Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə şəhər günündə unudulmaz anlar yaşandı

Bayramlar ayı olan noyabrda mingəçevirlilər şəhər gününün sevincini də yaşadılar. Noyabrın 11-də Mingəçevirin 73 yaşı iki nümunəvi məhəllənin açılışı və digər maraqlı tədbirlərlə yadda qaldı. Amma narahatlıq doğuran məsələlər də unudulmadı

Noyabrın 11-də səhər tezdən yağan narın yağış  bayram libası geyinən Mingəçevirin küçələrinə ciyər dolusu udmaq istədiyimiz hava və təmizliyi gətirdi. Və bu damcıların altında  şəhərin ilk qurucularından bir qrupu (pandemiya səbəbindən əksəriyyətin toplaşması mümkün deyildi) Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra bir araya gəldi. Yerli İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onlarla görüşdü, görülən və planlaşdırılan işlər barədə həvəslə məlumat verdi: “İlin əvvəlindən bəri  30 küçə asfaltlanıb, 9 məhəllədə işıqlanma sistemi qurulub, 50-yə yaxın binanın fasadı və dam örtüyü yenilənib. Şəhərdə yeni iş yerlərinin açılması məqsədilə keçmiş Azsantexquraşdırma idarəsi və Regenerat zavodunun ərazisində yeni müəssisələrin açılması üçün iş adamları ilə razılıq əldə olunub. Nizami parkında ərazinin bir hissəsi əvvəlki illərdə fərdi şəxsə verildyindən iş başa çatdıra bilməsək də, artıq dövlət orqanları səviyyəsində məsələnin həllinə çalışırıq”.

Yazıçı-publisist Pənah Qurbanov son kitablarını başçıya təqdim etdi. İcra Hakimiyyəti başçısı da ona və digər quruculara bayram hədiyyələrini verdi, sonra isə hamını şəhərin ad günü ərəfəsində görülən işlərlə yerində tanış olmağa dəvət etdi.

Gəzinti iştirakçıları qərb istiqamətində Mingəçevirin giriş qapılarının müasir formada yenidən qurulduğunu, Abdulla Şaiq və Şah İsmayıl Xətai küçələrində nümunəvi məhəllələr salındığını müşahidə etdilər. Məhəllələrdə yeni ağaclar əkilmiş, söhbətgahlar quraşdırılmış, oturacaqlar qoyulmuş, binaların fasadları rənglənmişdi.

Gəzinti zamanı qurucular Sahil parkının ərazisində  aparılan işlərlə də tanış oldular, Kür çayında avarçəkənlərin təlim-məşq prosesini izlədilər. Başçı polis rəisinin diqqətinə çatdırdı ki, ötən il bu ərazidə bir qrup şəxs qanunsuz sahibkarlıqla məşğul olaraq, əhalinin istirahətini pozub, eyni zamanda kiçik qayıq və gəmi sahibləri sahil boyunca yöndəmsiz “limanlar” quraraq, parkı əcaib vəziyyətə salıblar. Polis rəisi Ədalət Əliyev quruculara bildirdi ki, yaxın günlərdə müvafiq tədbirlər görüləcək.

Şərhlər bağlıdır.