Mingəçevirdə içməli su xətlərinin yenidən bərpasından sonra son illər şəhərdə yaşıllığın suvarılmasında narahatlıq yaşanırdı. Amma problem artıq həllini tapıb. Bu barədə Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov martın 28-də sakinlərlə növbəti səyyar görüşündə məlumat verib. Görüş şəhərin 20 Yanvar küçəsi 18, 19 və 20 ünvanlarındakı hündürmərtəbəli binaların qarşısında baş tutub. Sakinlər şəhərdə aparılan quruculuq-abadlıq işlərinə görə minnətdarlıqlarını bildirib, eyni zamanda problemlərini qabardıblar. Onlar dam örtüyünün dəyişdirilməsinə, istilik sisteminin bərpasına ehtiyacdan, ərazidəki yarımçıq tikilidən, pilləkən qəfəslərinin təmirsizliyindən şikayətləniblər.
Başçı bildirib ki, Mingəçevirdə 465 hündürmərtəbəli bina var. Onlardan yalnız 74-nün dam örtüyü dəyişdirilməmiş qalıb. Bununla bağlı vəsait ayrılması üçün müraciət olunub. Yaxın vaxtlarda bu binalarda da təmir işləri aparılıcaq.
İstilik sistemi və digər məsələlərlə bağlı müraciətə aydınlıq gətirən icra başçısı vurğulayıb ki, şəhərdəki 19 qazanxanadan 2–si təmir edilib, qalan 17 qazanxananın bərpası üçün danışıqlar aparılır. Son üç ayda şəhərin 10 məhəlləsində abadlıq-quruculuq işləri aparılıb. Hazırda Naxçıvan küçəsindəki 42, Yadigar Mənsurov küçəsindəki 11, 13 və 15 nömrəli ünvanlarda da yenidənqurma işləri həyata keçirilir. Bu məhəllədə insanların məmnunluğunu təmin etmək üçün yaşıllıqlar salınır, oturacaqlar qoyulur və idman-əyləncə qurğuları quraşdırılır, dəhlizlər əsaslı təmir olunur, eyni zamanda binaların fasadlarına əl gəzdirilir.
Şərhlər bağlıdır.