssamı Saləddin Məhərrəmovun əl işləri nümayiş olunur. İki gün davam edəcək sərgidə Mingəçevir ictimaiyyəti və şəhərin qonaqları sənətkar təfəkkürlərinin məhsulları ilə tanış olub, onlar haqqında məlumat əldə edirlər.
Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyli sərgini açaraq, deyib ki, bu rəssamlar Gəncə şəhərində yaşayıb-yaradırlar. Onların Bakıda və xarici ölkələrdə sərgiləri keçirilib. Əsərləri isə Gəncə Dövlət Rəsm Qalereyasında nümayiş olunur: “Bu xəncərlərə, qılınclara baxanda adam qürur hissi keçirir. İgidlik bizim millətin genində, qanındadır”.
Sərgidə zəngin eksponatları ilə təmsil olunan rəssam Mübariz Əkbərov hazırladığı müxtəlif ornamentli gümüş kəmərlər, xəncərlər, qəlyanlar, qadın bəzək əşyaları və qılıncların tarixçələri haqqında ətraflı danışıb. Bildirib ki, onun əsərləri Türkiyə, Danimarka, İngiltərə, Rusiya və Almaniyada yüksək səviyyədə qarşılanıb: “Bədii metal da rəssamlığın bir növüdür”-deyən rəssamın hazırladığı qılınclardan biri Ermitajda saxlanılır: “Bəzən deyirlər ki, düz qılınclar avropalılara və ya ruslara aiddir. Bu belə deyil. Bunlar Azərbaycana aiddir. Çünki Babəkin dövründə hamı belə düz qılınclarla vuruşub”.
“Dünyanın ən yaxşı və ən bahalı qılıncı Azərbaycan sənətkarlarının əməyinin məhsuludur”,- deyib Mübariz Əkbərov: “Ulu öndər Heydər Əliyev mənə dedi ki, sən “Zülfüqar qılıncı”nı hazırlaya bilərsənmi? O zaman mənim təcrübəm az idi. Bu sualının cavabı olaraq 20 ildən sonra poladdan “Zülfüqar qılıncı”nı düzəltdim. Qılıncın özəlliyi ondadır ki, uc hissəsi iki yerə bölünür. Poladı isə iki yerə bölmək çox çətindir”. Hər bir nümunənin üzərində 5-11 ay işləyən rəssam Cavad Xana həsr etdiyi xəncərin 6 aya ərsəyə gəldiyini deyib.
Böyükkişi Adilbəyli rəssam Saləddin Məhərrəmovun əsərlərinə də diqqəti yönəldib. Onun fikrincə, ağacı kəsən adam ağacın dəyərini hiss edə bilməz: “Çünki o, ağacı əkməyib və ona yanacaq kimi baxır. Saləddin Məhərrəmov isə ağaca ikinci həyat verib. Onun özünün dəsti-xətti var. Rəssam qoz, çinar, fistıq və cökə ağaclarından belə böyük əsərlər yaradıb və tamaşaçıya gətirib”.
Saləddin Məhərrəmov isə əsərlərinin bəzilərinin mücərrəd mövzuda olduğunu deyib: “Mənim fikrimcə, Azərbaycan tamaşaçısı hələ mücərrəd işlərə tam hazır deyil. İş onda dəyərli olur ki, tamaşaçı əsərə baxanda düşünür, fikrimi tapa bilir. Məqsədim də onu düşündürməkdir. Hər əsər böyük bir hekayədir. Mənim əl işlərimi muğamata yaxşı qulaq asmağı bacaran, muğamı, simfoniyanı duyan adam daha aydın anlayır. Açarı odur. Çünki mən bunları simfonik musiqi və muğamla işləyirəm”.
Rəssam “Bağman” adlandırdığı abstrakt təfəkkürlü əsərində ailə modelini təsvir etdiyini həvəslə izah edib: “Bu fəlsəfədir. Əslində hər ikisi-arvad və kişi ailə başçısıdır. Bu narlar isə onların bəhrələri olan uşaqlarıdır. Əgər onlardan biri olmazsa ailə bağı zəifləyər. Burda təsvir etdiyim göz isə hər ikisinə aiddir. O gözdə vəhdəd, birlik var”.
Sərgidə heykəltaraş Camaləddin Rüstəmovun da Şah ismayıl Xətai, Şeyx Bahiəddin, Nuru Paşanın heykəlləri və digər əsərləri maraq doğurub.
Uzun illər təhsil sektorunda çalışmış, hazırda təqaüddə olan Validə Əlizadə sərgi haqqında təəssüratını bizimlə bölüşüb: “Belə istedadlı adamları xaricilərdən əvvəl öz xalqımız tanımalıdır. Onların əsərləri Azərbaycanındır. Bu sərginin keçirilməsi Mingəçevir ictimaiyyəti üçün önəmlidir”.
Mingəçevir İcra Hakimiyyərinin başçısı İlham İsmayılov sərgiyə baxıb və rəssamlara uğurlar diləyib.
Tədbir boyu mədəniyyət işçilərinin ifalarında həzin melodiyalar səslənib. Tamaşaçılar çay süfrəsi ətrafında fikirlərini, təəsüratlarını bölüşüblər. Sonda xatirə şəkilləri çəkilib.
P.S. Heydər Əliyev Mərkəzinin salonuna daxil olanda bir anlığa özümü dünyanın tanınmış sərgi salonlarının birində hiss etdim. Zəngin eksponatlarla dolu işıqlı zal göz oxşadı. Əsərlərin zövqlə yerləşdirilməsi, növbəliliyi onun arxasında dayanan məsuliyyətin, həyəcanın göstəricisi idi. Mövcud məkanın standartlara cavab verən salonları imkan verir ki, vaxtaşırı burada sərgi və konsert proqramları təşkil olunsun. Ulu öndərin adını daşıyan bu məkanın qapıları həmişə onu sevənlərin üzünə açıq olmalıdır.
Ümid edirəm ki, yaxın zamanda Mingəçevir Dövlət Rəsm Qalereyası da təmir olunacaq.
Şərhlər bağlıdır.