Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin ərazisi niyə vaxtaşırı su basqınına məruz qalır?

“Biz Bozdağın  ətəyində, Xaldan şosesi ətrafında, Sağ sahildə,   İES bağçılığında və Gəncə yolu ətrafında 338 ha ərazidə 3006 bağ evində məskunlaşmış 9528 nəfər əhaliyə xidmət edirik. 649 ailənin 2116 nəfəri qaçqın və köçkündür. Bağlar ərazisindən keçən yollar 40 km-ə yaxındır. Onun 8 km-i 10 küçədən ibarət “Günəşli” fərdi yaşayış sahəsinin  payına düşür. Şəhərin 58 müəssisə və təşkilatlar tərəfindən işçilərinə verilmiş şəxslərin sayı və ərazisini  qısa müddət ərzində dəqiqləşdirmişik. Lakin problemlər çoxdur. Dəfələrlə müvafiq orqanlar qarşısında həlli vacib və təxirəsalınmaz məsələlər barədə təşəbbüs qaldırılsa da….Ən vacibi əhalinin pasport qeydiyyatı məsələsidir. Digər məsələ şəhərin qanuni ərazisinin qonşu rayon tərəfindən zəbt olunmasıdır. Bunlar dəfələrlə müvafiq orqanlar qarşısında qaldırılıb”.

Bu fikirləri Mİngəçevir şəhər İcra Hakimiyyətinin 2 saylı sahə İnzibati Ərazi dairəsinin hesabat yığıncağında  Fərdi Yaşayış Sahələrinə Xidmət İdarəsi MMC-nin rəisi Fərdi Yaşayış Sahələrinə Xidmət İdarəsinin rəisi Eyyub Rəşidov səsləndirib. O, diqqəti sel-mühafizə kanalının vəziyyətinə də yönəldib: “Şəhərin 14 km uzunluğunda sel suları mühafizə kanalı Bozdağ ətəyi bağ təsərrüfatlarının içərisindən keçir. Bu kanal müntəzəm olaraq  və lazımi qaydada təmizlənmədiyindən bağ təsərrüfatları və şəhər ərazisi su basqınına məruz qalır.  Bozdağın hansı yarğanına intensiv yağışların düşməsi həmin bağ və şəhər ərazisinin taleyini həll edir. Etimad göstəriləcəyi və maliyyə vəsaiti ayrıldığı təqdirdə bu məsələni,  tam da olmasa, həll etmək iqtidarındayıq”.

Yığıncaqda Mİngəçevir şəhər İcra Hakimiyyətinin 2 saylı sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Faiq Mustafayev 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat verib. O deyib ki, nümayəndəliyin ötən ildəki fəaliyyəti üçün şəhər İcra Hakimiyyəti tərəfindən 39846 manat vəsait ayrılıb və təyinatı üzrə xərclənib. Heç bir təşkilata debitor və kreditor borc yaranmayıb. Vətəndaşlar tərəfindən edilən müraciətlərlə bağlı müxtəlif qurumlarla, o cümlədən  şəhər bələdiyyəsi ilə əlaqə saxlanı, onların köməyindən istifadə edilib.

F.Mustafayev həllini tapmayan problemlərdən də danışıb: “Kifayət qədər zibil qabları qoyulmasına baxmayaraq, məhəllələrdə hələ də zibilin yerə tökülməsi halları baş verir. Zibillərin vaxtlı-vaxtında daşınmamasından, enerji fasilələrindən də  yaşayışçılar narazılıq edir. Havada yüngül bir dəyişiklik olan kimi, külək əsən kimi işıqlar sönür. İl ərzində 21 halda elektrik enerjisi verilişində fasilələrə yol verilib”.

Məhəllə komitəsinin sədri Qurban Vahidov, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev hesabat məruzəsi ətrafında  maraqlı fikirlərini bölüşüblər  Şəhər İşıqlandırma İdarəsinin rəisi Rafiq Əsgərov Samux və Natəvan küçələrinin  işıq sisteminin bərpa olunduğunu nəzərə çatdırıb, bu işlərin davam etdirildiyini deyib: “Baxmayaraq ki, şəhərimiz nur şəhəridir, hələ də işıqlanmayan ərazilər çoxdur. Dilarə Əliyeva və başqa küçələrin də işıqlandırılmasına ehtiyac var”.  Digər çıxışlarda Tərəvəzçilik sovxozunun ərazisindən keçən suyun kol-kosla dolması və bunun əkin işlərinin aparılmasına maneçilik yaratması, doğum evindən qəsəbəyə gedən yolun bərbad vəziyyətdə olması, ərazidə uşaq bağçasının açılmasına ehtiyac duyulması barədə danışılıb.

Mingəçevir İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov şəhərdə il ərzində abadlıq-quruculuq işlərinin aparıldığını, binaların dam örtüklərinin yeniləndiyini, yeni bağçaların tikildiyini, məktəblərdə əsaslı təmir işlərinin aparıldığını, 594 məcburi köçkün ailəsinin evlə təmin olduğunu nəzərə çatdırıb: “Hesab edirəm ki, bu işlər yetərli deyil. Vətəndaşlarla görüşlər keçirilməlidir, onların problemləri öyrənilməlidir. İnsanları narahat edən məsələlər operativ halda həllini tapmalıdır”.

Nümayəndəliyin fəaliyyətini qənaətbəxş hesab edilib.

Şərhlər bağlıdır.