Mingəçevirli tələbələr Xocalı qurbanlarını andılar
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mingəçevir Politexnik İnstitutunun “Debat” mərkəzinin sədr müavini, 252b saylı qrupun tələbəsi Ayaz Yusifzadə tədbiri açıq elan edib. O, bildirib ki, Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki erməni terrorçu-separatçı dəstələri ilə, Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək təkcə azərbaycanlılara qarşı deyil, bütün türk-müsəlman dünyasına, bəşəriyyətə və insanlığa qarşı müdhiş bir cinayəti – Xocalı soyqırımını törədiblər. Bir günün içində 613 soydaşımız soyqırımının qurbanı olub. Vəhşiliklə qətlə yetirilənlərin içində 63 uşaq, 106 qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfəri isə itkin düşüb”.
“Humanitar fənlər” kafedrasının baş müəllimi İlham Məmmədov Xocalının tarixi köklərindən, erməni xislətindən, onların xalqımızın başına gətirdikləri müsibət dolu faktlardan bəhs edib. O, bildirilib ki, bu, yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş vandalizmdir. Xocalı faciəsinə ilk dəfə hüquqi qiymət Heydər Əliyev tərəfindən verilib və məhz onun təşəbbüsündən sonra faciə beynəlxalq miqyasda tanınmağa başlanıb. Prezident İlham Əliyevin də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladığını qeyd edib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Tələbələr adından çıxış edən “Debat” mərkəzinin fəal üzvü, 263b saylı qrupun tələbəsi Kamran Əliyev Xocalı faciəsinin səbəbləri, fevralın 25-dən 26-na keçən gecə şəhərdə baş verən hadisələr, dinc əhalinin başına gətirilən müsibətlər barədə ətraflı məlumat verib. Cıxışının sonunda K.Əliyev Azərbaycan xalqının yaddaşından Xocalı soyqırımının heç vaxt silinməyəcəyini qeyd edib: “Azərbaycan xalqı ermənilərin insanlığa nifrət siyasəti ilə heç zaman barışmayacaq, güclü, cəsur, yüksək mənəviyyatlı və əqidəli Azərbaycan əsgəri torpaqlarımızı mənfur işğalçılardan təmizləyəcək. Tarixi ədalət bərpa olunacaq. Gənclər Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaq, bu yolda Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev cənablarına daim dəstək olacaqlar”.
Tədbirin sonunda Xocalı faciəsini əks etdirən “Xoca” bədii filmi nümayiş etdirilib.
Tədbir MPİ-nin “Humanitar fənlər” kafedrasının rəhbərliyi və təşkilati dəstəyi, institut “Debat” mərkəzinin iştirakı ilə keçirilib. Tədbirdə tələbələrlə yanaşı institutun rektoru Akif Hacıyev, professor və müəllim heyəti iştirak edib.
Şərhlər bağlıdır.