Mingəçevirlilər öz binalarını özləri idarə etmək istəyirlərmi?
Bu aydan “Mingəçevir Valideynlər Assosiasiyasi” (MVA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği”nə başlayıb. Layihə çərçivəsində ilk seminar mayın 13-də Mingəçevir Media Mərkəzində (MMM), mayın 14 və 15-də isə şəhərin Y.Mənsurov və 20 Yanvar küçələrindəki mağarlarda təşkil olunub.
Layihə rəhbəri, MVA İB-nın prezidenti Fərman Nəbiyev bildirib ki, may ayının 10-dan layihəyə start verilib: “Biz benefisiarlarımızın xahişini nəzərə alaraq, seminarları həftə sonu, şənbə və bazar günləri MMM-də və həyətlərdəki mağarlarda təşkil edirik. Çünki bu layihədə maraqlı və aktiv şəxslərin əksəriyyəti müxtəlif sahələrdə çalışır və onlar istirahət günlərində seminarlara qatılmaq arzusundadırlar. Birinci mərhələdə 10 seminar nəzərdə tutulub. Bundan sonra 1 məhəllədə binaların idarəedilməyə verilməsi ilə bağlı yığıncaq, aktiv insanların iştirakilə ümumşəhər toplantısı keçiriləcək, qazanılmış təcrübə yerli TV vasitəsiə yayılacaq. Bununla da yerli insanların yaşadıqları binaların idarəedilməsinə həvəsi artırılacaq. Layihənin icrası digər rayonlardakı bələdiyyələr və məhəllə komitələri üçün təcrübə qazanmaq imkanı yaradacaq. Bu işdə bizə Mingəçevir Bələdiyyəsi kömək edir”.
Layihənin eksperti, Mingəçevir Bələdiyyəsinin üzvü və “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı mənzil hüquqları və onun əsasları, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarəetmə üsulunu seçməsi, mənzil-tikinti kooperativləri üzvlərinin hüquqları, çoxmənzilli binanın yalnız bir idarəedici təşkilat tərəfindən idarə olunması, onun saxlanma xərcləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üstünlükləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. O, dövlətin bu məsələdə maraqlı olduğunu deyib: “Dövlət öz yükünü yüngülləşdirmək üçün binaları əsaslı təmir etdirib, əhalinin idarəsinə verəcək. Yəni əhali binaların idarəsini öz üzərinə götürməlidir. Başqa ölkələrdə, son vaxtlar isə Bakının Binəqədi rayonunda bu idarə üsulu tətbiq olunur. Mənzillərin mülkiyyətçilərin müştərək müəssisəsi tərəfindən idarə olunması 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsinin tələbindən irəli gəlir”.
Z.Qasımlı izah edib ki, binadakı sahə mülkiyyətçilərinin 50 faizdən yuxarı hissəsi toplaşıb, qərar qəbul edir: “İclas müəyyən edir ki, əmlak (binanın sahəsi, lift, pilləkənlər, ərazidəki özəl baxça, qaraj, mağaza və s.) nədən ibarətdir. Onlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) yaratmaqla, idarəetmə səlahiyyətlərini ona verirlər. Həmin cəmiyyət hüquqi şəxs olur, nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Onun fəaliyyətinə sahə mülkiyyətçiləri nəzarət edirlər”.
Ekspert onu da deyib ki, əhali 6 ay müddətində qanunla nəzərdə tutulan idarəetmə formalarından birini seçməzsə, onda bələdiyyənin təklifiylə açıq müsabiqə elan olunur, müsabiqəyə qatılan qurumlar arasından idarəedici təşkilat seçilir”.
Zahid Qasımlı bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisi, onun hesablanması və ödənməsi qaydaları, əmlak vergisi ödənməsinin çoxmənzilli binaların saxlanmasında əhəmiyyəti ilə bağlı məsələlərə də aydınlıq gətirib: “2001-ci ildən bu vergi toplanır, sadəcə onun yığılma mexanizmi tam işlənməmişdi. Nazirlər Kabineti 2015-ci il yanvarın 1-dən mənzillərdə əmlak vergisi toplanmasının yeni metodunu tətbiq edib. Əmlak vergisi yaşayış və qeyri-yaşayış sahələrinin hər kv. metrinə görə bildiriş əsasında bələdiyyə büdcəsinə ödənilir. Amma ödənən vəsait dolayı yolla məhəllələrə qayıdır. Bələdiyyə əmlak vergisini tam ödəyən binaların xeyir-şər magarlarını təmir etdirir, məhlədə quruculuq işlərinə pul ayırır”.
Yadigar Mənsurov küçəsindəki 14 saylı binanın sakini Çingiz Nəzərov mənzillərin idarə olunmasında problemlərin olacağını düşündüyünü deyib: “Məndən soruşsalar, burda cəmiyyətin yaradılmasının əleyhinə səs verərdim. Çünki bu işin alınacağına inanmıram. Bunun təşkili yaxşı işdir. Lakin bunun sonrası bizi aldadacaq. Fikir yürüdülür ki, bina öz hesabımıza keçəndə yaxşı olacaq. Cəmiyyətdə işləyən adam məvacib almalıdır. Bizim binada 60 nəfər yaşayır. Onlar kommunal xidmət haqlarını poçta yox, orda işləyən adama verəcəklər. Ödəniş olandan sonra yerdə qalan pul maaş kimi bölünməlidir. Bizdə minimal maaş 145 manatdır və orda işləyən adam bundan aşağı məvacib alanda işləməyəcək”.
Digər sakinlər isə cəmiyyətin yaradılmasının və binaların idarə olunmasında fəal iştirakın zəruriliyindən danışıblar. “Bizə bu yeni metodun düzgün planlaşdırılması lazımdı. Neçə ildir bu binada yaşayırıq, bir dəfə də olsun giriş dəhlizlərinin, dam örtüklərinin təmirini görməmişik. Nə su borularının təmizlənməsi, istilik sisteminin çəkilməsi, nə də ərazinin təmizlənməsində MİS-in fəaliyyəti görünməyib. Nə etmişiksə, öz gücümüzlə etmişik. Bundan sonra da edəcəyik. Biz bu mağarı tikəndə bəziləri ağız büzürdülər, heç yaxına da gəlmirdilər. Amma onlar da bu mağardan xeyir-şər tədbirlərində ustifadə edirlər”- Teymur Kərimov belə deyib. “Nur” Məhəllə komitəsinin sədri Hicran Məmmədova isə problemi qiymətləndirməyi, təməli qoyulmuş bu xeyirxah işin alınması üçün birlikdə cəhd etməyi tövsiyə edib: “Dövlət binanı təmir edib bizim idarəçiliyimizə verəcəksə, gərək biz də onu qoruyaq. Əksəriyyət bunun marağındadır.”.
20 yanvar küçəsindəki 12 saylı binanın sakini Çingiz İsmayılovun dediyinə görə, yeni idarəetmə prinsipi gözəldir, onu reallığa çevirmək isə bir qədər çətindir: “Rusiyada binaların qorunması, təmizlənməsi, isidiliməsi, məhəllələrin işıqlandırılması yüksək səviyyədədi. Orda bu sistem çoxdan tətbiq olunub. Düşünürəm ki, tədricən biz də bu sistemə keçsək, binalarımızı öz mənzilimiz kimi qoruya bilərik”.
Şərhlər bağlıdır.