Mingəçevirlilər tullantıları necə idarə edirlər?
Nə etməli ki, məişət tullantıları həyatımızı zəhərləməsin, əksinə bizə fayda versin? Son illərdə ölkəmizdə ciddi müzakirə edilən bu problemin həlli məqsədilə bir ay əvvəl Mingəçevirdə kağız və plastik qabların qəbulu məntəqəsi yaradılıb. Şəhərin müxtəlif yerlərində “Təbiəti qoruyaq” adlı maarifləndirici lövhələr qoyulub.
İqtisadi İinkişaf Nazirliyinin xətti ilə Yaşıllaşdırma və Sanitar İdarəsinin nəzdində belə məntəqənin açılması ekologiyanın təmizlənməsinə, məişət tullantılarının gəlir mənbəyinə çevrilməsinə şərait yaradacaq. Yaponiya istehsalı olan prestləmə aparatı komüter sistemi ilə işləyir. İki saat ərzində hər biri 600 kq olmaqla 3 pres hazırlanır. Daha sonra preslər qaldırıcı kran vasitəsi ilə yuk maşınlarına yığılaraq, Bakı şəhərinə, təkrar emal üçün göndərilir.
Məntəqənin rəhbəri Teyyub Məmmədovun dediyinə görə, tulantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir: “Bu, təbii resruslardan təkrar istifadəni minuuma endirir. Tullantılar müxtəlif kateqoriyalar üzrə təsnif olunur. Məsələn, istehsal (sənaye) və istehlak (kommunal-məişət) tullantıları. Təkrar istifadəyə yararlı tullantılara biotullantılar, polietilen, karton, metal, şüşə, kağız və s. daxildir. Biotullantılara əsasən qida qalıqları, quru və xarab olmuş məhsullar, meyvə və tərəvəzlərin qabıqları aiddir. Maklaturaya isə qəzet və jurnallar, ofis kağızları, yumşaq cildli kitablar və s. daxildir”.
Hələ ki, şəhərin məişət tullantıları daşınaraq zibil poliqonlarına aparılır və oradan təkrar istifadəyə yararlı tullantılar çeşidlənərək məntəqəyə gətirilir. Bununla xüsusi işə ehtiyacı olan insanlar məşğul olurlar. Tullantıların kiloqramı 0.2 qəpikdən hesablanaraq götürülür. Nəticədə ehtiyacı olan insanlar bu imkanlardan yararlanır, həm də təbiətə dəyən ziyan aradan qaldırılır.
Teyyub müəllimin dediyinə görə, bu cür tədbirlər tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq üçün vacibdir. Yeri gəlmişkən, artıq küçələrdə, həyətlərin qarşısında tullantılara az rast gəlinir. Bu gün yerli əhali onları toplamaqda maraqlıdır. Həmin səbəbdən də son günlər binaların qarşısında qalaq-qalaq zibilin toplanması və yandırılmasının şahidi olmuruq.
Şərhlər bağlıdır.