Mingəçevirli alimin yeni monoqrafiyası elmi şurada bəyənilib
Bu günlərdə Sahib Əliyevin yeni monoqrafiyası işıq üzü görüb. Kitab Mingəçevir Politexnik İnstitutunun elmi şurasında bəyənilib və çapı məsləhət görülüb. Burada pedaqoji təmayüllü ali məktəblərdə tədris olunan ictimai fənlər arasında əlaqənin yolları və imkanları araşdırılır. Bu zaman maraqlı elmi nəticələrə gəlinir və bu əlaqələr konkret faktlar əsasında ortaya qoyulur.
Buna bir səbəb də respublikamızın müstəqillik əldə etməsindən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü dəyişikliklərin aparılmasına başlanılmasıdır. Təhsilin ayrı-ayrı pillələrinə verilən tələblər, təhsilin demokratik və humanitar yöndə yenilənməsi, şəxsiyyətin yetişdirilməsi kitabın ideya istiqamətini müəyyən edən amillərdəndir. Burada milli dəyərlərin qiymətləndirilməsi araşdırılıb, maraqlı nəticələrə gəlinib. Müəllif bu zaman keçmiş sovet respublikalarındakı araşdırmaçıların elmi fikirlərinə nəzər yetirib və bunu Azərbaycan elmi konteksində ümumiləşdirib.
S.Əliyevin elmi mülahizələrində həmçinin Azərbaycan pedaqoqlarının fikirləri də mühüm yer alıb. Müəllif fənlərarası əlaqələrin müasir tədris prosesində tələbələrin elmi biliklərinin zənginləşməsinə təsirini xüsusi qeyd edib. Qədim Azərbaycan ədəbiyyatından tutmuş bugünkü filosoflarımızın elmi araşdırmalarına dair müqayisəli təhlillər verib. O, müstəqillik illərində ali məktəblərdə tədris olunan sosiologiya, politologiya kimi fənlərin ali məktəblərdə yer almasını təqdir edib və fəlsəfə, tarix, fənnləri ilə əlaqələrini tədqiqat mövzusuna çevirib. Bu zaman elmi araşdırmaların fənlərarası tədrisi yolları göstərilib.
Monoqrafiya iki fəsildən ibarətdir. Birinci fəsildə pedaqoji təmayüllü ali məktəblərdə ictimai fənnlərin əlaqəli tədrisinin pedoqoji və psixoloji yönümdən araşdırılması mühüm yer tutub və ali məktəb təcrübəsinin öyrənilməsi və təhlili yolları göstərilib. Əlaqəli tədrisin pedaqoji-psixoloji əsasları konkret faktlarla diqqətə çatdırılıb. İkinci fəsildə isə ictimai fənlərin əlaqəli tədrisinin imkanları və yolları göstərilib. Müəllif Azərbaycan ədəbiyyatının qədim nümunələrindən tutmuş Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalı insanların ideyalarının bugünkü cəmiyyətimizdə rolundan bəhs edib, onların fəlsəfi görüşlərini şərh edib. Bu zaman Şərq və Qərb dünyası arasındakı inteqrasiyanın sürətləndirilməsinin vacibliyini irəli sürüb. Alim mühazirə və seminar məşğələlərində müasir təlim metodlarından istifadə etməyin fənlərarası əlaqəsini şərh edib.
Sahib Əliyev bizimlə müsahibəsində bildirdi ki, müstəqil dövlətimizin inkişafında gənc nəslin yetişdirilməsində elmi araşdırmaların, yeniliyin tətbiqi mühüm şərtdir: “Biz müstəqil dövlətimizin gənc qurucularının kamilləşməsində müstəsna rol oynamalıyıq. Çünki onlar bizim gələcəyimizdir, müstəqil dövlətimizin sütunlarıdır”.
Sahib Əliyev tarix üzrə ali təhsil alıb. 1992-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci ali təhsil alıb (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası). Politoloq ixtisasına yiyələnən S. Əliyev Azərbaycan Təhsil Problemləri İnstitutunun dissertantı olub və 2008-ci ildə “Pedaqoji təmayüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisinin imkanları və yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Onun tarix fənninin proqramı, şagirdlərdə özünənəzarət fəaliyyətinin stimullaşdırılması adlı metodik tövsiyəsi və 13 elmi məqaləsi nəşr olunub. O, uzun illər Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında baş müəllim işləyib. 2008-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri işləyib. 2012-ci ildən isə aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır, eyni zamanda pedaqoji fəaliyyətini davam etdirir.
Şərhlər bağlıdır.