“Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Mingəçevir məktəbliləri Lənkaran, Masallı və Astara rayonlarını daha yaxından tanıyacaqlar.
Tur-aksiyada iştirak edəcək şagirdlər əvvəlcə Mingəçevirdəki Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Onlarla görüşən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır: “Bu maarifləndirici tur-aksiya da məhz bu amala xidmət edir”.
Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı, aksiya zamanı keçiriləcək intellektual oyunlarda fəal iştirak etməyi tövsiyə edib və mənalı istirahət arzulayıb.
Valideyn Vüsalə Səfərəliyeva deyib ki, 8-ci sinifdə təhsil alan övladının bu aksiyaya qoşulmasından çox məmnundur.
Tədbirdə Mingəçevir Uşaq Gənclər İnkişaf mərkəzinin üzvləri şeirlər söyləyib, ,şən rəqslər nümayiş etdiriblər.
40 Mingəçevir məktəblisi noyabr ayının 18-də ölkəmizin cənub bölgəsi olan Lənkaran, Astara və Masallıya yola düşüb.
Şərhlər bağlıdır.